Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6778/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X4 Əziz qızının katibliyi, Cavabdehin nümayəndələri X3 və Şirinova – X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2024-cü il tarixində təxminən saat 21:40 radələrində Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsində İddiaçı məxsus olan “Mazda CX5” markalı, 7-FG-009 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə olunduğu zaman ("xxxx" ASC) Toyota Camry markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil sol qarşı tərəfində hərəkətdə olan, “Xəzər” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, bunun nəticəsində “Xəzər” markalı avtomobil avtoyol nəqliyyat qəzası törədərək, “Mazda CX5” markalı, 7-FG-009 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur.
2. "xxxx" MMC tərəfindən verilən MZ-78097 nömrəli iş kartından görünür ki, yolnəqliyyat qəzasına uğramış İddiaçı məxsus “Mazda CX5” markalı, 7-FG-009 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərcin dəyəri 2020,09 (iki min iyirmi) manat təşkil edir.
3. xx.xx.2024-cü il tarixli,01/02-668 MS nömrəli "xxxx" ASC tərəfindən verilmiş müstəqil ekspert rəyindən görünür ki, avtoyol nəqliyyat qəzasına uğramış İddiaçı məxsus “Mazda CX5” markalı, 7-FG-009 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyanın məbləği 610 manat müəyyən edilmişdir.
4. "xxxx" MMC-nin 15 iyul 2025-ci il tarixli, 0189 nömrəli hesabatından görünür ki, “Mazda CX5” markalı, 7-FG-009 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 1390 (bir min üç yüz doxsan) manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan “Mazda CX5” markalı, 7-FG-009 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 2020 manat zərərin əvəzinin və ekspertiza xərcini təşkil edən 350 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
6. İddia tələbi onunla əsaslandırmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi BB394810 nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, PY31034167 nömrəli mühərrik, JMZKEEÜLA00878754 nömrəli kuza və şassisi olan **-FG-*** dövlət nömrə nişanlı Mazda CX5 markalı avtomobil iddiaçıya məxsusdur. xx.xx.2024-cü il tarixində təxminən saat 21:40 radələrində Bakı şəhəri Səbail rayonu Zərifə Əliyeva küçəsində “Mazda CX5” markalı, 7-FG-009 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sığortalı ("xxxx" ASC) Toyota Camry markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil sol qarşı tərəfində hərəkətdə olan, Xəzər markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, bunun nəticəsində Xəzər markalı avtomobil iddiaçının idarə etdiyi avtomobilə çırpılmışdır. Bunun nəticəsində avtomobilin arxa tərəfinə ziyan dəymişdir. Hadisə baş verdikdən sonra iddiaçı tərəfindən Daxili İşlər Nazirliyinin 102 qaynar xətt məlumat mərkəzinə məlumat verilmiş, hadisə yerinə DYP-nin əməkdaşları gəlmişlər. DYP əməkdaşları tərəfindən hadisə yerinə və avtomobillərə baxış keçirilmişdir. Eyni zamanda idarə etdiyi avtomobilin icbari sığortası Paşa Sığortaya aid olduğu üçün onların qaynar xəttinə zəng etmiş, lakin onlar iddiaçıya bildiriblər ki, hadisə zəncirvarı qəza olduğu üçün digər avtomobillərə zərər yetirən avtomobilin icbari sığortasının aid olduğu sığorta şirkəti gəlməlidir. İddiaçı dərhal "xxxx" ASC-yə zəng edib. "xxxx" ASC-nin əməkdaşı tıxac saatı olmadığına baxmayaraq hadisə yerinə gec yaxınlaşdılar. Lakin, "xxxx" ASC tərfindən avtomobilinə dəymiş ziyan 400 azn olaraq qiymətləndirildi, onlar arxa buferin yenilənməli olduğu ilə razılaşmadılar, bunun təmir ilə düzələcəyini bildirdilər. İddiaçı bununla razılaşmadığını bildirib, çünki əgər təmiri mümkün olsa idi, bunu ona rəsmi servisin deyəcəyini bildirib. Detalın yenisi ilə əvəz olunmasını tələb etmək ən təbii haqqı olduğunu, çünki hadisədən öncə avtomobilinin buferinin yamaqlı olmadığı bildirib.Onlar müdiriyyətlə danışdıqdan sonra iddiaçıya müştəri məmnuniyyəti üçün maksimum 600 azn məbləğ ödəyə biləcəklərini bildiriblər. Lakin iddiaçı bununla da razılaşmayıb, müstəqil ekspert təyin olunmasını istəyib. Avtomobilə ekspert baxış etdikdən sonra ümümi ziyan məbləğ olaraq nədənsə "xxxx" ASC-nin müdiriyyəti ilə demək olar ki, eyni məbləği (610 azn) təklif etdilər. Lakin, iddiaçı bununla da razı olmadığını və iddiaçıya dəymiş maddi və mənəvi ziyanı məhkəmə vasitəsi ilə onlardan istəyəcəyini bildirib. Avtomobilini artıq 1 aydır ki, pis vəziyyətdə idarə edir və belə vəziyyətdə avtomobilin idarə edilməsi mümkün deyildir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 1160/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan “Mazda CX5” markalı, 7-FG-009 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1390 (bir min üç yüz doxsan) manat məbləğində pul vəsaitinin dəymiş ziyanın əvəzi kimi cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə "xxxx" MMC-nin ekspert rəyi ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab etmişdir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir.
9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 883.1, 897.1, 922.1, 925-1.1- 925-1.5, 933.1, 933.1.2, 933.1.3, 934.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsi və ““İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı sığorta hadisəsi nəticəsində avtomobilinə dəymiş zərərin yenidən qiymətləndirilməsi üçün Cəmiyyətimizə müstəqil ekspert qiymətləndirməsi üçün müraciət etmiş və daha sonra müstəqil sığorta eksperti "xxxx" MMC tərəfindən avtomobilə dəymiş zərər yenidən qiymətlədirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1160/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır, ona görə ki, X2 xx.xx.2025-ci il tarixli ekspert rəyində təyin etdiyi 1390 (min üç yüz doxsan) manat məbləği təmin etmişdir. Hesab edirlər ki, 1390 (min üç yüz doxsan) manat məbləği avtonəqliyyat vasitəsinə dəymiş real zərəri özündə əks etdirmir və şişirdilmiş məbləğdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin nümayəndələri məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər.
14. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 897.1-ci maddəsinə əsasən icbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 925-1.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 925-1.2-ci maddəsinə əsasən müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. 925-1.3-cü maddəsinə əsasən sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. 925-1.4-cü maddəsinə əsasən müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. 925-1.5-ci maddəsinə əsasən müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
16. «İcbari sığortalar haqqında» Qanunun: 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 16.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. 18.1-ci maddəsinə əsasən Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Azərbaycan Respublikası Mərkəzi X5 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qərarının 3-cü bəndinə əsasən yol-nəqliyyat hadisəsi zamanı aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir: -zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; -yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə.
17. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarı
1. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir.
2. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir.
3. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə qətnamə iddianın təmin olunan hissəsində mübahisələndiriliyindən qətnamənin əsaslılığı da həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
21. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. Beləliklə, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan Mazda CX5 markalı, 77FG-009 dövlət qeydiyyat nişanlı, Toyota Camey markalı, 90-MC077 dövlət qeydiyyat nişanlı və Xəzər markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsində Toyota Camey markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsirli olduğu təsbit edilmişdir. Həmin vaxt avtomobilin mülkiyyətçisinin cavabdeh "xxxx" ASC ilə icbari sığorta müqaviləsi qüvvədə olmuşdur. Həmin fakt cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
23. Tərəflərin arasında mübahisənin əsas predmeti avtomobilə dəyən ziyanın məbləği ilə bağlı olmuşdur. İddiaçı avtomobilinə dəyən ziyanın 2020 manat məbləğində, cavabdeh isə 400 manat məbləğində qiymətləndirmişdir.
24. Tərəflər arasında mübahisə də məhz vurulmuş zərərin məbləği ilə bağlı yaranmışdır. Lakin sığorta hadisəsi baş verdikdən sonra icbari sığortanı həyata keçirən cavabdeh zərərin özü (mütəxəssisləri) tərəfindən müəyyən edilmiş həcmi barədə iddiaçı ilə aralarında razılıq əldə edilməmişdir. Göstərilən aktlar ehtiyat hissələrinin sayı, görülməli olan işlər və onların dəyəri baxımından biri-birindən əhəmiyyətli dərəcədə fərqlənmiş, bu halın mövcud olması isə zərər məbləğinin qiymətləndirilməsinə müstəqil ekspertin cəlb edilməsini bilavasitə şərtləndirmişdir və sığorta ödənişinin aparılması vəzifəsini daşıyan cavabdeh öz aktının mövcud və gələcək mötəbərliyinin təmin edilməsi baxımından bu işin təşkilində daha maraqlı olmalı idi. Nəticə etibarı ilə cavabdeh zərərin obyektiv qiymətləndirilməsi, o cümlədən bu məsələdə iddiaçı ilə razılıq əldə edilməsi istiqamətində ümumiyyətlə hər hansı addım atmamışdır.
25. İddiaçı tərəfindən məhəkməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilən MZ-78097 nömrəli iş kartına əsasən, avtoyol nəqliyyat qəzasına uğramış İddiaçı məxsus “Mazda CX5” markalı, 7-FG-009 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərcin dəyəri 2020,09 (iki min iyirmi manat,09 qəpik) manat təşkil etmişdir. İddiaçı da iddia ərizəsində avtomobilə dəymiş zərərin məbləğini 2020 (iki min iyirmi) manat məbləğində qiymətləndirir.
26. Digər tərəfdən, cavabdeh "xxxx" ASC xx.xx.2024-cü il tarixli, 01/02-668 MS nömrəli müstəqil ekspert rəyinə əsasən avtoyol nəqliyyat qəzasına uğramış İddiaçı məxsus “Mazda CX5” markalı, 7-FG-009 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyanın məbləği 610 manat müəyyən edilmişdir.
27. Məhkəmə tərəfindən dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilmişdir. "xxxx" MMC-nin 15 iyul 2025-ci il tarixli, 0189 nömrəli hesabatına əsasən “Mazda CX5” markalı, 7-FG009 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 1390 (bir min üç yüz doxsan) manat təşkil etmişdir.
28. Məhkəmə Kollegiyası, birinci instansiya məhkəməsi kimi "xxxx" MMC-nin rəyi ilə razılaşaraq qeyd edir ki, rəyin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır.
29. Qeyd edilənləri nəzərə alan Kollegiya hesab edir ki, yuxarıda tədqiq edilən ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir.
30. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ekspert rəyinin əsassız olması ilə bağlıdır. Lakin cavabdeh, ekspert rəyinin əsassız olmasının səbəbini konkret göstərə bilməmiş və onunla bağlı dəlilləri məhkəməyə təqdim etməmişdir.
31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin MPM-nin 217-ci maddəsinin tələblərinə cavab verdiyini qeyd edir və həmin qətnaməni qanuni və əsaslı sayır.
32. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).
33. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 02 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.