Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6762/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, 2(001)-556/2025 saylı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi 06 noyabr 2025-ci il tarixli qərardaddan iş üzrə İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2023 nömrəli “Təmir və dizayn xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ləğv edilməsini, müqavilə üzrə iddiaçının cavabdeh MMC-yə ödədiyi 52.500 manat məbləğində pul vəsaiti üzrə görülmüş işlərə cavabdeh tərəfindən 19.511,10 manat çəkilmiş xərc məbləği çıxılmaqla qalan 32.988,90 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pulun MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında bağlanmış müqavilədə qeyd edilmişdir ki, MMC tərəfindən iddiaçı üçün görüləcək işlərin dəyəri 57.800 manatdır. İddiaçı tərəfindən MMC-yə cəmi 52.500 manat məbləğində pul ödənilmiş, lakin MMC tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş işlərin tam görülməsi təmin edilməmişdir. Buna görə də, iddiaçı tərəfindən cavabdeh MMC-yə ödənilmiş 52.500 manat məbləğində pul vəsaitindən MMC tərəfindən görülmüş işlərin dəyəri olan 19.511,10 manat çıxılmaqla qalan 32.988,90 manat məbləğində pul, habelə MMC-nin hərəkəti nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pul MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinə dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, iddiaçı tərəfindən ödənilmiş, lakin görülməmiş işlərə görə 23.639 manat, iddiaçıya dəymiş mənəvi zərərə görə 500 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müqavilə üzrə MMC-yə 52.500 manat məbləğində pul ödənilsə də, müqavilədə qeyd olunan işlər cavabdeh MMC tərəfindən tam deyil, qismən, yəni (8.100+1.250+19.511=) 28.861 manat həcmdə icra olunmuşdur. Buna görə də MMC-dən iddiaçının xeyrinə (52.500-2861=) 23.639 manat məbləğində pul tutulmalıdır. Həmin tələbin qalan hissəsi təmin edilməməlidir. MMC, onunla iddiaçı arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam deyil, qismən icra etdiyindən qəbul edilməlidir ki, iddiaçıya mənəvi zərər dəymişdir. Amma məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı MMC-dən iddiaçının xeyrinə 5.000 manat deyil, ağlabatan məbləğ, yəni 500 manat tutulmalıdır. Bu tələbin qalan hissəsi təmin edilməməlidir. İddiaçı, vəkili (nümayəndəsi) Vəkil vasitəsi ilə “qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli qətnaməsinin təsviri-əsaslandırıcı (35 və 44-cü bəndlərdə) hissəsində və nəticə hissəsində (ikinci abzasında) yol verilmiş yanlışlıq və ya açıq hesab səhvlərinin düzəldilməsi, Cavabdeh MMC-dən görülməmiş işlərə görə ödənilmiş 28.939 manat, mənəvi zərərə görə 500 manat və dövlət rüsumu olaraq ödənilmiş 162 manatın tutularaq İddiaçı ödənilməsinin qətnamədə göstərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli “Təmir və dizayn xidmətlərinin göstərilməsi haqqında” müqavilə əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 074 saylı “Razılaşma protokolunda” göstərilən məbləğdən (57.800 manat) görülməli işlərdən olan parketin (8.100 manat) və kafel-metlaxın dəyərinin ödənilməyən hissəsi (1.250 manat), həmçinin görülmüş işlərin dəyəri (19.511 manat) çıxılmalı (57.800-8100-1250-19511) olduğu və cavabdehdən maddi zərərə görə 28.939 manat pulun tutulması qət olunmalı idi. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə ərizənin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi kimi müqavilənin qiyməti 57.800 manat olsa da onlar tərəfindən cavabdehə 52.500 manat ödəniş edilmişdir. İddia tələbində isə iddiaçı tərəfindən ödənilmiş, lakin cavabdeh tərəfindən həmin pul məbləğinin qarşılığında görülməmiş işlərə görə qalan pulu geri tələb edir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfindən görülməmiş işlərə görə cavabdehə ödənilmiş (52.500-8100-1250-19.511=) 23.639 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Qətnamədə yanlışlığa və ya açıq hesab səhvlərinə yol verilmədiyindən ərizə təmin edilməməlidir. İddiaçı tərəf həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətinin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir (maddə 228.1.). Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər (maddə 228.2.). Yuxarıda qeyd edildiyi kimi ərizəyə baxaraq, ərizəni təmin etməmiş Rayon Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə cavabdehdən iddiaçının xeyrinə 23.639 manat məbləğində pulun tutulmasını qət edərkən, həmin nəticəyə gəlmişdir və həmin nəticə məhkəmənin mövqeyinə uyğundur. İş üzrə qəbul edilmiş qətnamədə yanlışlığa və ya açıq hesab səhvlərinə yol verilməmişdir. Göründüyü kimi, işə baxmış Rayon Məhkəməsi iddiaçı tərəfin verdiyi “qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” ərizənin əsassız olması, həmin ərizənin iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilməsinə yönəlməsini nəzərə alaraq ərizəni təmin etməməkdə haqlı olmuşdur. Qərardaddan verilmiş şikayətin dəlili əsassızdır. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan və MPM-in 402-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-6762/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6762/2025
23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver