Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6782/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2023cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" KB ASC (bank) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 4863sİNSH\21 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə görə bank Cavabdeh 35 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 1962 manat kredit verməyi, Cavabdeh isə krediti qəbul edib həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini, habelə əsas kredit borcuna hesablanmış faizləri qaytarmağı öhdələrinə götürmüşlər.
2. 22.08.2023-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh tarixə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 1773,34 manat əsas, 369,42 manat faiz borcu olmaqla, cəmi 2142,76 manat borcu vardır.
3. 01 may 2023-cü il tarixdə Cavabdeh yaranmış borc məbləğinin 3 iş günü müddətində qaytarmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. "xxxx" X5 Səhmdar Cəmiyyəti (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək cavabdehdən 1773,34 manat əsas, 369,42 manat faiz borcu olmaqla, cəmi 2142,76 manat borcun və ödənilmiş 41,43 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4863sİNSH\21 saylı kredit müqaviləsinə əsasən cavabdehə 35 ay müddətinə - xx.xx.2024-cü il tarixədək illik 26 faiz dərəcəsi ilə 1962 manat məbləğində kredit verilmiş, cavabdeh müəyyən olunmuş müddətə krediti faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz göndərmiş, etirazda aşağıdakıları göstərmişdir: “08 aprel 2016, 27 və 30 dekabr 2016-cı il tarixlərində olmaqla, ümumilikdə 3 dəfə mədəsində olan onkoliji xəstəliyi ilə bağlı qastrektomiya əməliyyatı keçirmişdir. Nəticədə mədəsi tamamilə çıxarılmışdır. Bu səbəbdən ona İİ qrup əlillik dərəcəsi təyin edilmiş və müvafiq əlillik müavinəti ayrılmışdır. Onun kredit vəsaiti üçün müraciət etməsinə səbəb də məhz xəstəliyi ilə bağlı dərman və müayinə xərclərini ödəmək üçün yaranmış zərurət olmuşdur. İddiaçı kredit müraciətini dəyərləndirərkən onun İİ qrup əlilliyi ilə bağlı müavinət almasını əsas tutaraq "Albalı" kart hesabı vasitəsilə kredit xətti açmışdır. Hazırda isə o, səhhətinə görə əmək fəaliyyəti ilə məşğul ola bilmədiyi üçün ailənin yeganə qazanc mənbəyi İkinci Vətən müharibəsində iştirak etmiş, bu iştirakı zamanı Zəngilan və Cəbrayılın azad olunmasına görə, Vətən Uğrunda medalları ilə, həmçinin müxtəlif Fəxri Fərmanlarla təltif olunmuş oğlu X1 fərdi əmək fəaliyyətindən əldə etdiyi gəlirləri olmuşdur. O da səhhəti ilə bağlı götürdüyü kreditləri oğlunun gəlirləri və aldığı müavinət hesabına ödəmişdir. Lakin oğlunun İkinci Vətən müharibəsində göndərilməsi və ona aydın olmayan səbəblərdən əlillik müavinətinin dayandırılması ailəni ağır maddi sıxıntıya salmışdır. Hətta oğlunun sağ-salamat evə dönərək yenidən əmək fəaliyyətinə başlasa da ona əlillik müavinətinin verilməməsi və xəstəliyinin şiddətlənməsi, xəstəliyi ilə bağlı xərclərinin artması krediti ödəməyinə imkan verməmişdir”.
7. Birinci instansiya məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında baxmış və 06 sentyabr 2023-cü il tarixli qətnamə ilə iddia tələbini təmin etmişdir.
8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, onların arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə öhdəliklərini lazımınca icra etməmişdir.
9. Cavabdehin etiraz ərizəsində göstərdiyi hallarla bağlı məhkəmə vurğulamışdır ki, onun ikinci qrup əlil olması, oğlunun müharibədə torpaqların işğaldan azad olunmasında iştirak etməsi və bununla əlaqədar təltif olunması cavabdehin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icra edilməsindən azad edilməsi və ya hər hansı bir şəkildə güzəştin tətbiq olunması üçün əsas ola bilməz. Belə ki, qanunvericilikdə belə bir hal nəzərdə tutulmamışdır.
10. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 442-ci, 448.1-ci, 739-cu maddələrinə istinad etmişdir.
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla məhkəmənin qanunsuz qətnamə çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə etiraz
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir
Apellyasiya baxışı
13. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 394-1.4-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
15. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
16. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.
30. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.
31. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
32. Maddə 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.
Apellyasiya baxışının həddi
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
34. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. Kollegiya birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, аpеllyаsiyа şikаyətinin dəlilləri formal mülahizələrdən ibarətdir.
37. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
38. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4449/2023 saylı iş üzrə 06 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə