Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6786/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh Cəlal oğlunun, onun nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(011)-358/2021 saylı qətnaməsindən Cavabdeh Cəlal oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh Cəlal oğluna qarşı onun əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3510 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 3 ay sınaq müddəti ilə müddətsiz əmək müqaviləsi bağlanmış və cavabdeh baş satıcı vəzifəsinə qəbul edilmiş, onunla “Tam maddi məsulilyyət” haqqında müqavilə bağlanmışdır. 25.10.2018-ci il tarixli, 479-K saylı əmrlə o, administrator vəzifəsinə keçirilmiş, 28.06.2019-cu il tarixli, 269-K saylı əmrlə işdən azad olunmuşdur. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 01.03.2019-cu il tarixdə Oba-Əhmədli 9 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərərvurması müəyyən edilmiş, 01.03.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3921 manat məbləğində məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 411 manat güzəşt edilmiş, qalıq borc 3510 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(011)-358/2021saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə Cavabdeh Cəlal oğlundan ödənilməmiş 3510 manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh Cəlal oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsində yazılanları təkrarlamış, bunu “sübut” kimi qəbul etmişdir. Zərərin necə, hansı yolla vurulması və bunu sübut edən hallar göstərilməmişdir. Məhkəmə işi lazımı qaydada araşdırmamış, səhv nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmişdir. Əsas diqqət çəkən məsələlərdən biri də mağazaya daxil olan malların miqdarının və qiymətinin mağazada olan kompüterdə qeydə alındıqdan sonra həmin qeydiyyatın mərkəzi ofisdəki kompüterlər vasitəsi ilə dəyişdirilə bilməsi, müdaxilə oluna bilməsidir. Cavabdeh israr etsə də bu məsələ araşdırılmamışdır. Mağazaya daxil olan mallar mağazadakı kompüterdə qeydə alındıqdan sonra ora kiminsə müdaxilə etməsi mümkünsüz olmalıdır, əks halda cavabdehdən xəbərsiz mağazadakı malların miqdarı və qiyməti dəyişdirilə bilər ki, bu halda Cavabdeh Cəlal oğlu buna cavabdeh ola bilməz. Məqsəd Cavabdeh Cəlal oğlu kimi təcrübəsiz və gənc işçiləri tələyə salmaq, əsasız pul qoparmaqdır. Məsələn cavabdehin əlində bütün mağazalar şəbəkəsində 25 kisə un olduğu halda (20 kisə cavabdehin işlədiyi mağazada olmuşdur) mərkəzi anbara un daxil olmadan guya cavabdehə əlavə olaraq 20 kisədə un göndərilməsinə dair sübut var. Bu sadəcə bilərəkdən törədilmiş cinayət əməlidir, buna qiymət verilməlidir. Qeyd edilməlidir ki, bu kimi hərəkətlər təkcə cavabdehə qarşı deyil, başqalarına qarşı da törədilmişdir və törədilir, bu artıq sistemli forma almışdır. Təbii ki, bu əməllər barədə aidiyyəti orqanlara müraciət ediləcəkdir. Məhkəmə cavabdehin xahişinə əməl etməmiş, hər şeyin göz qabağında olduğu halda cinayət tərkibi olan bu əmələ göz yumması, cinayətin baş tutmasına şərait yaratmışdır. Mağazaya daxil olan malların necə qeydə alınması, cavabdehin məsuliyyətinin dərəcəsi və qanuniliyi araşdırılmamış və qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Cəlal oğlu, onun nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv olunaraq, iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası bu konteksdə prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(011)- 358/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmış, cavabdeh 14.05.2018-ci il tarixdə baş satıcı vəzifəsinə işə götürülmüş, 25.10.2019-cu il tarixdə administrator vəzifəsinə keçirilmiş və 28.06.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 01.04.2019-cu il tarixdə aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə 3921 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Cavabdeh 25 mart 2019-cu il tarixdə zərərin vurulması etirafı barədə İltizamı imzalamış və iltizamın “mağaza administratorunun xüsusi qeydləri” bölməsində yoxlama və araşdırma prosesindən tam razı olduğunu bildirmişdir. Cavabdehə ödənilməli olan 3921 manat borcdan 411 manat güzəşt edilmişdir, bu günə qalıq borc 3510 manat təşkil edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-nin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. MM-nin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi ilə cavabdeh öz üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh onunla bağlanmış əmək müqaviləsinin və tam məsuliyyət haqqında müqavilənin şərtlərini kobud surətdə pozmuş, iddiaçıya 3921 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh iltizamnaməyə imza etməklə iddiaçıya vurduğu ziyanı etiraf etməklə, həmin məbləğində pulun iddiaçıya qaytarılması öhdəliyini qəbul etmişdir. Odur ki, iddiaçı ödənilməmiş qalan 3510 manat pul vəsaitini tələb etməkdə haqlıdır. Kollegiya apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, o, 25 mart 2019-cu il tarixdə zərərin vurulması etirafı barədə İltizamı imzalamış və iltizamın “mağaza administratorunun xüsusi qeydləri” bölməsində yoxlama və araşdırma prosesindən tam razı olduğunu bildirmişdir. Apellyator iltizamnaməni imzalamağa məcbur edildiyini bildirsə də, bu barədə sonradan Cəmiyyətin özünə, yaxud digər qurumlara şikayət etməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə yuxarıda sadalanan normalara qiymət verərək belə hesab edir ki, cavabdehdən 3510 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Göründüyü kimi, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Cəlal oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(011)- 358/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6786/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6786/2021
08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver