Məhkəmə qərarları › İş №2(103)-6785/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6785/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6785/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-1447/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, iddiaçıya məxsus olan, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə dəymiş maddi ziyana görə 2000 manat pulun və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbləri onunla əsaslandırılmışdır ki, 2020-ci ilin ortaları tarixdən başlayaraq mütəmadi olaraq ünvan 1 ünvanında yerləşən, İddiaçı məxsus olan və hal-hazırda aiiləsi ilə birlikdə yaşadığı 24 saylı mənzilin üstündə yerləşən və Cavabdeh məxsus olan 27 saylı mənzildən davamlı olaraq iddiaçının mənzilinə su axıdılmış və mənzilə ciddi ziyan dəymiş, su axıdılması nəticəsində evin mətbəxi, dəhlizin və vanna otağının tavanı və s. hissələri yararsız hala düşərək sıradan çıxmışdır. Dəymiş ziyanın ödənilməsi barədə dəfələrlə cavabdehə xəbərdalıq edilmiş, mənzilə baxış keçirilmişdir. Lakin, cavabdeh edilən müraciətlərə əhəmiyyət verməmiş, dəymiş zərərin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-1447/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Təhminə Xəlilova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1362 (min üç yüz altmış iki) manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi, Cavabdeh 27,24 (iyirmi yeddi manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, 50 (əlli) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 15,95 (on beş manat doxsan beş qəpik) manat hissəsinin İddiaçı, 34,05 (otuz dörd manat beş qəpik) manat hissəsinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qərara alınmışdır.

4. İddiaçı qətnaməni mübahisələndirməmişdir.

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Əvvəla, onun mənzilindən iddiaçının mənzilinə su sızması onun qeyd etdiyi kimi davamlı olmamışdır və ekspert rəyində göstərildiyi qədər geniş sahəni əhatə etməmişdir. Su sızması nəticəsində iddiaçının mənzilinin dəhlizinin (koridorunun) giriş hissəsində, vanna otağında və mətbəxin tavanında cüzi hissədə, ümumilikdə 5-6 kv. metr sahədə saralma baş vermişdir. Həmin sahələrin və hətta bütövlükdə dəhlizin, vanna otağının və mətbəxin tavanının təmiri maksimum 500-600 manat xərc tələb edir. İkincisi, yaşadıqları bina 60 il əvvəl, keçən əsrin 60-cı illərin əvvəllərində tikilmiş, xalq arasında “Xuruşovka” adlandırılan evdir. Bina onsuz da köhnəlibdir və əsaslı təmirə ehtiyacı vardır. İddiaçı onun mənzilindən onun mənzilinə cüzi su sızmasından istifadə edərək, mənzilinin təmir xərcini tamamilə ondan almağa cəhd etmişdir. Təəssüf ki, məhkəmə də bu işdə ona kömək etmişdir. Üçüncüsü, hətta iddia ərizəsində mənzilin dəhlizinə, vanna otağına və mətbəxinə qismən su sızması qeyd edildiyi halda, ekspert rəyində və həmin rəyə əsaslanan məhkəmə qətnaməsində əlavə olaraq otaqlardan birinin də guya yarasız hala düşdüyü və təmir edilməli olduğu göstərilmiş və həmin təmirin pulunun da ondan tutulması qət edilmişdir. Qətnamədə "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin tərtib etdiyi 26 iyun 2022ci il tarixli akta istinad edilmiş və guya onun dəfələrlə dəymiş ziyanı ödəməyə söz verdiyi göstərilmişdir. O, ziyanı ödəyəcəyini bildirmiş, amma hər hansı məbləğ barədə vəd verməmiş və hesab edir ki, ziyanın məbləği 500-600 manatdan artıq deyil. Kooperativ üzvlərinin yazdığı akt fərziyyədir. Hətta ekspert su sızmasının dəqiq səbəbini müəyyən edə bilməmişdirsə, həmin sahədə mütəxəssis olmayan sakinlər bunu necə müəyyən ediblər? O, ekspert rəyi ilə müəyyən edilmiş qiymətlə razılaşmamış və təkrar ekspertiza keçirilməsini yazılı ərizə ilə məhkəmədən tələb etmişdir. Məhkəmə onun vəsatətinə əhəmiyyət belə verməmiş, işi bir tərəfli, iddiaçının maraqları mövqeyindən tədqiq etmiş və qiymətləndirmiş, nəticə etibarıilə qismən əsassız və qeyri-qanuni qətnamə çıxarmışdır.

7. Ona görə də qətnamənin dəyişdirilərək, iddiaçıya dəymiş ziyanın məbləği və ondan iddiaçının xeyrinə tutulmalı məbləğin azaldılaraq, 600 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

10. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı № 147493 saylı 22 mart 2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 24 saylı mənzil iddiaçının mülkiyyətindədir.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli məktuba əsasən ünvan 1 ünvanında yerləşən 27 saylı mənzil xx.xx.1992-ci il tarixdən Cavabdeh mülkiyyətindədir.

12. ünvan 1 ünvanında yerləşən binanın sakinləri və eyni zamanda "xxxx" Mənzil Tikinti Kooperativinin üzvləri tərəfindən tərtib edilmiş və həmin kooperativin sədri tərəfindən təsdiq edilmiş 26 iyun 2022-ci il tarixli aktdan görünür ki, aktı tərtib etmiş şəxslər cavabdehə məxsus 27 saylı mənzildən iddiaçıya məxsus mənzilə çirkab suyunun axıdılmasını və bunun nəticəsində iddiaçıya məxsus mənzilin həm giriş hissəsinin tavanının, həm də vanna otağının tavan hissəsinin yararsız vəziyyətə düşməsini təsdiq etmişlər.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2023-cü il tarixli 10/2318 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 24 saylı mənzilin binanın 3-cü mərtəbəsində, cavabdehə məxsus 27 saylı mənzilin isə binanın 4-cü mərtəbəsində yerləşdiyini, 24 saylı mənzilin bir yaşayış otağı, dəhliz və mətbəx tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasmal rayonu, H.Cavid prospekti, məhəllə 500 ünvanında yerləşən 4 saylı evin 24 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 27 saylı mənzildən su axıdılığı və nəticədə 24 saylı mənzilin bir yaşayış otağı, dəhliz, hamam və ayaqyolu tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 27 saylı mənzilin sanitar qovşağı tikilisi təmirli olduğundan, eyni zamanda sukanalizasiya xətlərinin üzərində qüsurlar olmadığından 24 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 24 saylı mənzilə su sızması 27 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 500 ünvanında yerləşən 4 saylı evin 24 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1362,0 manat məbləğində müəyyən olunmuşdur. Tətbiq edilən maddi hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Tətbiq edilən prosessual hüquq normaları:

19. Mülki Prosessual Məcəllə

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

23. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

24. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

25. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

26. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

31. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

33. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.

37. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur.

38. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

39. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

40. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

41. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

42. İddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır.

43. Beləliklə, cavabdehə məxsus mənzildən su sızması nəticəsində həmin ünvan üzrə iddiaçıya məxsus mənzilə su sızması hallarına yol verildiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur.

44. Cavabdeh apellyasiya şikayətində onun mənzilindən cavabdehin mənzilinə su sızmasını mübahisləndirməmişdir, lakin həmin su sızmasının çox cüzi olduğunu, dəymiş ziyanın məbləğinin 500-600 manatdan artıq olmadığını qeyd etmişdir. Bununla belə, cavabdeh qeyd etdiyi həmin halların təsdiqi kimi hər hansı sübut, həmçinin zərərin 1362,0 manat məbləğində müəyyən edilməsi barədə hazırkı ekspert rəyini də şübhə altına ala biləcək sübutlar təqdim etməmişdir.

45. Bu baxımdan, Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2023-cü il tarixli 10/2318 saylı ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 500 ünvanında yerləşən 4 saylı evin 24 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1362,0 manat məbləğində müəyyən edildiyindən rayon məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.

46. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

48. Beləliklə, Kollegiya qeyd edir ki, cavabdehin mənzilindən su sızması nəticəsində iddiaçının mənzilinə dəyən zərər təsdiq olunduğundan rayon məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

51. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

52. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

53. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Yasamal Rayon Məhkəməsinin 2(004)-1447/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar