Məhkəmə qərarları › İş №2(103)-6756/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6756/2024

18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6756/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X11 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(002)-3122/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Qaradağ Rayon Məhkəməsinin 2(002)-706/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuş, tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh xx.xx.2020-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. 2.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-371/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 706/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay bir görə 193 manat olmaqla ,cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 3.Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 adı övladlarının saxlanılması üçün aliment miqdarı artırılaraq bir uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat alimentin cavabdehdən tutulub mənə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci ildə nikaha girmiş, Qaradağ Rayon Məhkəməsinin 2(002)-706/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 adı övladları dünyaya gəlmişdir. Uşaqlar məhkəmə qərarı ilə iddiaçının yanında saxlanılmış, sonuncu dəfə Qaradağ Rayon Məhkəməsinin 2(002)-371/2023 saylı xx.xx.2023-cü il tarxili qərarı ilə bir uşağa 193 manat olmaqla, cəmi 386 manat aliment təyin edilmişdir. Qeyd edir ki, 193 manat aliment uşağın saxlanılması üçün bəs etmir və cavabdehdə alimentdən başqa uşaqlarına heç bir yardım göstərmir. Uşaqlar böyüdükcə ehtiyacları da artır. 6.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 09 oktyabr 2024-cü il tarixli, 2(002)-3122/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Qamət Əbilov) iddianın təmin edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-371/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi və alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. 7.Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, o, tələbkar İddiaçı ilə 2(002)-706/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə boşanmışdır. Bu nikahdan onların 2 övladı var. Sonuncu dəfə Qaradağ Rayon Məhkəməsinin 2(002)-371/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə 1 uşağa 193 manat olmaqla, cəmi 386 manat aliment təyin edilmişdir. O, 386 manat alimenti ödəməkdə xeyli çətinlik çəkir. Bu səbəbdən qarşı tərəfə dəfələrlə aliment borcu yaranıb və icra məmuru onu həbs etdirəcəyini bildirərək ondan bu pulu dərhal ödəməyini tələb edib. O, bu səbəbdən dəfələrlə yaxın qohumlarımın adına kredit götürüb birtəhər borc məbləğini bağlamışdır. Onu da qeyd edir ki, 386 manatı ödənilməsilə bağlı Qətnamə çıxarkən o, heç bir yerdə işləmir, sadəcə küçə alveri ilə məşğul olurdu. Buna da yerli polislər icazə vermədiyi üçün özünə iş tapmaq məcburiyyətində qaldı. Hal-hazırda o, 931 №-li Hərbi Hissənin əsas yanğınsöndürən vəzifəsində çalışırdı. Bu vəzifəyə görə aldığı aylıq məvacib 455 manatdır. Ailə Məcəlləsinin 76.1.2 maddəsinə əsasən 2 uşağa görə alimentin tutulması qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında nəzərdə tutulmuşdur. Onu da qeyd edir ki, onun aldığı əmək haqqından əlavə heç bir gəliri və köməyi yoxdur. Qarşı tərəf onun uşaqları ilə birgə Qobustan rayonu Bədəlli kəndində yaşayır. Yəqin ki,şəhərdə yaşamaqla kənddə yaşamaq arasındakı kəskin xərc fərqini izah etməyə ehtiyac yoxdur. Bütün bunları nəzərə alaraq qarşı tərəfin iddiasının əsassız olduğunu düşünür və xahiş edir ki, qarşı tərəfin iddiasını təmin etməməyi və onun əmək haqqının üçdə biri qismində ondan alimentin tutulması barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: 8.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-371/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 706/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay bir görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 9.AZ-İİ seriyalı, 954131 nömrəli və AZ-İİ seriyalı, 591448 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası İddiaçıdır. 10.AZEMİS Elektron Məhkəmə Sistemindən tərəflərin qohumluq münasibətləri ilə bağlı verilmiş sorğulardan görünür ki, 03 iyul 2008-ci il təvəllüdlü X7 atası Cavabdeh, anası İddiaçıdır. 11.Bakı şəhər Baş Səhiyyə Mərkəzi X16 1 nömrəli uşaq vərəm xəstəxanasının 37 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki , xx.xx.2010-cu il təvəllüdlü X9 pnevmoniyadan sonrakı vəziyyət diaqnozu ilə müalicə alır.

12. xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. 13.Məhkəmə qeyd etmişdir ki, tərəflərin iki övladlarının olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Belə ki, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflərin iki övladlarının olması, uşaqların iddiaçının yanında olması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində alimentin tutulması işin mübahisəsiz hallarıdır. Hazırda iddiaçı aliment məbləğinin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etmişdi. Cavabdeh isə iddia tələbinin rədd edilməsini xahiş edərək, tələb olunan məbləğin onun maddi vəziyyətinə mütənasib olmaması ilə əsaslandırmışdır. 14.Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. 15.Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırkı halda isə məhkəmə cavabdehin aliment ödəmək imkanına malik olduğunu nəzərə alaraq və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlmişir. Belə ki, əksini cavabdeh məhkəmə iclaslarında mötəbər faktlar ilə sübut edə bilməmişdir. 16.Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. (Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il QƏRARİ) . 17.Məhkəmə hesab etmişdir ki, hazırda yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda (bir uşağa görə 193 manat olmaqla, iki uşağa görə cəmi 386 manat məbləğində) aliment uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatlarının ödənilməsinə imkan vermir. Məhkəmə qeyd edilənləri, uşaqların əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməlidir. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1, 75.4, 76.2, 78.1, 78.2 və 112.1-ci; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8, 13 və 19-cu; “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü; “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2, 9.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4 və 216-220 ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri

19.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, tərəflərindən edilən etirazda cavabdehin 455 manat əmək haqqı aldığı və əlavə gəlir yerinin olmaması bildirilmişdir. Məhkəmə bu halda sabit pul məbləği yox, müvafiq normanın tələbləri üzrə aylıq əmək haqqının üçdə bir hissəsi üzrə tutulma aparmalı idi. Ancaq məhkəmə tərəfindən qanunvericiliyin müvafiq maddi normasının şərtləri pozulmuşdur. Məhkəmə qətnamə qəbul edərkən tərəflərin maddi və ailə vəziyyətini yoxlamalı idi. Ancaq məhkəmə pozuntu edərək müvafiq normaları düzgün tətbiq etməmişdir. Məhkəmə tərəflərindən təqdim edilən əmək haqqı bildirişinə düzgün qiymət verməyərək müvafiq normanın tələblərini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.İddiaçı elektron kabinet vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, qeyd edilən şikayətin mümkünlük qərardadı kabinetə əlavə edilməmiş mülki iş baxışa təyin edilmişdir. Belə ki, MPM-in 361-ci maddəsinə əsasən apellyasiya şikayəti həmin maddədə göstərilən qaydalara riayət edilərək verilməli olduğu halda cavabdeh formal cümlələrlə yalnız apelyasiya şikayətinin formasına riayət etməyərək formada qeyd edilən 8, 9 və 10-cu xanaları doldurmadan boş qoymaqla şikayət vermiş, nə rayon məhkəməsi, nə apellyasiya məhkəməsi bu hala əhəmiyyət vermədən şikayəti qeyri-mümkün saymamış və icraata almışdır. Bununla yanaşı cavabdeh işləmədiyi, qazanc əldə etmədiyi vaxtda alimenti ödədiyi halda işə düzəldiyi, əmək haqqı aldığı, yəni maddi vəziyyətinin yaxşılaşdığı halda qeyd edilən məbləğdən şikayət verməsi də tamamilə qanunsuz, əsassız və süründürməçilik xarakterli əməldir. Belə ki, işləmədiyi halda 386 manat aliment ödəyən şəxsin maddi vəziyyəti yaxşılaşdığı halda cəmi 84 manat artıma görə qətnamədən şikayət etməsi yalnız süründürməçiliyə, qərəzə hesablanmışdır. Halbuki günümüzdə inflaysiya kimi halları nəzərə aldıqda, uşaqların böyüdükcə artan xərclərini nəzərə aldıqda bir uşağa 42 manat artan məbləğ heç də çox deyil. Qeyd edilənləri nəzərə alaraq şikayətə öz etirazımı bildirir, şikayətin təmin edilməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22.Məhkmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 23.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, apellyasiya şikayətinə qarşı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 24.Maddə 112.1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 25.Maddələr 75.1, 75.2, 75.3, 75.4.Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 26.Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 27.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 28.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 29.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 30.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 32.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-706/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuş, tərəflərin birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh xx.xx.2020-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. 34.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-371/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 706/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay bir görə 193 manat olmaqla ,cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 35.Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. 36.Alimentin miqdarının artırılması (dəyişdirilməsi) növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 37.Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 38.Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin yetərli olmaması, cavabdehin uşaqlarına alimentdən başqa heç bir yardım etməməsi və uşaqların böyüdükcə ehtiyaclarının artması ilə əsaslandırmışdır. 39.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikah münasibətlərindən anadan olmuş uşaqlar iddiaçının himayəsindədir, işdə olan sübutlardan aydın olur ki, iddiaçının uşağın saxlanması üçün artan tələbatı ödəməyə maddi imkanı çatmır. 40.Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-371/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün qliment miqdarı artırılaraq hər ay cavabdehdən 193 manat olmaqla cəmi 386 manat məbləğində aliment tutulması qət edilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2022-ci il üçün 193 manat nəzərdə tutulmuşdur. 2024-cü ildə isə bu məbləğ 235 manat təşkil edir. 41.Kollegiya qeyd edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 42.Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. 43.Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin 235 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. 44.Məhkəmə kollegiyası alimentin aylıq əmək haqqının 1/3 hissəsi qədər tutulmalı olması ilə bağlı apellyatroun dəlilini əsassız hesab edərək qeyd edir ki, Ailə Məcəlləsinin 78.1-cü maddəsinə əsasən alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər. 45.Kollegiya hesab edir ki, cavabdehin əmək haqqısının 1/3 hissəsi miqldarında alimentin tutulması hazırki dövrdə iki uşağın saxlanması üçün kifayət qədər aşağı məbləğdə olmaqla, uşaqların əvvəlki təminat səviyyəsini aşağı salmaqla yanaşı, artmış həyat standartları və istehlak qiymətləri ilə uzlaşmır. 46.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 47.Beləliklə məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 48.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 49.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 50.Alimentin artırılan hissəsinin illik məcmusu 5000 manatan az olduğu üçün, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(002)-3122/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Günay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar