Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6780/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh1 qarşı borc barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı kredit müqaviləsinin etibarsızlığı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1190/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə 10.12.2020-ci il tarixdə məhkəməyə müraciət edərək 23.10.2020-ci il tarixli kredit (borc) müqaviləsi üzrə 17.600 manat məbləğində pul Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23.10.2020-ci il tarixində İddiaçı və Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış kredit müqaviləsi Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiqlənmişdir. Həmin müqavilənin 1-ci və 2-ci bəndinə görə, borcalan Cavabdeh1 İddiaçı aldığı 17.600 manat məbləğində pulu 10 noyabr 2020-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə, bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 pulu qaytarmır. Onuda qeyd edir ki, qarşılıqlı iddiada göstərilənlərin ilk iddiaya aidiyyatı yoxdur. Orada başqa şəxslərin adı keçir. Müqavilə isə Əlövsətlə Samir arasında bağlanmışdır. Cavabdeh1 bildirdiyi təzyiqlərə aid sübutu yoxdur. Notarius dövlət orqanıdır, müqavilə notariusda təsdiq olunmuşdur. Əgər təzyiq olsa idi, notariusda etiraz edə bilərdi. İddiaçı adi bir vətəndaşdır. Heç bir səlahiyyəti, hansısa təzyiq imkanı olmayan sadə vətəndaşdır. Əgər qarşı tərəfin hansısa şirkətlə aralarında mübahisəsi varsa, həmin şirkəti məhkəməyə verə bilər, müqavilə isə Əlövsətlə bağlanmışdır, hansısa şirkətlə bağlanmamışdır. İlkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş edir. İlkin iddia üzrə Cavabdeh1 01.02.2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı pul tələbinə dair iddiasının rədd olunması, İddiaçı ilə onun arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı 15.04.2021-ci il tarixdə ərizə verərək Cavabdeh2 əlavə cavabdeh kimi işə cəlb olunmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 19.04.2021-ci il tarixdə etiraz ərizəsi verərək qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, adı çəkilən borc müqaviləsi hədə qorxu, basqı altında bağlandığına və həmin müqavilə üzrə ona pul verilmədiyinə görə həmin müqavilə etibarsız hesab olunmalı və bu müqavilə heç bir hüquqi nəticə yaratmamalıdır. Qeyd etmək istəyir ki, qarşıqlıqlı iddia üzrə iddiaçı 2019-cu il noyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi olmuş Əli Həsənovun və onun tabeliyində işləmiş İlqar Ağakişiyevin uşaqları Şamxal Həsənovun və Cavabdeh2 şərikli olaraq təsis etdiyi "xxxx" MMC-də 01 noyabr 2019-cu il tarixdən başlayaraq əvvəl qeyri-rəsmi, 2020-ci ilin yanvar ayından isə əmək müqaviləsi bağlanmaqla ekspeditor işinə başlamışdır. Rəsmi olaraq ona aylıq maaş kimi 260 manat, lakin qeyri-rəsmi olaraq isə satdığı malın 8 %-i ona verilməliydi. Bunun üçün şirkətin direktoru Cavabdeh2 təklifi ilə o əlavə olaraq vergi orqanlarında sahibkarlıq fəaliyyəti göstərəcək fiziki şəxs kimi qeydiyyatdan keçərək, VÖEN alaraq "xxxx" ASC-nin Gənclik filialında razılaşdıqları gəlirin 8 %-i həmin hesaba köçürülməsi üçün hesab açmışdır. Bundan başqa, spirtli içkiləri obyektlərə paylamaq üçün ona həmin şirkətdə audit kimi işləyən şəxsin adında olan “FORD Tranzit” markalı 90-UV584 nişanlı yük avtomaşını təhkim olunmuşdur. Cavabdeh2 şərtinə görə həmin avtomaşının texniki xidməti və yanacaq təchizi onun hesabına görülməli spirtli içkiləri realizə etmək üçün isə o, özü ticarət obyektlərini tapmalı və pulları da o yığmalı idi. Bildirmək istəyir ki, satmaq üçün Cavabdeh1 verilən spirtli içkilər qeyri-rəsmi olaraq, hesab fakturasız olmuşdur, o, sənəd istəyəndə isə ona bildirilmişdir ki, bu vergidən yayınmaq üçün edilir, belə olmasa gəlir əldə etmək mümkün olmaz. O, bunu işində problem olmaması, yəni satmağa verdiyi spirtli içkilərin satış obyektlərindən pulunu götürən zamanı mübahisənin olmaması üçün sənədləşmənin tələb olunduğunu bildirəndə, ona deyilmişdir ki, pulu gətirmək onun vəzifəsidir, buna görə şirkət qarşısında heç bir şərt qoyula bilməz. Bununla belə bildirmək istəyir ki, maaş kartını Cavabdeh2 əlindən alıb, özündə saxladı və bildirmişdir ki, bu maaşın ona heç bir aidiyyati yoxdur, malın satışı ilə bağlı bütün xərclər həmin kartdan və satdığı mala görə əldə olunan 8% faiz gəlirdən çıxılacaq. Bu minvalla o, 2020-ci ilin may ayı da daxil olmaqla işləmiş, şirkətin 80 000 min manatdan yuxarı malını satmışdır, həmin pulu şirkətə təhvil vermişdir. Lakin “COVİD 19” Pandemiyasına görə qoyulan qadağalarla bağlı spirtli içkilərin satışı ilə məşğul olan obyektlər, xüsusilə də xırda ticarətlə məşğul olan obyektlər bağlandığına görə spirtli içkilərin satışı dayandı, bir çox obyektlər bağlandı və mal payladığı 12 obyektin sahibini tapa bilməmişdir. Çətinlik yaradan amil isə "xxxx" MMCnin malın sənədsiz olaraq paylaması olmuşdur. “COVİD 19 pandemiyasını bəhanə gətirərək ona və onun kimi ekspeditor kimi işləyən işçilərə "xxxx" MMC-nin rəhbərliyi nə maaşı, nə də ki realizə edilmiş malın səkkiz faizini verdi. Bu səbəbdən o və digər işçilər 2020-ci ilin avqust ayında “AVROPA İNFO” internet resursuna müraciət etmişdir və həmin saytda "xxxx" MMCnin rəhbərliyinin işçiləri maaşsız işlətməsi ilə bağlı məqalə çıxmışdır. Bu yazının onun təşkilatçılığı ilə baş verməsindən "xxxx" MMC-nin rəhbərliyi 2020-ci ilin oktyabr ayının ortalarında xəbər tutdu. Bundan sonra o, 23 oktyabr 2020-ci il tarixdə MMCnin Bakı şəhəri Mətbuat prospektində yerləşən anbarına çağırılmış və orada onu məqalə barədə sorğu-sual edən MMC-nin direktoru Cavabdeh2 boğazını əlləri ilə sıxıb, onun qohumu İlqar və İddiaçı hərəsi bir əlindən tutaraq onu söyüşlə təhqir edib, ona və ailə üzvlərimin başına oyun gətirəcəkləri ilə onu hədələdilər. Cavabdeh2 ona açıq şəkildə bildirmişdir ki, Əli Həsənov uzun müddət vəzifədə olmuşdur, onun vəzifədən getməsi onların kimsəsiz olması demək deyil, onların hər yerdə, o cümlədən hüquqmühafizə orqanlarında adamları var, istəsələr onu tutdura da bilərlər. Bu təhdidlərdən sonra Cavabdeh2 həmin günlə 23.10.2020-ci il tarixlə yazılmış yekun aktına ona imzalatmışdır. Həmin akta görə onun şirkətə 17621 manat məbləğində borcunun olması qeyd olunmuşdur. Bununla belə onlar onu 12 saylı notariat kontoruna apararaq orada əlinə 17 000 manat verib notariusun yanında cavabdeh İddiaçıla kredit (borc) müqaviləsinə imzalatmışdır. Notariat kontorundan çıxanda isə, Cavabdeh2 çöldə pulu əlindən aldı və onu azad edərək bir daha hədələyib, ağıllı olmaq xəbərdarlığını etmişdir. 23.10.2020-ci il tarixdən o, 500 manat maaşla sürücü vəzifəsinə keçirilmişdir və havayı, ona maaş verilmədən 12 dekabr 2020-ci il tarixinədək sürücü olaraq işləmişdir. Maaş kartından pul MMC tərəfindən götürülürdü. Sözün düzü o, Cavabdeh2 ona qurduğu bu oyunu ciddiyə almamış, lakin 2020-ci ilin dekabr ayında məhkəmədən yaşadığı ünvana bildiriş gələndən sonra onunla ədavət aparmasını və məqaləyə görə onu “cəzalandırmaq” niyyətində ciddi olduğunu görmüşdür. Bildirmək istəyir ki, bu hadisədən sonra şirkətin nümayəndələri onunla spirtli içki verdiyi, işləyən obyektlərə gedərək, MMC-yə olan borcların bir qismini, üç min manatdan yuxarı pulu yığdılar və maşında olan ,“UNİBANK”dan aldığı, içində 900 manat olan kredit kartını şifrə ilə birlikdə götürərək, hesabdan pulları çıxartdılar. Bundan sonra ona bildirilmişdir ki, onun şirkətə 13 000 manat borcum qalır. Qəti şəkildə bildirmək istəyir ki, onun nə şirkətə, nə də ki, İddiaçı borcu yoxdur. Əksinə MMC-nin ona borcu var ki, qanuna müvafiq olaraq o, bu pulları şirkətdən tələb edəcəkdir. Maaş kartının əlindən alınması, MMC-nin sənədsiz mallarını realizə silməsi üçün nəqliyyatın istismar xərclərinin Cavabdeh1 üzərinə qoyulması və əməyinin uzun müddət məvacibsiz istismar olunması başdan ayağa qanun pozuntusudur. Qeyd edir ki, 23.10.2020-ci il tarixlə tərtib olunmuş yekun aktda “ərazidə qalan müştəri borcu qeydi ilə qarşısında olan 6619.643 manat obyektlərdə qalmış malların məbləği olmuşdur ki, həmin məbləğin yarısı MMC-nin işçiləri tərəfindən obyektlərdən yığılıbdır. Aktda “ötən dövrdən qalan şirkət borcu şirkət ondan tələb edə bilməz. Qeyd edir ki, hər ay sürdüyü “FORD Tranzit” yük maşının istismarının aylıq xərci 450-500 manata başa gəlirdi. Hər ay fərqlənmə nişanı üçün 70 manat, yağın dəyişdirilməsi üçün 65 manat, digər xərclər nasazlığa və yanacağa sərf olunurdu. Bundan başqa istismar müddətində onun tərəfindən hər birisi 80 manat dəyəri olan işlənmiş 4 ədəd təkər alınmışdır. Bununla belə bildirmək istəyir ki, o, ötən ilin sentyabr ayında könüllü olaraq milli ordu sıralarına yazılmışdır. Komisarlığa onu Orxan Ağakişiyev ötürmüş və ona yol pulu kimi 20 manat vermişdir. Onu toplantı yerinə ötürərkən Orxan onun şirkətə və yaxud şirkətin işçilərinə hər hansı borcunun olmasını deməmişdir. Bu məsələ qərəzli olaraq yalnız internet saytında məqalənin onun tərəfindən verilməsi müəyyən olduqdan sonra qabardılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1190/2021 saylı, 30 aprel 2021ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh1 onun ləğv, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia tələbinin məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozması, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması, nəticəsinin işin hallarına uyğun gəlməməsini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayhətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış qarşılıqlı iddia üzrə digər cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kolleogiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş 23.10.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 10.11.2020-ci il tarixədək qaytarmaq şərtilə faizsiz 17600 manat məbləğində borc verməyi, Cavabdeh1 isə borcu vaxtında qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X1 ifadəsində bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı oğludur. Dekabrın 12-də axşam evinin qarşısında meyvə satdığı köşkün yanında idi. 3 nəfər gələrək oğlunun şirkətə 17600 manat borcu olduğunu bildirmişdir. Onların içində Əlövsəti tanımışdır. Onlara bildirmişdir ki, Samirin borcu ola bilməz. Əlövsət dedi ki, dayı əsəbləşib sonra gələrik. Ümumiyyətlə Samirin cibində pulu olmur, ona yol pulunu o verir. Oğlu şirkətdən pul almırdı. Ona deyirdi ki, pul almırsa işdən çıxsın. Onlara məhkəmə bildirişi gələndən sonra qohumu Əmirəliyev Rəhimlə "xxxx" MMC-nin ofisinə gedərək, Cavabdeh2lə söhbət etmişdir. Məsələ ilə bağlı Cavabdeh2 açıq şəkildə etiraf etmişdir ki, həqiqətən də oğlunun nə İddiaçı, nə də onun özünə 17000 manat borcu var, yaranmış borc satışa verilən mağazalarda qalan malların puludur. Oğluna notariusda pulu isə verib sonra yenidən əlindən alıblar. Eldəniz Əmirəliyev ifadəsində bildirmişdir ki, məhkəməyə sübut kimi səs yazısı olan disk təqdim etmişdir. Bildirir ki, həmin diskin 7-ci, 11-ci, 28-ci dəqiqələrində iş üçün əhəmiyyətli faktlar var. Aktı Oraldan istəmişdir, amma mühasib Ruslan vermişdir. Səs yazısı barədə qarşı tərəfin məlumatı var idi. Akt oktyabrın 23-də imzalanmışdır. Aktı oxumuşdur, amma qeyd yazmamışdır.Dekabra qədər şikayət verməməsinin səbəbi aktı dekabrda alması olmuşdur. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X3 ifadəsində bildirmişdir ki, Samirin atasının qohumudur. Samirin atası ona dedi ki, Samirin işdə müdiriyyəti saxta sənədə qol çəkdirib, Samirə oyun qurublar. Ona bildirmişdir ki, onunla Samirin iş yerinə getsin. O da həmin yerə getmişdir. Oral adlı şəxs və digər iki nəfər var idi. Belə söhbət oldu ki, Samirin şirkətə borcu var. Atası məbləği soruşanda on yeddi min olduğunu bildirdilər. Həmçinin bildirmişlər ki, bir hissəsini ödəsələr müəyyən hissəni güzəştə gedə bilərlər. Atası sual verdi ki, əgər şirkətə borcu var idisə, notariusa getməyə nə ehtiyac var idi. Onlar da dedi ki, prokurorluğa vermək istəmədikləri üçün qərara gəlmişlər ki, notariusda formal olaraq bunu rəsmiləşdirsinlər. İşin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və İddiaçı Cavabdeh1 10.11.2020-ci il tarixədək qaytarmaq şərtilə 17600 manat məbləğində borc vermişdir. İddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, Cavabdeh1 öhdəliyini icra etməyərək borcu müəyyən olunmuş müddət ərzində qaytarmamışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz həmin münasibətlər çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında imzalanmış 23.10.2020-ci il tarixli kredit müqaviləsindən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından birinci instansiya məhkəməsi cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Kollegiya qarşılıqlı iddia tələbinin “müqavilənin etibarsızlığı” ilə bağlı dəlillərini də əsassız hesab edir: Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 23.10.2020-ci il tarixli kredit müqaviləsinin hədə-qorxu yolu ilə bağlanmasını iddia etsə də, iddianı sübut edə bilməmişdir. Apelyatorun iddiasını təsdiq edən sübut qismində məhkəməyə 1 ədəd disk təqdim etmişdir. Kollegiya diski sübut növü kimi qəbul etmir. Belə ki, MPM-ə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.1, 76.3). Səs yazılarının hansı şəraitdə, hansı qaydada əldə edildiyi məlum deyildir. Diskdə səs yazısının kimə aid olduğu, hansı şəraitdə əldə olunduğu müəyyən olunmadığından yalnız diskə isitnad etməklə qarşılıqlı iddianın təmin olunması mümkün deyildir. Digər tərəfdən, kollegiya qeyd edir ki, həmin disk sübut qismində qəbul olunsa belə qarşılıqlı iddiaçının həmin hissədə iddiasının təmin olunması üçün əsas yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1190/2021 saylı, 30 aprel 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6780/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6780/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver