Məhkəmə qərarları › İş №2(103)-6769/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6769/2023

03.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6769/2023 03.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, Cavabdeh verdiyi “yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə” qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalı, qərardad ləğv edilməli, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilib baxılması üçün mülki iş həmin məhkəmə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Birinci, qarşılıqlı iddia prosessual müddət daxilində verilib. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 155.1-ci maddəsinə görə, qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 154.1-ci maddadə nəzərdə tutulmuş müddət 20 gündür, həmin müddətin axımı iddia ərizəsinin surətinin alındığı vaxtdan hesablanır. Cavabdeh bu müddəti ötürməyib. İkinci, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə var və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnəcək. MPM-in 156.1.3-cü maddəsinə görə, belə halda qarşıqlılı iddia qəbul edilir. Üçüncü, qarşılıqlı iddia İddiaçı ilə yanaşı, iddiaçı olmayan şəxsə - Umleyla Abiyevaya qarşı da yönəlib. Qarşılıqlı iddianın iddiaçı ilə yanaşı iddiaçı olmayan şəxsə qarşı yönəlməsi qanunla qadağan edilməyib. Bu məsələyə münasibətdə MPM-in 155.1-ci maddəsi və Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı yanlış başa düşülür. Belə ki, 155.1-ci maddədə qeyd olunub ki, qarşılıqlı iddia iddiaçıya qarşı verə bilər, Konstitusiya Məhkəməsinin qərarında isə qeyd olunub ki, qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia mütləq iddiaçıya qarşı verilməlidir, bu mübahisəsizdir, çünki qarşılıqlı iddianın adındakı “qarşılıqlı” sözü bunu nəzərdə tutur: iddia verənə qarşı iddia. Əgər qarşılıqlı iddianın yönəldiyi şəxslərin sırasında iddiaçı yoxdursa, bu, qarşılıqlı iddia sayılmır. Konstitusiya Məhkəməsinin qərarındakı “yalnız” sözü bunu ehtiva edir. Bununla yanaşı, qarşılıqlı iddia iddiaçı ilə yanaşı digər şəxslərə (iddiaçı olmayan şəxslərə) qarşı da verilə bilər, yəni qarşılıqlı iddia ərizəsində iddiaçı ilə yanaşı digər şəxslər də cavabdeh kimi göstərilə bilər. Belə qarşılıqlı iddia o halda icraata qəbul edilə bilər ki, MPM-in 156.1-ci maddəsində müəyyən edilmiş 3 şərtdən biri mövcud olsun və qarşılıqlı iddia ilə müdafiəsi tələb olunan hüququn pozulmasına və ya mübahisələndirilməsinə görə iddiaçı ilə yanaşı digər şəxslər də məsuliyyət daşısın. Hazırkı qarşılıqlı iddiaya münasibətdə göstərilən hal mövcuddur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilib baxılması üçün mülki iş həmin məhkəmə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar