Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6781/2023 24.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüş, lakin kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə iddiaçı borcun cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 02 iyul 2021-ci il tarixli, BTNPU-00397 saylı kredit müqaviləsi üzrə yaranmış 12422,66 manat məbləğində əsas, 1647,17 manat məbləğində faiz, 4000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18069,83 manat məbləğində borcun və 144,21 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 iyul 2021-ci il tarixli, BTNPU-00397 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 17 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüş, lakin kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdeh bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmış, borcu ödəməkdən boyun qaçırmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 sentyabr 2023-cü il tarixli, e-2(005)-860/2023 nömrəli qətnaməsi ilə (hakim S.Ədilova) iddia qismən təmin olunmuş, 11781,88 manat məbləğində əsas, 1083,61 manat məbləğində faiz, 1170 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 14035,49 manat məbləğində borcun və 144,21 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 423.2, 442, 443.1, 448.1, 739.1 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, qətnamənin qismən ləğv edilərək, əsas və faiz borcu hissəsində dəyişdirilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli, 9/1832 nömrəli ekspert rəyində cavabdehin kredit üzrə 12 aprel 2023-cü il tarixinə olan əsas borcu 11781,47 manat, faiz borcu 611,98 manat məbləğində müəyyən edilmişdir. Lakin ekspert müxtəlif tarixlərdə cavabdehin cərimə borcundan aparılmış silinmələri nəzərə almayaraq bütün ödənişləri əsas və faiz borcundan silmiş, təqdim edilən dəbbə hesabından çıxarışlar ekspert tərəfindən nəzərə alınmamışdır. İddiaçı tərəfindən 05 may 2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bundan sonra ekspertizanın düzgün aparılması üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini, ekspert qarşısında hər ay ödənişin nə qədər gecikdirildiyinə dair və hər ödəniş zamanı dəbbə borcundan nə qədər silinmə aparıldığına dair suallar qoyulması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə 05 may 2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Lakin yenə də Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2023-cü il tarixli, 9/3992 nömrəli rəyində ekspert kredit üzrə əsas borcu azaltmışdır. Belə ki, təqdim edilən hesabdan çıxarışlara əsasən cavabdeh tərəfindən edilmiş cərimə ödənişlərinin silinməsi göstərilsə də ekspert tərəfindən bu sənədlər nəzərə alınmamış və dəbbə borcundan silinməli olan məbləğləri əsas və faiz borcundan silmişdir. Bu səbəbdən əsas borc 640,78 manat azaldılmışdır. Cəmi isə dəbbə borcundan 1110,69 manat silinmə aparılmışdır. Ekspert rəyində bu rəqəmlər nəzərə alınmadığından borc məbləği ilə ekspertin müəyyən etdiyi məbləğ arasında fərq yaranmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
10. Cavabdeh isə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
14. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
17. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
20. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən faiz və cərimə borcunun təmin olunmayan hissəsində mübahisələndirildiyindən, cavabdeh isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apelyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
25. Həqiqətin müəyyən edilməsi ilkin növbədə yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə və ya məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla təmin olunur.
26. Sübutların toplanması və təqdim edilməsi yükü isə tərəflərin üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Cavabdehin iddiaçı qarşısında yaranmış borcunun müəyyənləşdirilməsi xüsusi bilik tələb etdiyindən, birinci instansiya məhkəməsi 14 fevral 2023-cü il tarixdə ilkin məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti isə qərardadda qeyd olunmuş sualları cavablandıraraq, 12 aprel 2023-cü il tarixli məktubla məhkəməyə təqdim etmişdir.
28. İddiaçı ekspertin rəyi ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinə 05 may 2023-cü il tarixli etiraz ünvanlamış, məhkəmə-mühasibatlıq ekspertizasının düzgün aparılmadığını, kredit müqaviləsinə əsasən pul vəsaitlərinin öncə dəbbə, sonra faiz, daha sonra isə əsas məbləğdən silinməli olduğunu bildirərək təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir.
29. Birinci instansiya məhkəməsi iddiaçının qeyd olunan etirazının araşdırılması üçün 05 may 2023-cü il tarixdə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti isə qərardadda qeyd olunmuş sualları cavablandıraraq, 20 iyun 2023-cü il tarixli məktubla məhkəməyə təqdim etmişdir.
30. Nəticədə birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ekspertin rəyini məhkəmədə tədqiq etmiş, digər sübutlarla yanaşı qiymətləndirmiş və ona uyğun qərar vermişdir.
31. Odur ki, qətnamənin əsaslı olması keçirilmiş ekspertizanın nəticələrindən müəyyən edilir.
32. İddiaçı isə onun mübahisələndirdiyi məqamları aydınlaşdırmaq üçün birinci instansiya məhkəməsinin iki dəfə, yəni ilkin və təkrar məhkəmə-mühasibatlıq eskpertizası keçirməsini nəzərə almamış, qətnamədən apellyasiya şikayəti verərək, ekspertizanın nəticələrini yenidən mübahisələndirmişdir.
33. Məhkəmə kollegiyası isə müəyyən etmişdir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcu ekspert rəyinə əsasən müəyyən edilmiş, rəy iş materialları və Bankın özününün təqdim etdiyi maliyyə sənədləri əsasında verilmiş, iddiaçı ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı dəlillərə istinad etməmiş, yalnız subyektiv mülahizələrlə kifayətlənmişdir. Apellyator cavabdehin qət olunmuş məbləğdən daha çox əsas və faiz borcunun qaldığına dair heç bir sübut təqdim etməmiş, apellyasiya şikayətinin dəlilləri maddi hüquq normaları və iş materiallarına istinadla açıq-aşkar əsaslandırılmamışdır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Odur ki, apellyasiya şikayətində ekspert rəyinə etirazın əsası kimi istinad edilən hallar sübut edilmədiyindən və apellyasiya şikayəti formal mülahizələrlə əsaslandırıldığından təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
36. Həmçinin məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsaslanaraq izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 05 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.