Məhkəmə qərarları › İş №2(103)-6784/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6784/2023

06.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6784/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3219/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 46, 1 saylı mənzilə Cavabdeh mülkiyyət hüquqları xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır.

2. İddiaçı ilə Cavabdeh xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuşlar.

3. İddiaçı mübahisə predmeti olan mənzildə 2005-ci ildən 2014-cü ilədək qeydiyyatda olmuşdur. Tərəflərin nikahı pozulmuş və iddiaçı həmin mənzildə yaşayır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikah dövründə dövlət qeydiyyatına alınan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 46, 1 saylı mənzilə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 1998-ci ildə faktiki nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan 1 övladları anadan olmuşdur. Ailə qurduqdan sonra iddiaçı mübahisəli mənzilə gəlin köçmüş və birgə nikahda olarkən, 2001-ci il tarixdə həmin mənzil dövlət qeydiyyatına alınmış və cavabdehin adına həmin mənzilə dair mülkiyyət hüququ verilmişdir. Bunlara əsaslanaraq, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3219/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 46, 1 saylı mənzilə istifadə hüququnun tanınması qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulmuşdur.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına, Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3219/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 46, 1 saylı mənzilə istifadə hüququnu tanınması barədə iddiasının tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qənaətincə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ... məhkəmə İddiaçı cavabdeh MəmmədovFiridun Abbasəli oğluna qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə münasibətdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qətnamənin fəlsəfəsindən görünür ki, birinci instansiya məhkəməsi iddianın əsasına və mahiyyətinə əhəmiyyət verməmiş, yalnız iddiaçı tərəfin subyektiv mülahizələrinə istinad etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkməsəi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarının müddəalarını səhv təfsir etmiş, eyni zamanda Cavabdeh xüsusi mülkiyyətində olan və yaşadığı 16.22 kv.m sahədən ibarət 1(bir) otaqlı mənzilə onun boşanmaq ərəfəsində olan həyat yoldaşının istifadə hüququnu tanımışdır. Mübahisəli vəziyyətdə və boşanmaq ərəfəsində olan ər və arvadın bir otaqlı mənzildə birgə yaşaması nə dərəcədə doğrudur?! Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri 3 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı oğlu X3 ilə birlikdə xx.xx.2005-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Məhkəmə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə yazılı razılaşmanın bağlanılıb-bağlanılmaması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilib-edilməməsi, həmin vaxt üçün istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmaması barədə məsələlərə münasibət bildirməli və həmin məsələlərin dəqiqləşdirilməsi kontekstində qərar qəbuletməli olduğu halda etməmişdir. Birinci instansiya məhkəməsinin qənaətindən görünür ki, məhkəmə həm həqiqəti müəyyən etməmiş, həmdə həqiqəti müəyyən etməyə təşəbbüs belə göstərməmişdir. Yalnız iddiaçı tərəfin subyektiv mülahizələri əsasında qərar qəbul etmişdi. Belə ki, cavabdeh mübahisəli mənzili 1992-ci il tarixdə almış, iddiaçı ilə 2005-ci il tarixdə nikaha daxil olmuş, iddiaçı onunla hər hansı bir yazılı razılaşma olmadan xx.xx.2005-ci il tarixdən xx.xx.2014-cü il tarixədək həmin mənzildə qeydiyyatda olmuş, sonra isə özü həmin ünvandan qeydiyyatdan çıxaraq Biləsuvar rayonunda qeydiyyata düşmüşdür. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında yazılı razılaşma bağlanılmamış, həmin razılaşma notariat qaydasında təsdiq edilməmiş və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə, iddiaçı ilə cavabdeh arasında yazılı razılaşma bağlanılmadığı, həmin razılaşma notariat qaydasında təsdiq edilmədiyi və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınmasından söhbət gedə bilməz. İş materiallarından görünür ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi lazımi sübutları məhkəməyə təqdim etməmiş, yəni sözügedən mənzildən istifadə hüququnun əsaslandıran hər hansı sübuta malik olmadığı halda subyektiv mülahizələr vasitəsilə həmin mənzildən istifadə hüququnun olduğunu bildirmiş, birinci instaniya məhkəməsi də iddiaçı tərəfin mötəbər sübutlarının olmadığını nəzərə almamışdır. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını tam şəkildə araşdırmamış, yalnız iddiaçı tərəfin sübutlara söykənməyən subyektiv mülahizələri əsasında qərar qəbul etmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara qiymət verməli olduğu halda, bunu etməmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

12. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Məmmədov Firudin 1992-ci ildə Biləcəri deposunda işləyəndə bir otaqlı mənzil alıb, 2001-ci ildə mənzili özəlləşdirib. 2005-ci ildə iddiaçı ilə ailə həyatı qurub. 5 oktyabr 2023-cü ildə də boşanıblar. İddiaçı mənzildən istifadə hüququnun olduğunu bildirərək orada yaşamaq istədiyini deyir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarını səhv təhrif edib. Razılaşma olmalı idi, razılaşma notariat qaydada olmalı idi, bu da edilməyib. Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan da keçilməyib. Bir otaqlı mənzildir, ailələr orada necə yaşaya bilər. Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, 2009-cu il oktyabrın 1-dək ilə yaranan münasibətlər Mülki Məcəlləsinin 228-ci, həmin tarixdən sonrakı münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsi tətbiq edilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsidə mənzildən istifadə hüququnun ər-arvada da aid olduğu göstərilib. Ailə üzvləri mülkiyyətçilərlə bərabər istifadə hüququna malikdir. Məhkəmə Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrinin tələblərini pozub. Tərəfləri bir otaqdan ibarət mənzildə birgə yaşaması qeyri-mümkün haldır. İkinci ev cavabdehə vəsiyyətlə qardaşı tərəfindən verilib. Ev 72000 manata satılıb, 38.000 manatını iddiaçı əlindən alıb. Cavabdeh açıq ürək əməliyyatı keçirmişdir. Ev cavabdehin şəxsi mülküdür və onu oradan heç kəs çıxarda bilməz. Orada xanımın yaşaması barədə yüklülük qeyd edilməli idi. İddiaçının orada qeydiyyatı yoxdur.Əgər qeydiyyatı olsaydı,ona kompensasiya ödəmək olardı.

13. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirir.

14. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 1998-ci ildə ailə həyatı qurub, amma qayınanası onu illərlə nikah bağlamağa icazə verməyib. Yoldaşı ondan 17 yaş böyük olduğuna görə həmişə onun dünyasının dəyişəcəyini və evin ona qalacağını deyirdi. Oğlu məktəbə gedəndə direktor onların nikah haqqında şəhadətnamənin olmasının vacib olduğunu bildirdi. Ondan sonra cavabdeh 2005-ci ildə onunla nikah müqaviləsi bağladı. Burada söhbət ondan yox, oğlundan gedir. Onun 24 yaşlı oğlu var. O boşanıb, onun orada əmlak payı var və neçə il orada qeydiyyatda olub. Yasamalda olan evlərini 75.000 manata satdı və pulunu özünə götürüb getdi. İndi də bu evi istəyir. O öz payına qeydiyyata düşmək istəyir.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

16. Azərbaycan Respublikası Prosessual Mülki Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, iddiaçı mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 46, 1 saylı mənzilə istifadə hüququnun tanınmasını xahiş edir.

22. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının mübahisə predmeti olan mənzilə istifadə hüququ tanınmalıdır.

24. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vağzalyanı küçəsi, ev 46, 1 saylı mənzilə Cavabdeh mülkiyyət hüquqları xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuşlar. İddiaçı mübahisə predmeti olan mənzildə 2005-ci ildən 2014-cü ilədək qeydiyyatda olmuşdur. Nikahları pozulsa da iddiaçı həmin mənzildə yaşayır. Cavabdeh birinci instansiya məhkəməsində izahatında qeyd etmişdir ki, iddiaçı nikaha daxil olandan sonra evə gəlib. Hazırda həmin evdə yaşayır. (i.v.29).

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilir ki, “...yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir”

26. Mülki Məcəllənin 228.5-ci maddəsində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

27. Cavabdeh apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında mənzilə istifadə hüququ ilə bağlı razılaşmanın bağlanılıb bağlanılmaması və bu razılaşmanın qeydiyyata alınıb alınmaması araşdırılmamışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərinin mülkiyyətində olan mənzilə gəlin köçmüş, hazırda nikahı pozulsa da iddiaçı həmin mənzildə yaşayır. İddiaçının mübahisə predmeti olan mənzilə istifadə hüququ yaranmışdır.

29. Mülki qanunvericiliyin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri - əri, arvadının yaşayış binasının tərkib hissəsindən istifadə etmək hüququ vardır, bu hüquq mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. §15.

30. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3219/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar