Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6787/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Yadulla qızı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 7118 manat borcun cavabdehdən tutulub iddiaçıya ödənilməsi və tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov, iş №2(008)-1991/20) iddia qismən təmin olunaraq, Cavabdeh 5850 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 5950 manat pul məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, həmçinin tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli K00218462 saylı müqavilənin ləğv edilməsi qət olunmuşdur. Cavabdeh apelyasiya şikayəti verərək Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıX2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Cavabdeh MMC-dən Samsung markalı paltaryuyan, soyuducu və LED TV almış və nəticədə 6297 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 6297 (altı min iki yüz doxsan yeddi) manat (18 ay x 325 manat + 447 manat ilkin ödəniş) olan paltaryuyan, soyuducu və LED TV üçün 7118 (yeddi min yüz on səkkiz) manat olmaqla ondan, 5850 (beş min səkkiz yüz əlli) manat ödənilməmiş hissə, 1268 (min iki yüz altmış səkkiz) manat (3.25 manat x 390 gün) hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında dəbbə pulu) borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. İddiaçı qeyd olunanlar nəzərə alınmaqla cavabdehdən 5850 manat məbləğində əsas borcun, 1268 manat məbləğində cərimə borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə isə 7118 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən götürülmüş məişət əşyaları üzrə 447 manat ödəniş edilsə də, məhkəmə cavabdehin məhkəmə iclasında iştirakını təmin etməməsi nəticəsində artıq hesablama apararaq 5960 manat əsas borc müəyyən etmişdir. İddiaçının nümayəndəsi N.Cəfərov məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməyən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, cavabdeh isə yalnız iddianın təmin edilən hissəsini mübahisələndirmişdir. Bu səbəbdən də hazırki qətnamə yalnız cavabdeh şikayətinə münasibətdə və apelyasiya qaydasında mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdehin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx xxxx 2018-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh ümumi qiyməti 6297 manat olan avadanlıq nisyə satış şərtləri ilə verilmişdir. Qeyd edilən sazişə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh həmin borcu müqavilənin bağlandığı gündən bir ay sonra – xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay banka 325 manat ödəməklə qaytarmalıdır. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyinə istinad edən iddiaçı məhkəmədə borcun tutulması barədə iddia qaldırmışdır. İddiaçının tələbi nisyə satış müqaviləsi üzrə 5850 manat əsas, 1268 manat cərimə olmaqla, cəmi 7118 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq qismən təmin etmiş və qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun əsas borcu 5850 manat, cərimə borcu 1268 manat təşkil etmişdir. Məhkəmə 1268 manat cərimə borcunu tənasübsüz surətdə yüksək sayaraq həmin məbləği 100 manat həddində müəyyən etmişdir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443, 448, 467-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, iddiaçı tərəfindən uzun müddət ödəniş edilməməsi nəticəsində cərimə borcu yaranmışdır ki, bu borcun yaranması şərtləri tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır. Həmçinin, məhkəmə kollegiyası tutulmuş 100 manat cərimə borcunu tənasübsüz surətdə yüksək məbləğ hesab etmir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin müqavilə üzrə əsas borcu müəyyən edilərkən onun tərəfindən ödənilmiş 447 manat nəzərə alınmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehin iştirak edib-etməməsindən asılı olmayaraq iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6787/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6787/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver