Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6769/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2520/2022 saylı, 25 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Cavabdeh2 2009-cu ildə pulunu sonradan ödəmək şərti ilə ondan aldığı tikinti materiallarının dəyərinin 30.000 ABŞ dollarını ödəyib, qalan 102.000 ABŞ dolları hissəsini isə ödəmədiyinə görə şikayət edib, qeyd olunan İdarə isə tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olmaqla mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu barədə müraciət müəllifinə cavab vermişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin azaldılmasına dair ərizə məhkəməyə müraciət edərək, yalnız Cavabdeh2 102.000 ABŞ dollarının (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) və ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, 2009-cu ildən İmişli şəhər sakini Cavabdeh2 nisyə olaraq sement məhsulu vermişdir. Əvvəl-əvvəl onlardan nisyə olaraq aldığı 30000 ABŞ dolları məbləğində sementin pulunu bir müddət sonra qaytarıb vermişdir. Bu nisyə alqı-satqı təxminən 8 ay davam etmişdir. 8 ay ərzində Cavabdeh2 onlardan aldığı sementin pulunun məbləği 102000 (bir yüz iki min) ABŞ dolları oldu. Dəfələrlə Elçinlə görüşüb sement alqısatqısından yaranmış 102000 (yüz iki min) ABŞ dollarının geri qaytarılmasını tələb ediblər. Cavabdeh isə borcun əvəzində onlara 2 mənzil vermişdir. Sonradan məlum olmuşdur ki, onlara verilən mənzillər Elçin tərəfindən saxta möhürlə verilmişdir. Bu barədə Elçinə bildirdikdə, demişdir ki, heç bir yerə şikayət etməyin, iddiaçıya ev yox pul borcludur, onu da ödəyəcək. Lakin cavabdeh bu günə qədər onlara heç bir pul məbləği ödəməmişdir. X1 vasitəsilə tanımışlar. Dəfələrlə görüşlərində Ramin Nadirov da iştirak etmişdir. Elçin özü Binəqədi rayonu ərazisində beton zavod işlədirdi. İddiaçı sementi Elçinə verirdi, sonuncu isə dediyinə görə onu beton şəklində Yeni Yasamalda yerləşən "xxxx" MTK deyilən tikinti şirkətinə vermişdir. Həmin tikinti şirkətinin sahibləri dələduzluq etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmuşlar. Elçin həmin tikinti şirkətindən alacaqları olduğunu və alıb pulu verəcəyini bildirirdi. Lakin Elçinin onlardan pulu alıb-almamasını deyə bilmir. Cavabdeh2 özü də vergidən yayınmağa görə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Elçin həbsdə olduğu müddətdə iddiaçı dəfələlərlə onun valideynləri ilə görüşmüş və onlar Elçində olan pulun qaytarılmasına söz vermişlər. Elçin həbsdə olarkən özü ilə də danışıqları olmuşdur və o, həbsdən çıxan kimi pulu qaytaracağına söz versə də, lakin heç bir pul qaytarmadı. Hazırda isə tərəfindən Cavabdeh2 onlara qarşı etmiş olduğu dələduzluq əməllərinə hüquqi qiymət verilməsi üçün BMCMİ-yə müraciət etsə də, müraciətinə cavab olaraq məsələnin mülki xarakterli olduğunu və pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2520/2022 saylı, 25 iyul 2022-ci il tarixli qətnaməsi (hakim Solmaz Ədilova) ilə iddia tələbi təmin edilməyibdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, iddiaçı qeyd edir ki, cavabdeh ondan 8 ay ərzində aldığı sement məhsulunun dəyərini ödəməmişdir.Baxılan işdə İddiaçı, cavabdehin ona sement məhsulunun satışından 102000 ABŞ dolları məbləğində borcunun olmasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı, hazırkı tələbini irəli sürərkən 8 ay ərzində Cavabdeh2 aldığı sementlərin pulunun qaytarılmadığına istinad edir. Belə olan halda, sübutetmə yükü baxımından qeyd olunan halları sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı öz izahatında bildirdiyi kimi, yəni 8 ay ərzində Cavabdeh2 aldığı sement məhsulunun dəyərinin 102000 (bir yüz iki min) ABŞ dolları olduğunu, dəfələrlə cavabdehdən pulun ödənilməsini xahiş etdiyini, cavabdehin isə həbsdən çıxan kimi alqısatqı üzrə borcunu qaytaracağını qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir hala dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən ayrı-ayrı şəxslərin adına olan müəyyən qəbzlər təqdim edilsə də, həmin qəbzlər üzrə cavabdehin iddiaçıya hər hansı borcunun olması müəyyən edilmir. Bundan başqa, iddiaçı xeyli miqdarda sement məhsulunu nisyə şəkildə cavabdehə satsa da, bunun satışını mülki qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirməmiş, cavabdehə həqiqətən də 102000 ABŞ dolları dəyərində mal satması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə nisyə alqı-satqı müqaviləsi üzrə tələb olunan pulun həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan pulu tələb etsə də, tərəflər arasında şifahi müqavilənin olmasını, habelə həmin müqavilə əsasında malların satılmasını, satış nəticəsində 102000 ABŞ dolları borcun yaranmasını göstərəcək dəlilləri təqdim etməmiş, nəticə etibarilə istinad etdiyi hallar sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, MPM-in 88- ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X5 və X4 şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının tanışı kimi özünü təqdim edən şahidlər tərəflər arasında olan nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun məbləği və s. barədə məlumatlı olduqlarını bildirirlər. Şahidlər iddiaçı ilə yaxın münasibətlərdə olduğuna və mübahisənin öz yaxınının xeyrinə həll edilməsində maraqlı olduğuna görə onların ifadəsi bu kimi hallar müəyyən edilərkən mötəbər sübut sayıla bilməz. Eyni zamanda digər şahid Cavabdeh1 oğlu iddiaçının qardaşı habelə hazırki mülki iş üzrə əvvəllər cavabdeh olduğu üçün məhkəmə onun ifadəsinə tənqidi yanaşmaqla, işin sübut edilməli halları barədə mötəbər sübut olmaması qənaətinə gəlir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasını xahiş edib şikayətində göstərir ki, hazırki məhkəmə prosesinin predmetini nisyə satılmış əşya təşkil etmiş və iddiaçı haqlı olaraq əşyanın dəyərinin ödənilməsini tələb etmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, nisyə satılmış sementin verilməsi ilə bağlı və həmin faktı təsdiq edən sənədlər iş materiallarına əlavə edilsə də, məhkəmə Mülki Məcəllənin 600.4-cü maddəsini tətbiq etməyərək iddiaçının hüquqlarını kobud surətdə pozan qətnamə qəbul etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən və sübut etməyə ehtiyacı olmayan hal kimi Cavabdeh2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatın alınması ilə bağlı tədbir görməmiş, sözügedən İdarənin cavab məktubu ilə kifayətlənərək sübutların tələb olunmasını təmin etməmişdir. Halbuki, cavabdeh sözügedən İdarədə borcun olması ilə bağlı etirafedici məzmunda izahatlar vermiş və həmin izahatlar onun imzası ilə təsdiq edilmişdir. Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsinin tətbiq edilməməsi nəticəsində iddiaçının hüquqları kobud surətdə pozulmuş və iş üzrə həlledici sübutun əldə edilməməsi nəticəsində qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Göründüyü kimi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən verilmiş məktub hadisənin, yəni sözügedən alqı-satqı olmasını təsdiq etmiş, lakin hazırki mübahisənin mülki xarakterli olmasını əsas gətirərək müraciət müəllfinə məhkəməyə müraciət edilməsi məzmununda cavab verilmişdir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsindən də açıq-aşkar görünür ki, cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərar mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması hissəsində məcburidir. İş materiallarında olan məktubda hadisənin olması ilə bağlı fakt öz əksini tapsa da, məhkəmə qeyd olunan sübuta düzgün qiymət verməmiş və iddianı təmin edəcək mötəbər sübutun olmamasını əsas gətirərək iddianı təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və(və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
18. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələri nəzərdən keçirilə bilər. Lakin iddia ilə bağlı faktiki hallar həmin normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin müdafiə hüquqlarının qorunması baxımından aradan qalxdığı üçün də iddia haqlı sayılmır.
19. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. 20.Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Ancaq bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
21. Tərəflər arasında sementlə bağlı nisyə alqı-satqı müqaviləsi bağlanması və iddiaçının həmin malı cavabdehə təhvil verməsi işin mübahisəsiz halı deyil. Çünki, buna dair nə iddiaçı məhkəməyə mötəbər sübut təqdim etməyib, nədə cavabdeh bu halları etiraf etmir.
22. Başqa sözlə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara, yəni nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə bilavasitə sement satmasına və bunun nəticəsində sonuncunun 102000 ABŞ dolları borcu olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib. Deməli, sementin bilavasitə cavabdehə nisyə satılmasnı sübut etmək yükü iddiaçının üzərinə düşür. Ancaq iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etmir. Onun izahatı isə digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir digər mötəbər sübut da işdə mövcud deyil. Şahid ifadələrinin hazırki xarakterli mübahisə üzrə mötəbər sübut hesab edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə apellyasiya instansiyası məhkəməsi də razılaşır.
23. İddiaçı şikayətində göstərir ki, nisyə satılmış sementin verilməsi ilə bağlı və həmin faktı təsdiq edən sənədlər iş materiallarına əlavə edilsə də, məhkəmə Mülki Məcəllənin 600.4-cü maddəsini tətbiq etməyərək iddiaçının hüquqlarını kobud surətdə pozan qətnamə qəbul etmişdir. Qeyd olunduğu kimi iddiaçı bilavasitə cavabdehə nisyə sement satmasına dair məhkəməyə mötəbər sübut təqdim etməyib. İş materiallarında olan sənədlər də bu halı təsdiq etmir. Mülki Məcəllənin 600.4-cü maddəsini isə məhkəmə o zaman tətbiq edə bilərdi ki, iddiaçı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehin məhz iddiaçıdan sement təhvil almasına dair məhkəməyə mötəbər sübut təqdim etsin və bu halı sübuta yetirsin. Ancaq iddiaçı cavabdehə bilavasitə sement satmasını və sonuncunun sementi təhvil almasını sübuta yetirə bilmədiyi halda satmadığı sementin pulunu və ya satılmamış sementin qaytarılmasını da tələb edə bilməz.
24. İddiaçı şikayətində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatın alınması ilə bağlı tədbir görmədiyini, sözügedən İdarənin cavab məktubu ilə kifayətlənərək sübutların tələb olunmasını təmin etmədiyini, halbuki, cavabdeh sözügedən İdarədə borcun olması ilə bağlı etirafedici məzmunda izahatlar verdiyini və həmin izahatların onun imzası ilə təsdiq edildiyini, Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsinin tətbiq edilməməsi nəticəsində iddiaçının hüquqları kobud surətdə pozulduğunu və iş üzrə həlledici sübutun əldə edilməməsi nəticəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyini göstərsə də bu dəlillər də əsaslı ola bilməzdi. Çünki, apellyasiya baxışı zamanı qeyd olunan dəlillərin yoxlanılması üçün qeyd olunan İdarəyə təkrar sorğular göndərildi və tərəflərin həmin İdarədə verdikləri izahatların təsdiq edilmiş surətləri alındı. Lakin cavabdeh həmin İdarədə verdiyi izahatında da iddiaçıdan heç vaxt sement almadığını, iddiaçının tanışı olan Ramil Pərviz oğlundan sement aldığını və pulunu da ödədiyini, Ramillə Rövşənin arasında borcun olmasını 2010-cu ildə bildiyini göstərmişdir. Cavabdehin qeyd olunan izahatının mahiyyətindən də bəlli olur ki, onunla iddiaçı arasında birbaşa hər hansı bir mülki hüquq münasibətləri olmamışdır. Deməli, iddiaçının bilavasitə cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmamışdır.
25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müddətlərin, o cümlədən öhdəliklərin xitamı üçün müddətlər və hüquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının da yaranmasına zərurət və əsas olmazdı.
26. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2520/2022 saylı, 25 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2520/2022 saylı, 25 iyul 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.