Məhkəmə qərarları › İş №2(103)-6760/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6760/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6760/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6760/2025 (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 328/2025 nömrəli 01 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 027A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş «Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri», tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,5 % olmaqla, 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25.200 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 027A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir.

2. Təqdim edilmiş xx.xx.2024-cü il tarixli OUT-2024/09/24-56 saylı maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh İddiaçı QSC-yə 13.853,48 manat məbləğində kredit borcu, 1.130,64 manat məbləğində faiz və 184,26 manat məbləğində cərimə olmaqla, cəmi 15.168,38 manat borcu mövcuddur.

3. İddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cavabdehin müqavilə üzrə xx.xx.2024-cü il tarixinə gecikdirilmiş 5094,26 manat (əsas borc 3820,33 manat, faiz ödənişi 1089,67 manat cərimə məbləği isə 184,26 manat təşkil edir. xx.xx.2024-cü il tarixənədək gecikdirilmiş borc məbləğini banka qaytarılmasını və müqavilənin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə 15168,38 manat məbləğinin (13853,48 manat, faiz borc məbləği 1130,64 manat və 184,26 manat cərimə məbləği), həmçinin xx.xx.2024-cü il tarixdən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı QSC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.853,48 manat məbləğində kredit borcu, 1.130,64 manat məbləğində faiz və 184,26 manat məbləğində cərimə olmaqla, cəmi 15.168,38 manat məbləğində borcun və ödənilmiş 135,5 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 027A********** saylı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş «Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri», tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,5 % olmaqla, 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25.200 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli, 027A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faizdən ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 11.346,52 manat ödəniş etmiş və onun iddiaçıya 13.853,48 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit borcunu və faizi kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 160 gün üçün hesablanmış faiz 1.130,64 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 160 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 184,26 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faizi və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.6cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2863 saylı rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 16 iyun 2022-ci il tarixli 027A********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2024-cü il tarixə (sual üzrə tarixə) İddiaçı QSC-yə olan borcu 14.948,11 manat təşkil edir. O cümlədən: Əsas borc üzrə 13.777,06 manat, faiz üzrə 1.171,05 manat. 16 iyun 2022-ci il tarixli 027A********** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 oktyabr 2025-ci il tarixli 2(002)-328/2025 nömrəli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddianın qismən təmin edilməsi, 13.777,06 manat əsas borc, 1.171,05 manat faiz, 184.26 manat cərimə olmaqla, cəmi 15.132,37 manat pul vəsaiti və ödənilmiş 135,50 manat dövlət rüsumu Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulsun. 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi, iddia ərizəsində rekvizitləri göstərilən hesaba ödənilməsi qət edilmişdir.

8. Məhkəmə iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2863 saylı rəyinə istinad etmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, hazırkı iş üzrə iddiaçının tələb etdiyi məbləğ həddən artıq şişirdilmiş və məhkəmə bu mübahisəni araşdırarkən məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini təmin etsə belə o, ekspert rəyi ilə razı olmamışdır. Məhkəmə qətnaməni qəbul edərkən yalnız bankın məhkəməyə təqdim etdiyi sübutlara əsaslansa da, o, məhkəmənin qətnaməsi ilə razı deyil. Halbuki, birinci instansiya məhkəməsi yekun məhkəmə aktını qəbul edərkən hazırkı işin bütün faktiki hallarını hərtərəfli, tam, obyektiv araşdırmalı idi. Ancaq birinci instansiya məhkəməsi vicdanlılıq prinsipinin şərtlərini kobud şəkildə pozaraq qeyd etdiyi xüsusatı düzgün qiymətləndirməmiş, tamamilə onun zərəri ilə nəticələnəcək bir qətnamə qəbul etmişdir. Bir daha qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qəti surətdə razı deyil. Hesab edir ki, hazırkı iş üzrə düzgün və ədalətli qərarın qəbul edilməsi üçün yenidən məhkəmə-mühasbatlıq ekspertizasının keçirilməsi və ekspertiza zamanı borcun şəffaf və dəqiq hesablanması olduqca zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Plenum Qərarına əsasən, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. X3 əsasən konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Ancaq birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin sözügedən qərarınında nəzərdə tutulan xüsusatları nəzərə almamışdır. Bu isə əlbəttə ki, mülki qanunvericiliyin prinsiplərindən sayılan mülki hüquq subyektlərinin bərabərliyi prinsipini kobud şəkildə pozur. Belə olan halda onun həm konstitusion hüquqlarının, həm də mülki məcəllədə nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 18.Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 22.Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 26.Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

27. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməlidir.

32. Cavabdeh xx.xx.2022-ci il tarixli 027A********** saylı ərizəyə əsasən İddiaçı QSC ilə bağladığı, bankın internet səhifəsində yerləşdirilmiş «Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri», tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1,5 % olmaqla, 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25.200 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 027A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir.

33. Həmin tarixdə 25200 manat məbləğində pul vəsaiti bank tərəfindən cavabdehin hesabına köçürülmüşdür.

34. İddiaçı cavabdehə bağlanmış müqaviləyə əsaslanaraq yaranmış kredit borcunun tutulmasını tələb etmişdir.

35. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı QSC-yə xx.xx.2024-cü il tarixə 13853,48 manat əsas borc, 1130,64 manat faiz, 184,26 manat cərimə borcu olmaqla, cəmi 13853,48 manat borcunun olduğu qeyd edilmişdir.

36. İddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cavabdehin müqavilə üzrə xx.xx.2024-cü il tarixinə gecikdirilmiş 5094,26 manat (əsas borc 13820,33 manat, faiz ödənişi 1089,67 manat cərimə məbləği isə 184,26 manat təşkil edir. xx.xx.2024-cü il tarixənədək gecikdirilmiş borc məbləğini banka qaytarılmasını və müqavilənin ləğv edilməsi təklif edilmiş, əks təqdirdə 15168,38 manat məbləğinin (13853,48 manat, faiz borc məbləği 1130,64 manat və 184,26 manat cərimə məbləği), həmçinin xx.xx.2024-cü il tarixdən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

37. Cavabdeh hazırda məhkəmə tərəfindən tutulan məbləği mübahisələndirir. O, iş üzrə ekspert rəyi razı olmadığını, təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini xahiş edir.

38. Lakin cavabdeh hər hansı icra edilmiş ödəniş barədə heç bir sübut təqdim etməmişdir.

39. Bununla belə, Kollegiya faiz borcuna aid hissədə şikayətin dəlillərini qismən əsaslı sayaraq hesab edir ki, həmin hissədə qətnamə dəyişdirilmədidir.

40. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda iddiaçı cavabdehdən kredit borcuna görə ödəniş aparmaması səbəbindən kredit borclarının tam ödənilməsini tələb etmişdir. Bu isə o deməkdir ki, iddiaçı həmin xəbərdalıqla müqaviləyə xitam vermişdir və həmin tarixdən sonra müqavilə üzrə müəyyən olunmuş normal faiz tələb edə bilməz.

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən “müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. ...Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.”

42. Beləliklə Kollegiya hesab edir ki, qətnamə faiz borcuna aid hissədə dəyişdirilməli, müqaviləyə xitam verildiyi vaxt mövcud olmuş faiz borcu, yəni 737,07 manat tutulmalıdır.

43. Belə ki, cavabdehin apardığı sonuncu ödəniş günü - xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 107 gün, ödənilməmiş əsas borc 13.777,06 manat, hər gün üçün hesablanan faiz borcu isə 6,89 manat təşkil edir (bax: ekspert rəyinə).

44. Belə olduqda, sonuncu ödəniş günündən (xx.xx.2024) müqaviləyə xitam verildiyi günədək (xx.xx.2025), yəni 107 gün üçün hesablanmış faiz borcunun 737,23 manat təşkil etdiyi məlum olur (6,89 x 107).

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-328/2025 nömrəli iş üzrə 01 oktyabr 2025-ci il tarixli qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilərək, faiz borcu 737,23 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdeh onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar