Məhkəmə qərarları › İş №2(103)-6773/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6773/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6773/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-20/2025 saylı 18 noyabr 2025-ci il tarixli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-20/2025 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Hazırda iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə verərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-20/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair üçüncü şəxs X2 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Hazırda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 20/2025 saylı 18 noyabr 2025-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus asan imza aktiv olmadığından qətnaməni şəxsən şikayət verdiyi tarixdə almışdır, ona görə də apellyasiya şikayəti vermə müddəti bərpa edilməlidir. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-20/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə üçüncü şəxs X1 elektron kabinetində yerləşdirilmişdir. İşdən görünür ki, qətnamə üçüncü şəxs X1 elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Apellyasiya şikayətinin verilməsinin son günü xx.xx.2025-ci il tarix olmuş, üçüncü şəxs xx.xx.2025-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Üçüncü şəxs G.Səlimova qətnaməni xx.xx.2025-ci il tarixdə iş materiallarında olan qəbzə imza etməklə təkrarən qəbul etmişdir. Lakin, məhkəmə nəzərə alır ki, onun “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində elektron kabineti olmuş və qətnamə xx.xx.2025-ci il tarixdə həmin kabinetə yerləşdirilməklə rəsmi şəkildə təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindəki məlumatlara əsasən üçüncü şəxs G.Səlimovanın xx.xx.2024-cü il tarixdən elektron kabineti mövcuddur və məhkəmə aktı vaxtında həmin kabinetə yerləşdirilmişdir. Məhkəmə qətnaməsinin elektron sistemə yerləşdirilməsi kifayətdir ki, elektron kabineti mövcud olan şəxs qətnaməni rəsmi qaydada əldə etmiş olsun. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara görə ərizəni əsassız sayır və hesab edir ki, ərizəyə prosessual müddətin həqiqətən üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutlar əlavə edilmədiyindən və ərizəçinin prosessual müddətin bərpası üçün irəli sürdüyü dəlillər əsassız olduğundan ərizə təmin olunmamalı və buraxılmış prosessual müddət bərpa edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və sadalanan hüquq normalarına əsaslanaraq prosessual müddətin bərpası barədə ərizəni rədd etməkdə və şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-20/2025 saylı 18 noyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar