Məhkəmə qərarları › İş №2(103)-6786/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6786/2022

18.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6786/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Mahirə Məmmədovanın, iddiaçının vəkilləri Vəkil və Kamandar Nəsibovun, cavabdehlər Cavabdeh1 və Cavabdeh3, üçüncü şəxs Şahid1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “evə istifadə və sahiblik hüququnun tanınması, evdən çıxarılma və evin təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən 23/41 nömrəli fərdi yaşayış evi ilə bağlıdır (bundan sonra – ev). Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Evə dair hüquq müəyyənedici sənəd yoxdur. Evdə cavabdehlər yaşayır. Tərəflər evin sahəsinin 12 kv.metr olduğunu bildirirlər. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddiaçının evə sahiblik və istifadə hüququ tanınsın, cavabdehlər evdən çıxarılsın və ev iddiaçıya təhvil verilsin. İddia onunla əsaslandırılıb ki, ev iddiaçının atasının sahibliyində və istifadəsində olub, 2000-ci illərdən iddiaçının atası öz ailə üzvləri ilə birlikdə evdə yaşamağa başlamışdır. 2009-cu ildə iddiaçının atası vəfat etmiş, iddiaçı isə ailəsi ilə birlikdə Azərbaycanı müvəqqəti tərk etmişdir. İddiaçının ölkədə olmadığı müddətdə evdə iddiaçının bacısı oğlu Elman Məmədov yaşamışdır. 2021-ci ilin yay aylarında iddiaçı Bakıya qayıtmış, evə daxil olmaq istəyərkən müəyyən etmişdir ki, evdə kənar şəxslər yaşayır, həmin şəxslər onu evə buraxmamışlar. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırlıb ki, iddiaçının evə sahiblik etməsi öz təsdiqini tapmır. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkilləri apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Apellyasiya icraatı zamanı Şahid1 cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürüməyən üçün şəxs kimi tanınmışdır. O, izahatında apellyasiya şikayətinin əsassız oluduğunu bildirdi. Qətnamənin yoxlanılması: Müəyyən olunur ki, iddiaçı 2021-ci ilin dekabr ayında (20 il əvvəl) ailəsi (arvadı və övladı) ilə birlikdə Azərbaycanı tərk edərək Almaniyaya gedib. Bunu iddiaçının özü və nümayəndəsi (arvadı Mahirə Məmmədova) etiraf edirlər. Yəni iddiaçı 20 ildən artıqdır ki, həmin evdə yaşamır. Bu müddətdə iddiaçının evə sahiblik etdiyini təsdiq edən heç bir hal müəyyən olunmur. Yəni evdə iddiaçıya məxsus olan hər hansı əşya yoxdur, evin giriş qapısının açarı iddiaçıda deyil, habelə evin su, qaz və elektrik enerjisi ilə təmin edilməsinə dair müqavilələr iddiaçının adına deyil. İddiaçı Almaniyaya gedənə qədər, yəni 2001-ci ilin dekabr ayına qədər evdə 11 ay yaşayıb. Belə ki, ev 2001-ci ilin yanvar ayında əldə olunub, bundan sonra evdə iddiaçın, iddiaçının ailəsi, iddiaçının mərhum atası və iddiaçının bacısı oğlu (üçüncü şəxs Şahid1) yaşayıblar. İddiaçı Almaniyaya getdikdən sonra isə evdə onun atası və bacısı oğlu yaşamaqda davam edib. Evin iddiaçının adına əldə olunması barədə heç bir sənəd yoxdur. O cümlədən evin iddiaçının vəsaiti hesabına alındığını və iddiaçı evi tərk edənə qədər evin məhz iddiaçının sahibliyində olduğunu təsdiq edən sübut yoxdur. Cavabdehlər bildirirlər ki, onlar evi 2019-ci ildə iddiaçının bacısı oğlundan (üçüncü şəxs Şahid1) 12.000 manata satın alıblar, alqı-satqı barədə sənədləşmə olmayıb, alqı-satqı şifahi razılıq əsasında həyata keçirilib. Bunu üçüncü şəxs Şahid1 da təsdiq edir. O, bildirir ki, evi 12.000 manata Cavabdeh1 satıb. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 159, 162 və 164-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının evə sahiblik və istifadə hüququnun tanınması üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar