Məhkəmə qərarları › İş №2(103)-6762/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6762/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6762/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(003)- 1613/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması barədə kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən bankın xeyrinə 222,33 manat əsas borc, 27,83 manat faiz borcu, 20,27 manat cərimə olmaqla, cəmi 270,43 manat pulun, habelə 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 15 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən 24 ay müddətinə illik 25 faizlə 500 manat məbləğində kredit götürmüşdür. 26 oktyabr 2020-ci il tarixədək Cavabdeh banka həmin kredit müqaviləsi üzrə 222,33 manat əsas borcu, 27,83 manat faiz borcu, 20,27 manat cərimə olmaqla, cəmi 270,43 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən, iddianın təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə həmin borcun və iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(003)-1613/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış standart şərtlər üzrə müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin SMS ilə rəsmiləşdirilməsi üçün müştəri banka SMS ilə müraciət etdikdən sonra əsas şərtlər bank tərəfindən SMS vasitəsilə göndərilir. Bununla da müqavilə rəsmiləşdirilmiş hesab olunur. SMS vasitəsilə göndərilmiş əsas şərtlərə müştəri tərəfindən SMS ilə razılığın verilməsi şəxsi imzanın analoqu kimi qəbul edilir. Məhkəmənin tərəflər arasında müqaviləni bağlanmamış kimi qəbul etməsi əsassızdır. 15.04.2019-cu il tarixdə cavabdehə bankdan kart vasitəsilə 25 % dərəcəsi ilə 24 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Müştəri tərəfindən kredit verilməsinə dair SMS məlumat OK daxil edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(003)- 1613/2021 saylı qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki işin materiallarında olan "xxxx" İKB ASC (sonradan İddiaçı ASC) ilə Cavabdeh arasında Fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üçün standart şərtlər müqaviləsindən və ona əlavə edilmiş SMS razılıqdan görünür ki, 15.04.2019-cu il tarixdə cavabdehə bankdan 25 % dərəcəsi ilə 24 ay müddətinə 500 manat məbləğində kart vasitəsilə kredit verilmişdir. Maliyyə arayışına əsasən cavabdehin banka 222,33 manat əsas borcu, 27,83 manat faiz borcu, 20,27 manat cərimə olmaqla, cəmi 270,43 manat borcu vardır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında iradə ifadəsini əks etdirən və müqavilənin bağlanmasını göstərən əqd və bunun cavabdeh tərəfindən təsdiq edildiyini göstərən razılıq vardır. Birinci instnasiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, tərəflər arasında bağlanmış razılaşmanın adı fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərdir. Müqaviləyə əsasən, standart şərtlər özü-özlüyündə müqavilə hesab edilmir. Standart şərtlər əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulmuş şərtlərdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndində müqavilənin SMS vasitəsilə bağlanması, SMS vasitəsilə göndərilmiş şərtlərə müştəri tərəfindən SMS vasitəsilə razılığın verilməsinin şəxsi imzanın analoqu kimi qiymətləndirilməsi və şəxsi imza ilə eyni hüquqi qüvvəli olması qeyd olunmuşdur. İş materiallarında olan tərəflər arasındakı SMS yazışmadan və bankomat kartının zərfindən görünür ki, cavabdehə iddiaçı bank tərəfindən 15.04.2019-cu il tarixdə 24 ay müddətinə qaytarmaq şərtilə 25 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit verilmiş, cavabdeh tərəfindən “Ok” yazılmaqla müqavilə bağlamağa razılıq bildirilmişdir. Beləliklə, tərəflər arasında imzalanmış razılaşma “Fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üçün standart şərtlər” adlandırılsa da, mahiyyət etibarilə bu razılaşma kredit müqaviləsidir. Həmin razılaşma üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun banka borcu yaranmışdır. Buna görə də apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan qətnamədən şikayət verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(003)-1613/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 222,33 manat əsas borc, 27,83 manat faiz borcu, 20,27 manat cərimə olmaqla, cəmi 270,43 manat pul və 20 manat dövlət rüsumunun əvəzi tutulsun. Apellyasiya şikayəti verilərkən ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar