Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-677/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1472/2021 saylı 13 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə 11 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 tərəfindən yazılmış və imzalanmış xx.xx.2016-cı il tarixli qəbzdə göstərilmişdir ki, “Mən Cavabdeh1 İddiaçı 2330 ABŞ dolları borcum var. Bu borcu xx.xx.2017-ci ilədək qaytaracam.”
2. Cavabdeh2 tərəfindən yazılmış xx.xx.2016-cı il tarixli qəbzdə göstərilmişdir ki, “Mən Cavabdeh2 İddiaçı 4127 ABŞ dolları borcum var. Və bu borcu xx.xx.2017-ci il tarixədək qaytaracam.”
3. Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisi, polis polkovnik leytenantı Rahib Mirzəyev tərəfindən İddiaçı ünvanlanmış məktubda sonuncunun ərizəsi əsasında toplanmış material mülki iddia xarakterli olduğundan ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
4. Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-si tərəfindən məhkəməyə təqdim olunmuş materialdan müəyyən edilir ki, Cavabdeh1 tərəfindən yazılmış izahatda göstərilmişdir ki, o, oğlu Cavabdeh2 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində yerləşən mebel sexini işlətmişlər. İddiaçı mebellər düzəltmək üçün taxta sifariş edib alırdılar. Belə ki, təxminən 2016-cı ilin dekabr ayında o, İddiaçı 2300 ABŞ dolları, lakin 0,78 manatla hesablanmaqla, yəni 1817 manat məbləğində taxta material almışdır. Lakin sonradan işləri yaxşı getmədiyindən İddiaçı olan borcunu ödəyə bilməmişdir. O, İddiaçı borcunu bir il ərzində hissə-hissə ayda 150-200 manat olmaqla ödəyəcəkdir.
5. Cavabdeh2 tərəfindən yazılmış izahatda göstərilmişdir ki, o, atası Cavabdeh1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində yerləşən mebel sexini işlətmişlər. İddiaçı mebellər düzəltmək üçün taxta ləvazimatı gətizdirirdilər. Belə ki, təxminən 2016-cı ilin dekabr ayında o, İddiaçı taxta sifariş etmiş və 4120 ABŞ dolları, lakin 0,78 manatla hesablanmaqla taxta materialı almışdır. Lakin sonradan işləri yaxşı getməmiş, sex bağlanmış, bu səbəbdən İddiaçı olan borcunu ödəyə bilməmişdir. Ona olan borcundan 850 manat qaytarmış və qalan 2363 manat borcunu bir il ərzində hissə-hissə ayda 200 manat olmaqla ödəyəcəkdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2330 ABŞ dolları məbləğində əsas, 652 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 2982 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, Cavabdeh2 4127 ABŞ dolları məbləğində əsas, 1155 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 5282 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 avqust 2021-ci il tarixli 2(009)-1472/2021 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia qismən təmin edilmiş, Cavabdeh1 2330 ABŞ dolları, gecikdirilmiş vaxt üçün bank uçot dərəcəsi ilə hesablanmış 638,7 ABŞ dolları, cəmi 2968,7 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), Cavabdeh2 3627 ABŞ dolları, gecikdirilmiş vaxt üçün bank uçot dərəcəsi ilə hesablanmış 987,2 ABŞ dolları, cəmi 4614,2 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 60 manat dövlət rüsumunun 20 manat hissəsinin Cavabdeh1, 20 manat hissəsinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 2330 ABŞ dolları məbləğində pulu iddiaçıya qaytarmasına dair öhdəlik götürməsi və hazıradək həmin öhdəliyi icra etməyərək pulu qaytarmaması məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə, o cümlədən tərəflərin izahatları, yazılı formada tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmış xx.xx.2016-cı il tarixli qəbzlə, eləcə də cavabdehlərin Binəqədi RPİ-nin 4-cü PŞ-də verdikləri izahatı ilə öz təsdiqini tapır.
9. Eyni zamanda göstərilmişdir ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixli qəbzlə üzərinə 4127 ABŞ dolları məbləğində pulu qaytarmasına dair öhdəlik götürməsi məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar və iş materialları ilə öz təsdiqini tapsa da, cavabdehin Binəqədi RPİ-nin 4-cü PŞ-də verdiyi izahatı ilə yanaşı, məhkəmə iclasında iddiaçının da izahatı ilə müəyyən edilmişdir ki, Cavabdeh2 ödəməli olduğu 4127 ABŞ dolları məbləğdən 500 ABŞ dollarını iddiaçıya qaytarmış, hazırda ödəməli olduğu məbləğ isə 3627 ABŞ dollarıdır.
10. Məhkəmə cavabdehin pulun manatla hesablanmalı olmasına dair dəlillərini də əsassız hesab etmişdir, belə ki, cavabdehlər tərəfindən imzalanmış yazılı qəbzlərdə müvafiq olaraq qaytarılmalı olan pul məbləğləri 2330 ABŞ dolları və 4127 ABŞ dolları kimi göstərilmiş, iddiaçı tərəfindən də bu dəlil təsdiq edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddia tələbi həcmində - 4 il (10 aprel 2017-10 aprel 2021) müddəti üçün 2017- 2020-ci ilin dekabr ayınadək gecikdirilmiş hər il üçün faiz dərəcəsi 7 faiz, 2020-ci ilin dekabr ayından 6,25 faiz dərəcəsi ilə hesablanmaqla, Cavabdeh1 2330 ABŞ dolları üçün 638,7 ABŞ dolları məbləğində, Cavabdeh2 isə hazırki qətnamə ilə 3627 ABŞ dolları pul tutulması nəticəsinə gəlindiyindən həmin məbləğ üçün 987,2 ABŞ dolları məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 600.1, 601.1, 442, 448.1, 449.1, 449.4 maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayətində göstərilmişdir ki, 2014-cü ilin axırlarında iddiaçıdan 3214 manat məbləğində nisyə taxta materialı almışdır və məlum olduğu kimi 2015-ci ildə müxtəlif vaxtlarda milli valyutanın məzənnəsi iki dəfə dəyişmişdir. Buna görə də 09 dekabr 2016-cı ildə iddiaçı ona müraciət edərək, manatın məzənnəsinin təxminən iki dəfə ucuzlaşması səbəbindən qalıq borcunun 2015-ci ilin fevral ayının 21-nə müəyyən edilmiş valyuta məzənnəsinə uyğun olaraq hesablayıb, ondan 4127 ABŞ dolları məbləğində borcunun olması və həmin borcu 2017-ci ilin aprel ayının 10-na kimi ona qaytaracağı barədə qəbz almışdır. Qəbzdə nəzərdə tutulan müddət ərzində iddiaçıya 850 manat məbləğində pul qaytarsa da, taxta sexində iş getmədiyi üçün borcun qalan hissəsini qaytara bilməmişdir. Sonralar, 2021-ci ili aprel ayında iddiaçı onun barəsində dələduzluq əməlinə yol verməyinə dair şikayətlə polis orqanına müraciət etmiş və araşdırma zamanı ondan qalıq borcunun bir il müddətində hissə-hissə ödənilməsinə dair izahat alınmışdır. Polis bölməsində olarkən psixi təsir altında həmin məzmunda izahat verməyə məcbur olmuşdur. Bir müddət sonra iddiaçı pul tələbi ilə Səbail Rayon Məhkəməsinə müracmət etmiş və məhkəmə onun iştirakım olmadan işə baxaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi iştirakı olmadan işə baxarkən iddianın müddətinin ötürülməsinə heç bir hüquqi qiymət verməmişdir, halbuki iddiaçının tələbi üzrə üç illik iddia müddəti ötürülmüşdür.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Cavabdeh2 vəkili-nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. İddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 445.2 və 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
22. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
23. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə Cavabdeh2 aid hissədə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
43. Cavabdeh2 apelyasiya şikayətində göstərmişdir ki, 2014-cü ilin axırlarında iddiaçıdan 3214 manat məbləğində nisyə taxta materialı almışdır və 2015-ci ildə müxtəlif vaxtlarda milli valyutanın məzənnəsi iki dəfə dəyişdiyi üçün 09 dekabr 2016-cı ildə iddiaçı qalıq borcunun 2015-ci ilin fevral ayının 21-nə müəyyən edilmiş valyuta məzənnəsinə uyğun olaraq hesablayıb, ondan 4127 ABŞ dolları məbləğində borcunun olması və həmin borcu 2017-ci ilin aprel ayının 10-na kimi ona qaytaracağı barədə qəbz almışdır.
44. Cavabdehin qeyd edilən dəlilini əsassız hesab etməklə Kollegiya qeyd edir ki, iş materialları ilə bu hal təkzib edilir, belə ki, Cavabdeh2 Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-sində verdiyi izahatından da müəyyən edilir ki, o, iddiaçıdan taxtanı 2016cı ilin dekabr ayında sifariş edib almış və həmin məhsulun dəyəri də 4120 ABŞ dolları hesablanmış, borcundan isə 850 manat ödəmişdir.
45. Tərəfindən yazılmış əlyazma qəbzdə də aşkar şəkildə göstərmişdir ki, 4127 ABŞ dolları borcu vardır.
46. Borcun ondan əvvəlki dövrə aid olması barədə nə verdiyi izahatda bildirməmiş, nə də qəbzdə bununla bağlı hər hansı qeyd etməmişdir.
47. Cavabdehin digər dəlili isə iddia müddətinin ötürülməsi ilə bağlı olmuşdur.
48. Apelyasiya baxışı zamanı da Cavabdeh2 vəkili-nümayəndəsi iddia müddəti ilə bağlı ərizə təqdim etmişdir.
49. Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Yəni iddia müddətinin tətbiqi barədə ərizə yalnız birinci instansiya məhkəməsində verilə bilər. Apelyasiya instansiya məhkəməsində belə ərizə o halda verilə bilər ki, cavabdehin birinci instansiya məhkəməsində işə baxılmasından xəbəri olmasın (məhkəmə onu lazımi qaydada məlumatlandırmasın).
50. İş materiallarından isə müəyyən edilir ki, Cavabdeh2 məxsus telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsi ilə SMS bildirişlər göndərilmişdir, yəni məhkəmə icraatından məlumatlı olmuş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edərək iddia müddətinin tətbiqi barədə ərizəni də məhkəmə qərarı çıxarılanadək təqdim etməli idi. Eyni zamanda digər Cavabdeh1 Cavabdeh2 atası olmaqla, məhkəmə iclasında iştirak etmişdir.
51. İddia müddətinin tətbiqi barədə ərizənin hazırki icraat mərhələsində qəbul edilməsi əsasları yaranmamışdır.
52. Cavabdeh2 iddiaçıya 4127 ABŞ dolları borcunun olması və həmin məbləğdən 500 ABŞ dolları ödəniş edilməsi (cavabdeh 850 manat qaytardığını göstərmişdir ki, həmin məbləğdə 500 ABŞ dolları təşkil etmişdir) iş materialları ilə müəyyən edildiyindən, məhkəmə haqlı olaraq Cavabdeh2 hazırda iddiaçıya ödəməli olduğu məbləğin 3627 ABŞ dolları olması qənaətinə gələrək, həmin məbləği iddiaçının xeyrinə tutmuşdur.
53. Buna baxmayaraq Kollegiya qeyd edir ki, məhkəmənin MM-nin 449.1-ci maddəsinə əsaslanaraq Cavabdeh2, hazırki qətnamə ilə 3627 ABŞ dolları pul tutulması nəticəsinə gəlindiyindən, həmin məbləğ üçün 987,2 ABŞ dolları məbləğində faiz borcunun tutulması barədə qənaəti düzgün olmamışdır.
54. İddiaçı tələbində MM-nin 449.1-ci maddəsinə istinad etsə də, Kollegiya qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.
55. MM-nin 445.7-ci maddəsi pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində kreditorun düşdüyü zərərin əvəzləşdirilməsini, MM-nin 449.1-ci maddəsi isə pul öhdəliyi icra edilmədikdə ondan faydalanmağa görə borcluya maliyyə sanksiyasının tətbiq edilməsini nəzərdə tutmuşdur. Hər iki halda borcludan müəyyən faizdə pul məbləği tutulur, ancaq birinci halda əgər kreditor daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması, ikinci halda isə bu məbləğin bank uçot dərəcəsi əsas götürülərək müəyyənləşdirilməklə tutulması müəyyən olunmuşdur. Borc məhkəmə qaydasında tutulduqda isə məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
56. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir, lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən pul vəsaitindən faydalanması halı sübuta yetirilmir və iş materiallarından müəyyən edilmir, belə olan halda MM-nin 449-cu maddəsinin dispozisiya şərtləri daxilində Cavabdeh2 bank uçot dərəcəsinə uyğun olaraq pulun tutulması yolverilməzdir.
57. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
58. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
59. Hazırki iş üzrə isə Cavabdeh2 tərəfindən pul məbləğinin ödənilməsi gecikdirilmişdir, belə olan halda, o, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
60. Kollegiya iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və öhdəliyin icra müddəti başa çatdığı xx.xx.2017-cı il tarixdən hazırki iddia ilə məhkəməyə müraciət olunduğu xx.xx.2021-ci il tarixədək (iddia ərizəsinə əsasən) olan dövr, yəni 1484 üçün illik 5% hesablanmaqla 747,56 ABŞ dolları məbləğində pul Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1472/2021 saylı iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi qismən, Cavabdeh2 gecikdirilmiş vaxt üçün bank uçot dərəcəsi ilə hesablanmış 987,2 ABŞ dolları tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 illik 5% hesablanmaqla 747,56 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.