Məhkəmə qərarları › İş №2(103)-6772/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6772/2022

16.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6772/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-2963/22) İddiaçı iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Fərhad oğlundan müştərək qaydada 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov, F.Babayev, Ş.Məhərrəmova, iş № 2(103)-1333/21) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni 18 000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 Fərhad oğlundan İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilmiş, İddiaçı iddiası Cavabdeh2 Fərhad oğluna aid hissədə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov, G.Quliyev, Ə.Nurməmmədov, iş № 2(102)-4076/2021) iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iş üzrə digər Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsini özünə aid hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Həmin Məcələnin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. İş materiallarından aydın olur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə qətnamədən apellyasiya şikayəti verməklə yanaşı, ərizə də təqdim edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin buraxılmadığını və ya müddətin üzrlü səbəbdən buraxıldığını nəzərə alaraq bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi həmin ərizəyə münasibət bildirmədən, yəni müddəti buraxılmış və ya buraxılmamış hesab etməsini əsaslandırmadan şikayəti baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bununla da məhkəmə MPM-in 133.4-cü maddəsində nəzərdə tutulmuş prosessual qaydalara riayət etməmişdir. Yaranmış vəziyyət isə şikayətə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən verilmiş şikayət qeyri-mümkün hesab edilərək, mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar