Məhkəmə qərarları › İş №2(103)-6775/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6775/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6775/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı – ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi olan X1 nümayəndəsi X2 iştirakı ilə QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı “kredit borcunun, hesablanmış faizlərin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : QSC “Bank Standard” KB (bank) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona illik 25% ödəməsi şərtilə 24 ay müddətinə 3880 manat kredit verildiyini, cavabdehin öhdəliyini icra etməyərək kretit borcunu və hesablanmış faizləri qaytarmadığını bildirmiş, buna görə də ondan 3880 manat əsas, 1940 manat faiz və 7238,95 manat cərimə borcunun, habelə 30 manat dövlət rüsumunun əvəzinin bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh QSC “Bank Standard” KB-nin xeyrinə 3880 manat əsas, 1940 manat faiz və 700 manat cərimə borcunun, habelə 30 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia müddətinin buraxılması səbəbi ilə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, bu səbəblə iddia müddətinin tətbiq olunması barədə ərizə verə bilmədiyi, eyni zamanda məhkəmənin, borc məbləğini dəqiqləşdirmək üçün ekspertiza təyin etmədən qərar qəbul etdiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, iddiaçı bankın ləğvedicisinin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki birinci instansiya məhkəməsi iddiaçının iddiasını qismən təmin etmiş olsa da o, qətnaməni mübahisələndirməmişdir; cavabdeh isə qətnamənin ləğv edilməsini xahiş etməsinə baxmayaraq, şikayətinin məzmunundan onun da əslində yalnız iddianın təmin edilən hissəsini mübahisələndirdiyi aydın olmaqdadır. Başqa sözlə qətnamənin, iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə pulunun məbləğinə aid hissədə dəyişdirilməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, iddiaçı bankla Cavabdeh arasında xx xxxx 2011-ci il tarixdə kredit müqaviləsi bağlanaraq ona illik 25%-lə, 24 ay müddətinə 3880 manat məbləğində kredit verilmiş, müqavilənin şərtlərinə görə cavabdeh, ödəniş cədvəlinə uyğun hər ay sabit şəkildə 242,50 manat olmaqla ödənişlər həyata keçirməyi öhdəsinə götürmüş, hesablanmış faizlərin və əsas borcun dövri ödənilməsi qaydası cədvəl şəklində müəyyənləşdirilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh kredit öhdəliklərini ümumiyyətlə icra etməmiş və müqavilənin müddətinin bitdiyi tarixə onun 3880 manat əsas, 1940 manat faiz borcu yaranmış, habelə bank ona 7238,95 manat cərimə hesablamışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. İddiaçının iddia müddətini ötürməsinə dair cavabdehin dəlilini isə kollegiya əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Cavabdehlə bankarasında xx xxxx 2011-ci il tarixdə bağlanmışmüqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx xxxx 2013-cü il tarixdə bitdiyindən iddia müddətinin axımı bu tarixdən başlanmış, iddiaçı ərizə ilə məhkəməyə xx xxx 2016-cı il tarixdə müraciət etdiyinə görə iddia müddətini ötürməmişdir. Apellyasiya şikayətində irəli sürülən, borcun düzgün hesablanmaması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tələb edilən cəriməni ədalətli həddədək azaltmamışdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Kollegiyanın qənaətinə görə borcalanın 3880 manat əsas borcuna münasibətdə ondan 700 manat cərimə tutulması əsaslı hesab oluna bilməz. Cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 300 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Qanunvericilik yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına bildirişlər göndərildiyi, lakin bildirişlərin “bu ünvanda yaşamır” qeydi yazılmaqla geri qaytarıldığı aydın olur – qeydiyyatda olduğu ünvanda yaşamamasının məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4748/2016 saylı iş üzrə xx xxxx 2016-cı il tarixli qətnaməsi Cavabdeh QSC “Bank Standard” KB-nin xeyrinə 700 manat cərimə borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh QSC “Bank Standard” KB-nin xeyrinə 300 (üç yüz) manat cərimə borcu tutulsun. Qətnamə mübahisələndirilən digər hissədə, yəni Cavabdeh QSC “Bank Standard” KB-nin xeyrinə 3880 manat əsas, 1940 manat faiz və 30 manat dövlət rüsumunun tutulması hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar