Məhkəmə qərarları › İş №2(103)-6791/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6791/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6791/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-ə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına) qarşı “pul məbləğinin restrukturizasiya olunması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-1636/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh ASC-ə qarşı “pul məbləğinin restrukturizasiya olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının onunla Cavabdeh ASC arasında olan kredit müqaviləsinə şamil edilərək restruktrizasiya aparılmasının ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi X1 həvalə edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ASC-nin Saatlı filialından K529 nömrəli xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2 190 manat kredit götürmüşdür. Üzrlü səbəbdən krediti tam ödəyə bilməmişdir. Tam savadsızdır. Onu bankın rəhbərliyi banka dəvət edərək bildirmişdir ki, müqaviləni yeniləmək lazımdır və bu iş sənin xeyrinə olacaq. O, bankın rəhbərliyinə inanmış və razılaşmışdır. Yeni müqavilə tərtib edilmiş, o da inanıb imzalamışdır. xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti problemli kreditlərin həlli ilə bağlı Fərman vermişdir. Onu aldadıb xx xxxxxx 2019-cu il tarixdə yeni müqaviləni imzalatdırmasaydılar, onun 2014-cü il tarixli müqaviləsi də həmin Fərmanın təsiri altına düşəcəkdi. Hal-hazırda rəsmi nümayəndəsi Mərkəzi banka və aidiyyatı bank təşkilatlarına müraciətlər etmişdir. Lakin restrukturizasiya edilməsindən imtina edilmişdir. Bütün bu faktlar onu təsdiq edir ki, bank rəhbəri əvvəlcədən bilərəkdən onu aldadaraq xx xxxxxx 2019-cu il tarixli müqaviləyə ona imza etdirmişdir. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-1636/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin bankın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ASCnin Saatlı filialı arasında xx xxx 2014-cü il tarixdə bağlanmış K-529 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Bankdan illik 27 faiz olmaqla 36 ay müddətinə 2 190 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC-nin İmişli filialı arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış 102MGTK8959353AA nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən İddiaçı əvvəlki kredit borcunun silinməsi məqsədilə 1 670 manat məbləğində kredit verilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC-dən illik 27% hesablanmaqla 36 ay müddətinə 2 190 manat məbləğində kredit almışdır. Əvvəllər kredit üzrə ödənişləri vaxt-vaxtında ödəsə də, sonradan kredit üzrə ödəmədə çətinliyə düşmüşdür. Kredit üzrə ödənişdəki gecikmə aradan qalxsın deyə Bankın filial rəhbərliyinin təşəbbüsü ilə o, Banka dəvət edilərək yeni müqavilə bağlanması və yeni müqavilə üzrə əldə etdiyi vəsait hesabına xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü kreditin tam bağlanması təklif edilmiş və onun da razılığı ilə xx xxxxxx 2019-cu il tarixli yeni kredit müqaviləsi bağlanmış və əvvəlki kredit borcunun ödənilməsi məqsədilə ona 1 670 manat məbləğində kredit verilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanda devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Maliyyə X2 xx xxxx 2019-cu il tarixli ”Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiyanəticəsində manatla artmış hissəsinin ödənilməsi müxanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.10-cu bəndinə əsasən kompensasiya – fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ mənasını ifadə edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğv etmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğv etmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olduğu şəxs tərəfindən Palataya təqdim edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Göründüyü kimi müvafiq Fərmanla ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği Azərbaycan Respublikası Maliyyə X4 tərəfindən müəyyən edilir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Maliyyə X4 ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Yuxarıda sadalanan əsaslardan aydın olur ki, mövcud vəziyyətdə pul məbləğinin ödənilməsi və pul məbləğin həcminin müəyyənləşdirilməsi kommersiya bankları tərəfindən deyil, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Bununla belə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının onunla Cavabdeh ASC arasında olan kredit müqaviləsinə şamil edilərək restruktrizasiya aparılmasının ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi X1 həvalə edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və birinci instansiay məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Kollegiya həmçinin onu da qeyd edir ki, xx xxxxxx 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Bu isə o deməkdir ki, həmin Fərmanın müddəaları hazırki işə tətbiq edilə bilməz. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlməklə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-1636/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar