Məhkəmə qərarları › İş №2(103)-6765/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6765/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6765/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «pulun tutulması, borcun səs yazısı ilə etirafı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1282/2023 saylı, 19 iyun 2023cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ondan borc pul istəyən Cavabdeh1 və Cavabdeh2 2022-ci ilin mart ayına kimi qaytarmaq şərti ilə ümumilikdə 1.300.000 rus rublu və 5000 manat vermiş, sonuncular aldıqları pulu qaytarmadıqarı üçün hazırki mübahisə yaranmışdır.

2. Cavabdeh1 və Cavabdeh2 səsyazma vasitəsilə “whatsapp” tətbiqi ilə edilmiş etirafları, həmçinin pul köçürmələri ilə bağlı “Sber Bank”-a məxsus onlayn çeklər mövcuddur.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə tədqim edərək cavabdehlərdən 1.300.000 Rusiya rublu və 5000 ABŞ dollarının və ödənilmiş 210 manat dövlət rüsumu əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiada göstərilir ki, cavabdehlərlə onun arasında yaxın münasibətlər olmuşdur. Müxtəlif vaxtlarda ondan vəziyyətlərinin ağır olması ilə əlaqədar borc pul istəmişlər. Həmin pulları isə mart ayına kimi guya evlərinin satılacağı və bundan sonra pulu ödəyəcəkləri bildirilmişdir. Lakin dəfələrlə onu aldadaraq verdiyi pulları ödəməkdən imtina etmişlər. Cavabdehlərə verdiyi pulları sübut edən dəlillər “WhatsApp” mobil tətbiqi vasitəsilə aralarında olan yazışmalar, həmin mobil tətbiq vasitəsilə ona göndərilmiş səs yazıları və ödədiyini təsdiq edən qəbzlərdir. Həmin qəbzlərin çox az bir hissəsi digər şəxslərin adınadır. Bunun səbəbi də kartında problemlərin olması olmuşdur. Cavabdeh özü bildirmişdir ki, o kartlara ödəniş etsin. Onlara ödədiyi məbləğ ümumilikdə bir milyon üç yüz min rubl (31.624.660 AZN) və 5000 (8500 AZN) dollar təşkil edir. Bu pulları götürdüklərini təsdiq edən səs yazıları da var. Həmin səs yazılarının 1-ci hissəsində Cavabdeh1 pulu aldığını və bütün pulu qaytaracağını etiraf edir. 5000 ABŞ dolları ilə bağlı hissəni isə anası həmin səs yazılarının 1-ci hissəsində etiraf edir və ödəyəcəyini bildirir. Cavabdehlər tez bir zamanda götürdükləri borcu qaytaracaqlarına söz versələr də, bu günədək həmin məbləği qaytarmamış, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişlər. Bu günədək borcun qaytarılması ilə bağlı etdiyi müraciətlərə hər dəfə bir bəhanə gətirərək, pulu ödəməkdən yayınmışlar. Buna görə də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1282/2023 saylı, 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 1 300 000 (bir milyon üç yüz min) Rusiya rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), digər Cavabdeh2 5000 (beş min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

6. Birinci instansiya məhkəməsi gəldiyi qənaətində göstərib ki, iddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazılarından, cavabdehlərin çətin vəziyyətdə olduqlarını və ondan başqa kömək istəyəcək kimsələrinin olmadığını bildirməklə iddiaçıdan borc istədikləri, habelə borcun məbləğinə dair etiraflar etdikləri və iddiaçıdan möhlət istəməklə borclarını qaytaracaqlarına dair ona vədlər verdikləri müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halından göründüyü kimi, iddiaçı məhz pul göndərişlərinə dair çeklərə və cavabdehlərə aid səs yazılarına istinad etməklə vəziyyətlərinin ağır olması ilə əlaqədar ondan borc pul istəyən cavabdehlərə mart ayına kimi qaytarmaq şərti ilə ümumilikdə 1.300.000 rus rublu və 5000 manat verdiyini, 5000 manatın əvəzində isə 5000 ABŞ dolları qaytaracağını vəd etdiyini, pulları cavabdehlərin kartlarında problemlərin olması səbəbindən onların xahişi ilə digər şəxslərin adına olan kart hesablarına göndərdiyini, lakin dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdehlərin həmin borcun qaytarılmasından yayındıqlarını əsas gətirərərək hazırki iddia tələbini irəli sürmüşdür. Yuxarıda göstərildiyi kimi, mülki işin materiallarından iddiaçının bank vasitəsi ilə cavabdehlərin hesabına ayrı-ayrı vaxtlarda xarici valyutada olan pul vəsaitləri göndərdiyi müəyyən edilmişdir. Həmin vəsaitlərin bir qismi hazırki mübahisəyə aid olmayan şəxslərin adına göndərilmişdir. İddiaçı bunun cavabdehlərin kartlarında problem olması səbəbindən onların göstərişi ilə edildiyini bildirmişdir. Qeyd edildiyi kimi, iddiaçının təqdim etdiyi CD-də olan səs yazılarından cavabdehlərin çətin vəziyyətdə olmaları səbəbindən iddiaçılar onlara borc verməyi xahiş etdikləri müəyyən edilir. Həmin CD-dəki “3333333” faylda olan “AUDİO-2022-11-21-09-21-33 (3)” adlı 148 kb ölçülü 11 saniyədən ibarət səs yazısında iddiaçının cavabdehlərdən Cavabdeh1 “deyəsən sənin kartın limitə düşüb” deməklə ondan başqa kart istədiyi, adı çəkilən cavabdehin isə həmin faylda olan “AUDİO-2022-11-21-09- 21-32 (3)” adlı 224 kb ölçülü 21 saniyədən ibarət səs yazısında “kartının limitə düşdüyünü”, “AUDİO-2022-11-21-09-21-33 (2)” adlı 124 kb ölçülü 8 saniyədən ibarət səs yazısında isə “başqasına perevod (köçürmə) edərək etməyin mümkün olduğunu” bildirdiyi müəyyən edilir. Göstərilənləri ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə iddiaçının qeyd edilən dəlillərini əsaslı hesab edir. Bu səbəbdən hazırkı mübahisəyə aid olmayan şəxslərin adına göndərilən ödənişlərin də həqiqətdə Cavabdeh1 göndərilmiş olduğunun sübuta yetirildiyi qəbul edilməlidir. Məhkəmə cavabdehlərdən tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar isə aşağıdakıları qeyd etmişdir. İddiaçının təqdim etdiyi CD-dəki “1111111” faylda olan “AUDİO-2022-11-21-09-21- 47” adlı 626 kb ölçülü 1 dəqiqə 13 saniyədən ibarət səs yazısında cavabdehlərdən Cavabdeh1 iddaçıya “1 300 000 rus rublu borcunun olduğunu” etiraf etdiyi müəyyən edilir. Həmin CD-dəki “5555555” fayldakı “AUDİO-2022-11-21-09-21-55 (4)” adlı 648 kb ölçülü 1 dəqiqə 16 saniyədən ibarət səs yazısında iddiaçının cavabdehlərə “başqalarından pul alaraq onlara 5000 manat pul verdiyini”, “aldığı pulu vaxtında çatdıra bilməsə 5000 manatın 5000 ABŞ dolları olacağını” dediyi, “5555555” fayldakı “AUDİO-2022-11-21-09- 25-04 (4)” adlı 210 kb ölçülü 19 saniyədən ibarət səs yazısında Cavabdeh2 “pulu qəpiyinə qədər ödəyəcəklərini”, “5000 manatın 5000 dollar olmayıb?!, onu da mən ödəyəcəm” bildirdiyi aydın şəkildə görünür. İddiaçı cavabdehlərdən iddia ərizəsində qeyd edilən məbləğin tutulmasını xahiş etsə də məhkəmə hesab edir ki, iddia hər bir cavabdehə münasibətdə təqdim edilmiş sübutlara (səs yazılarına) müvafiq olaraq etiraf etdikləri məbləğə uyğun hissədə təmin edilməlidir və həmin məbləğin iddia ərizəsi ilə əhatə olunduğu nəzərə alınarsa bu hal iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Bu baxımdan, Cavabdeh1 iddiaçıya 1 300 000 rus rublu borcunun olduğunu etirafı nəzərə alınaraq Cavabdeh1 iddiaçı ilə aralarında olan borc müqaviləsi üzrə 1 300 000 rus rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), digər Cavabdeh2 isə 5000 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Cavabdeh2 iddiaçıya 5000 ABŞ dollarını ona qaytaracağını bildirməsinə baxmayaraq, həqiqətdə iddiaçının ona pulu ABŞ dollarında deyil, Azərbaycan manatı ilə vermiş olduğu müəyyən edilmişdir. Bu səbəbdən iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə nəzərə almışdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqdan sui-istifadə ilə bağlı hüquqi mövqeyinə görə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan suiistifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (X.Mirzəliyevin şikayəti üzrə 17 sentyabr 2021-ci il tarixli Qərar). Həmçinin qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçı, Cavabdeh2 5000 manat pulu verməsinə görə başqa şəxsə faizlər ödəməli olduğunu, bununla da zərərə düşdüyünü, borcun faizlər ilə verilməsini şərtləşdirdiklərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eləcə də iddia ərizəsində zərərin əvəzinin ödənilməsini və ya gecikdirilmiş vaxt üçün faiz ödənilməsini tələb etməmişdir. İddiaçının təqdim etdiyi CD-də olan səs yazılarının sübut kimi qiymətləndirilməsi ilə əlaqədar məhkəmə qeyd edib ki, səs yazısından sübut kimi istifadə edilməsinin mümkünlüyü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli Qərarında öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında telefon danışıqları və yazışmalardan sübut kimi istifadə edilməsi ilə bağlı ifadə edilmiş hüquqi mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi səs yazısının tərəfin şəxsiyyəti ilə bağlı olan dəyərləri ilə əlaqədar olduğu hallarda onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyini müəyyən edir. Həmçinin başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi yolveriləndir. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi CD diskdə olan səs yazıları iddiaçı ilə cavabdehlər arasında olan danışıqları əks etdirir və onlar arasında yaranmış borc münasibətləri ilə bağlıdır. Bu səbəbdən həmin sübuta istinad edilməsi qanunvericiliklə yolveriləndir

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2) birgə apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə və ya iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş edərək şikayətində göstərib ki, məhkəmə Mülki Məcəllənin 385.1-ci maddəsinə istinad etsə də, həmin maddənini hazırki işə nə kimi bağlılığı olmasını açıqlamamışdır. Göründüyü kimi, tərəflər arasında nə yazılı, nədəki, şifahi formada hər hansı müqavilə bağlanılmamış, cavabdehlər iddiaçı qarşısında hər hansı öhdəlik götürməmişlər. Belə olan vəziyyətdə məhkəmənin iddianı rədd etməli olduğu halda, xarici valyutada tələb olunan pul vəsaitini cavabdehlərdən iddiaçını xeyrinə tutması əsassız və qanunsuz olmuşdur. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunverciliyin tələbindən də göründüyü kimi, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki işdə isə tərəflər arasında nə müqavilə, nədəki, öhdəlik mövcuddur. İstinad olunan pulun nə məqsədlə, harada, hansı müddətə verilməsi isə ümumiyyətlə məlum deyil. Birinci instansiya məhkəməsi qeyd olunan maddəyə istinad etsə də, işlə nə kimi bağlı olmasını qeyd etməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız iddiaçının mövqeyini nəzərə almaqla qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iclasında iddiaçının sübut kimi təqdim etdiyi səs yazılarının məhz cavabdehə məxsus olmasının və səs yazısında istinad olunan pul vəsaitinin məhz iddiaçıya aid olmasının hansı sənədlərlə sübuta yetirilməsi barədə sualı cavabsız qalmış, eləcə də məhkəmə çıxışlarında da təqdim edilən səs yazılarının və vatsap çıxarışlarının həqiqiliyinin şübhə doğurması, bu barədə ekspertiza təyin edilməli olmasını bildirsə də, məhkəmə həmin hallara hüquqi qiymət verməmişdir. Belə çıxır ki, ya işə baxan hakim və ya məhkəmə işçiləri bu sahədə xüsusi bilikləri olduğuna görə təqdim edilən səs yazısındakı səslərin də məhz iddiaçı və cavabdehlər arasında olmasını əvvəlcədən müəyyən etmək bacarığına malik olmuşlar. İddiaçı ən azı vatsap yazışması kimi istinad etdiyi yazışmaların məhz hansı nömrələr arasında aparılması, bu nömrələrin də məhz cavabdehlərə məxsus olması barədə hər hansı sübut təqdim etməyib. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfdən məhz onun dediklərinin etiraf etməli olmasını bildirmişdir. Ən azından iddia ərizəsindən iddia tələbində istinad edilən pul vəsaitinin məhz hansı tarixdə və hansı vasitə ilə, kimlərin iştirakı ilə verilməsi barədə hər hansı sübut yoxdur. Elektron məhkəmə sistemində çəkilişlə aparılmış məhkəmə iclasında tərəfindən bu barədə iddiaçının nümayəndəsinə sual verilsə də, nümayəndə verdiyi suallara ümumiyətlə cavab verə bilməmişdir. O, hazırki tələb üzrə bəlkə də iddia müddəti keçməsi, ən azından bu pulun hansı əsasla verilməsi, tərəflərin bir-biri ilə münasibətlərinin aydınlaşdırılmalı olması barədə israr etsə də, əfsuslar olsun ki, bu kimi hallar ümumiyyətəl araşdırma predmeti olmamış, verilən suallar cavabsız qalmışdır. Məsələn, iddiaçı iddia ərizəsinin əvvələrində yazır ki, “cavabdehlərlə onun arasında yaxın münasibətlər yaranmışdır, müxtəlif vaxtlarda ondan maddi vəziyyətlərinin ağır olması ilə əlaqədar borca pullar istəmişlər”. Birinci instansiya məhkəməsi araşdırmamışdır ki, bu yaxın münasibət nədən ibarət olub? İstinad olunan müxtəlif vaxt hansı dövrü əhatə edir? və s.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, təqdim edilən səs yazmalarda cavabdehə məxsus olan səsyazmalar da var, məxsus olmayan da, belə ki, həmin səsyazmaların cavabdehlərə aid olub-olmamasının müəyyən edilməməsi, eləcə də Rusiya bankı olan “Sber Bank”-a məxsus onlayn çeklərin kserosurətləri həmin sübutların mötəbərliyinə şübhə yaradır. Təmsil etdiyi cavabdehlər bildirir ki, təqdim edilən səsyazmalardakı səslər onlara aid olsa da, başqa şəxslərlə olan danışıqlardır. Belə ki, həmin səsyazmalar Hacı adlı şəxsdən alınan pulla bağlıdır, hazırki iddiaçı ilə əlaqəsi yoxdur. Cavabdeh1 bildirir ki, o, Rusiyada oxumağa gedəndə iddiaçı tərəfindən ona 1-2 dəfə pul köçürməsi olub, lakin həmin pulları da iddiaçıya qaytarıb. Bundan başqa, iddiaçı hazırki mübahisə ilə məhkəməyə müraciət etməzdən əvvəl pretenziya qaydasına əməl etməmişdir.

9. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, tələb olunan məbləğdə onlara pul verilməsini cavabdehlər “whatsapp” tətbiqi ilə edilmiş səsyazıları ilə etiraf etmiş, həmçinin iddiaçıya tələb olunan pulu qaytarcaqlarını bildirmişlər. Təqdim edilən sübutlar hazırki iddianın əsaslılığını təsdiq edir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edilən hissədə iddianın faktiki halları Mülki Məcəllənin yuxarıda qeyd olunan dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia təmin edilən hissədə haqlı sayılırdı.

19. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

21. Hazırki işdə də, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mövcud və mümkün olan sübutlarını təqdim etmişdir. Cavabdehlər isə iddia tələbinə etiraz etsələr də, etirazlarının əsası kimi istinad etdikləri hallara dair sübut təqdim edə bilmir və bu halları sübut edə bilmir. Çünki, etirazının əsası kimi istinad etdikləri halları sübut etmək yükü artıq onların üzərinə düşür.

22. Qeyd olunduğu kimi, cavabdeh tərəf: sübutların mötəbərliyini inkar edir; tərəflər arasında borc yaxud hansısa mülki hüquqi münasibətlərin olmadığını; iddia müddətinin tətbiq edilməli olub-olmaması məsələsinin araşdırılmadığını; Rusiyada verilmiş etibarnaməyə apostil möhürü vurulmadığını; hazırki mübahisənin həllinə münasibətdə iddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmadığını bildirir.

23. Bununla əlaqədar, məhkəmə tərkibi şikayətdə göstərilən hər bir dəlil üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsi öhdəliyin anlayışını nəzərdə tutan və bunun nədə ifadə olunduğunu təsbit edən ümumi normadır ki, həmin normada da öhdəliyə əsasən borclunun kreditorun xeyrinə pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğu təsbit olunub. Buna görə də həmin maddənin hazırki işlə nə kimi bağlılığın olması bəllidir və məhkəmə də qətnamədə bunu açıqlamışdır. Yetər ki, cavabdeh tərəf buna diqqət yetirmiş olsun. Tərəflər arasında şifahi formada müqavilə bağlanması da iş materialları ilə açıqaşkar təsdiq olunur. Düzdü, cavabdehlərin iddiaçı qarşısında yaranmış öhdəliyi müqavilənin forma şərtinə əməl edilməməsinə görə, yəni yazılı formaya riayət edilməməsinə görə müqavilədən əmələ gəlməyə bilər, ancaq öhdəlik əsassız varlanma nəticəsində də yaranır və bu cür öhdəliyin yaranması iş materialları ilə təsdiq olunur. Tələb edilən pulun hansı məqsədlə və harada verilməsinin də iddianın əsaslılığına təsiri olmamışdır. Buna görə də cavabdehlər iddiaçı qarşısında hər hansı öhdəlik götürməmişdir dəlili yalnız şikayət xatirinə göstərilib.

24. Şikayətin növbəti dəlili barədə qeyd olunur ki, apellyasiya baxışında iddiaçının təqdim etdiyi səs yazısı təkrarən dinlənildi və bu səs yazısının cavabdehlərə aid olubolmadığı nümayəndə və vəkilindən soruşuldu. Cavabdeh tərəf səsləndirilən səs yazılarının cavabdehlərə aid olduğunu inkar etmədi, əksinə bunu təsdiq etdi, lakin səs yazısında istinad olunan pul vəsaitinin məhz iddiaçıya aid olmadığını bildirdi. Bu cür vəziyyətdə səslərin cavabdehlərə məxsusluğunun müəyyən edlməsi məqsədilə ekspertiza təyin edilməsinə də zərurət aradan qalxmış oldu. Demək ki, şikayətin bu dəlili də artıq əhəmiyyətini itirmiş oldu. Bununla yanaşı, cavabdeh tərəf borclu olduğu şəxsin iddiaçı deyil, başqa şəxs olduğuna dair yeni bir hala istinad etmiş olur. Deməli, istinad etdiyi yeni halı, yəni səs yazısında borclu olduğu şəxsin iddiaçı deyil, başqa şəxs olduğunu sübut etmək yükü artıq onların üzərinə düşür. Lakin cavabdeh tərəf istinad etdikləri bu halı sübuta yetirə bilmir, əgər bilsəydi, sübut təqdim etməli idi, ancaq etmir yaxud edə bilmir, üstəlik Cavabdeh1 iddiaçının adını çəkməsinin səbəbini də mötəbər arqumentlərlə məhkəmə tərkibinin diqqətinə çatdıra bilmədi.

25. İddia müddətinin keçib-keçməməsinin araşdırma predmeti olması üçün cavabdeh tərəfin təşəbbüsü və ərizəsi ola bilərdi. Bu məsələ iddiaçının yaxud məhkəmənin vəzifəsi ola bilməzdi. Başqa sözlə, məhkəmə öz təşəbbüsü ilə iddia müddətinin keçib-keçmədiyini müəyyən etmir. Çünki, iddia müddəti institutu cavabdeh tərəfin hüquqi müdafiə vasitəsi sayılır və hesab edirdisə iddia müddəti keçib, bu barədə məhkəməyə müddətin tətbiqi barədə ərizə təqdim edə bilərdi, ancaq etməyib. Birdəki, iş materillarındandan da görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 2021-ci ilin axırlarında və 2022-ci ilin əvvəllərində pul vəsaiti verilmişdir. Demək ki, iddia müddətinin keçməsindən də söhbət gedə bilməzdi.

26. Rusiyada verilmiş etibarnaməyə apostil möhürü vurulmaması dəlili də iddianın rədd edilməsi yaxud iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas ola bilməzdi. Əvvəla ona görə ki, Azərbaycan Respublikasının məhkəmələrində baxılan yüzlərlə işlərdə Rusiyada, o cümlədən digər MDB ölkələrində verilmiş etibarnamələr əsasında nümayəndələr və vəkillər iştirak edib və hazırdada edirlər. İkincisi, Minsk Konvensiyasına əsasən bu ölkələrdə verilən etibarnamələrin apostil edilməsinə də zərurət olmamışdır. Eyni zamanda, cavabdeh tərəfin bu cür dəlildən istifadə etməsi başadüşülən deyildir. Çünki, iddiaçının iradəsi ortadadır və o, iddiasını müdafiə edir, ondan imtina etməyib. 27.Hazırki mübahisənin həllinə münasibətdə iddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmaması dəlili də açıq-aşkar hüquqdan sui-istifadə xarakteri daşıyır. Çünki, cavabdeh tərəfin dəlillərinin bir hissəsi iddianın əsassızlığı ilə bağlıdırsa, digər hissələri isə iddiaçının mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməməsi ilə bağlıdır. Belə ki, mübahisənin həlli üçün pretenziya qaydasına əməl edilməməsi, etibarnamənin apostil edlməməsi və.s kimi dəlillərdən, iddia əsassız olduğu halda istifadə edilməsinə də gərək olmamalı idi. Yetər ki, iddianın əsassızlığına dair dəlillər təsdiq edilmiş olsun ki, bu da iddianın rədd olunması üçün kifayət edən əsas ola bilərdi. Ancaq cavabdeh tərəfin fərqli hüquqi nəticələrə səbəb olacaq dəlillərdən istifadə etməsi də şikayətin əsaslılığını şübhə altına alır və keçərliliyini heçə endirmiş olur.

28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdehlər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin, şikayətin isə rədd olunması , həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən yaxud əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

29. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1282/2023 saylı, 19 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1282/2023 saylı, 19 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar