Məhkəmə qərarları › İş №2(103)-6799/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6799/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6799/2023 20.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı1, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3473/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" MMC ilə İddiaçı1 arasında xx.xx.2021-ci il tarixli müqavilə imzalanmış, müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış üçün yararsız binanın söküntüsü İcraçı "xxxx" MMC tərəfindən həyata keçirilməli, Sifarişçi İddiaçı1 mülkiyyətində olan 2 otaqlı, 11 saylı, 38.8 kv.m. mənzilin əvəzinə yeni inşa olunacaq binada 2 otaqlı 60 kv.m. mənzil Sifarişçi İddiaçı1 təhvil veriləcəkdir. Müqavilənin 2.1.3-cü maddəsinə əsasən İcraçı yaşayış üçün yararsız olan mənzilini boşaldaraq müvəqqəti olaraq kirayə mənzilə köçmək üçün Sifarişçiyə birdəfəlik 150 manat məbləğində kompensasiya ödəyir və binanın tikintisi başa çatdırılaraq Sifarişçiyə təhvil verilənə kimi İcraçı hər ay 500 manat kirayə məqsədləri üçün kompensasiya ödəyir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması” tələbinə dair ərizə ilə müraciət etmişdir.

3. İddia tələbi ilk öncə cavabdeh tərəfindən daşınmaz əmlakın sökülməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi, yeni şərtlərlə mənzillə təmin edilmə və pul tələbinə dair iddia qaldırmışdır. Məhkəmə hazırlıq mərhələsində araşdırmanın gedişatına uyğun olaraq iddiaçı tərəfindən sözügedən tələbin hüquqi əsası dəyişdirilmiş və müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması kimi irəli sürülmüşdür.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının evi cavabdehlə bağlanmış müqaviləyə əsasən sökülərək yerində yeni binanın tikiləcəyi və həmin binada iddiaçıya mənzil veriləcəyi tərəflər arasında razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə Cavabdeh MTK tikiləcək binaların ünvanını, veriləcək konkret mənzil göstərilməmiş, binanın layihəsi və digər sənədlər müqaviləyə əlavə edilməmişdir. İddiaçı1 arvadı İddiaçı2 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi, ipoteka ilə yüklü edilmiş əmlakla bağlı Maraqlı şəxs ASC-nin razılığı alınmamışdır. Sökülmüş mənzil ipotekada olduğundan cavabdeg tərəfindən verilmiş kirayə pulunun əsas hissəsi ipoteka kreditinə ödənilmişdir. Cavabdeh MTK tərəfindən binanın nə vaxt tikiləcəyi, mənzilin nə vaxt təhvil veriləcəyi qeyri-müəyyəndir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3473/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə müqavilənin notarial qaydada bağlanılması məcburi hesab edilmir. Bu səbəbdən, müqavilə sadə yazılı formada bağlanmaqla forma şərtlərinə cavab verir. Sözügedən müqavilə daşınmaz əmlaka sərəncam verməklə (alqı-satqı, bağışlanma və s.) bağlı deyil, Sifarişçi və İcraçı arasında bağlanmış əmlakın söküntüsünün həyata keçirilməsi şərtləri və yeni tikiləcək binada mənzillə təmin edilmə ilə bağlı olmuşdur. Müqavilənin məzmunu ilə bağlı məhkəmə qeyd etmişdir ki, məzmun tərəflərin iradə ifadəsi və müqavilə azadlığı prinsipləri rəhbər tutulmaqla qarşılıqlı razılıq əsasında tərtib edilir. Mübahisə predmeti olan müqavilənin formal tələblərinə əməl olunur, məzmunu aydın və anlaşılandır. Müqavilə şərtlərin detallı, təfsilatı formada müəyyən edilməməsi onun etibarsızlığına dəlalət etmir. Etibarsızlığın iradə qüsurluluğu ilə bağlı məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə üzrə sözügedən müqavilənin bağlanmasına münasibətdə iddiaçının iradəsi zədələnməmiş, iddiaçı sərbəst şəkildə iradəsini ifadə etməklə müqavilə münasibətlərinə daxil olmuşdur. Qeyd edildiyi kimi müqavilənin şərtlərinin detallı olmaması iradə qüsuruna səbəb olmur. Nəzərə almaq lazımdır ki, iddiaçı mülkiyyətçi qismində iradə ifadəsini daha ətraflı formada ortaya qoyaraq müqavilə şərtlərinin daha təfsilatlı müəyyənləşdirilməsinə nail ola bilərdi. Həmin xüsusatlarla bağlı razılıq əldə edilmədikdə isə mülkiyyətçinin toxunulmaz mülkiyyət hüquqları qanunla müəyyən edilmiş qaydada dövlət tərəfindən müdafiə ediləcəkdi. Subyekt tərkibi ilə bağlı məhkəmə qeyd etmişdir ki, müqaviləni bağlayan şəxslər fiziki və hüquq şəxs olmaqla tam fəaliyyət qabiliyyətli subyektlər olmuşlar. Sifarişçi qismində mənzilin mülkiyyətçisi məhz İddiaçı1 çıxış etmişdir. Deməli, subyekt tərkibi nöqteyinəzərdən də müqavilənin etibarsız hesab olunmasına əsaslar yoxdur.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 337.1, 337.2, 337.3, 337.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 sentyabr 2023-cı il tarixli, 2(004)-3473/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə zidd olaraq mülkiyyət hüququnun pozuntusu ilə bağlı baş vermiş qanunsuz hallara hüquqi qiymət verməmişdir. Mübahisələndirilən sazişin qanunvericilik aktlarına uyğun olmaması, mənzilə hüququ olan şəxslərin nəzərə alınmaması, müqavilənin qeyri-müəyyənliyi və digər xüsusatlar mülki hüquqların pozuntusu kimi qiymətləndirilməli idi. Müqavilə layihəsi cavabdeh tərəfindən təqdim edilmiş və təqdim edildiyi şəkildə də imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 417-420-ci maddələrinə əsasən müqavilə standart şərtlər əsasında bağlanıla bilər. Məcəllənin 420.2-ci maddəsində deyilir: “Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlımaraqları və sair nəzərə alınmalıdır”. İddiaçı ilə saziş bağlayarkən cavabdeh məhz vicdanlılıq prinsiplərini pozaraq etimaddan sui-istifadə etmişdir. Ona görə də bu əsasla da müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 421-ci maddəsində göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Mülki Məcəllənin 393-cü maddəsində göstərilmişdir ki, tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Cavabdeh qanunun bu tələbinə riayət etməmiş, birinci instansiya məhkəməsi öz qərarında iddia tələbinin bu dəlilinə münasibət bildirməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, o hüquqşünas deyil, ancaq müqavilə cavabdehin mənafeyinə uyğun olaraq yazılıb. Müqavilə imzalandı və təməl çuxuru 2 ildən sonra qazıldı. O bu haldan çox narazıdır. Digər sakinlər də narazıdır, onların şikayət veribvermədiyini bilmir.Vətəndaş incidilir, o çox əziyyət çəkir. Bu məsələ onun evinə dava salıb. Onun yoldaşı müqaviləyə imza çəkildiyinin necə ola biləcəyini deyir. O imza atıb, başqa şirkətin nümayəndəsi də imza atıb. Əvvəlcədən onu aldatdılar, ora gedəndə ona söz verdilər, o da inanıb. Ora təkrar-təkrar gedib və qonşularla bağlanılan notarial müqaviləni onunla da bağlamasını istəyib. 5 ailə üzvü ilə birlikdə ünvanı bəlli deyil.Təməl çuxurunu öz istədikləri vaxt,özlərinə sərf edən şəraitdə atıblar. O təhvil vermə-təhvil almanın qaydasını bilir, çünki müharibə veteranı olduğuna görə Prezidentin sərəncamı ilə mənzil verib. Aktı imzalamamış, mənzili təhvil verməmişdilər. O açarı verərək tam təmirli mənzildən çıxıb. O cür vəziyyətdə mənzildə yaşamaq istəyir. Akta imza atılmasa, ona istədiyi mənzilin verilməsini xahiş edir. Onunla hansı mənzildə yaşayacağı razılaşdırılmalı idi. Məhkəməyə gəlib müraciət etməyənə qədər ona müqavilə bağlanılmasını təklif edən yox idi. O müqavilədən 10 gün keçdikdən sonra şübhələnərək Şahin müəllimə müraciət edib, Şahin müəllim ona heç bir narahatçılıq olmamasını və vətəndaşların evini təqdim etdikdən sonra ona da mənzili təqdim edəcəyini bildirdi. O, 5 nəfər ailə üzvləri ilə iki otaqlı mənzildə yaşaya bilməyəcəyini də ona deyib. O, Şahin müəllimə 3 otaqlı ev istədiyini dedikdə o təmir və digər məsələlərdən imtina etməklə üçotaqlı evi ona verə biləcəyini bildirdi. Bunu deyərək onu hər dəfə aldatdılar. Müqavilənin bağlanılmasında 3 il keçib. O müqaviləni oxuduqda işdən çıxarılan nümayəndəyə müraciət edib, görüb ki, onu aldatdılar. İşi uzatdıqlarını gördüyünə görə məhkəməyə müraciət edib. Fundamet qoyulanda o layihənin təqdim edilməsini xahiş edib, ona nəinki layihə, heç bir sənəd təqdim edilmədi. Əgər ona layihə təqdim edilsə idi, onun orada imzası olardı. Cavabdeh onu aldatdığına görə o da öz ailəsini onlarla razılığa gələcəklərini deyərək aldatıb. Axırda evdən çıxandan sonra heç nə olmadı və evində söz-söhbətlər başladı. 2019-cu ilin fevral ayında müqaviləni bağlayaraq evdən çıxıblar. Onlara ilkin sənəd olmasını və bundan sonra layihənin və digər sənədlərin gətiriləcəyini dediklərinə görə onlar sənədi imzalayıblar. Hətta, onlara burada yaşadığına görə əlavə güzəştlərin də olduğunu dedilər, o güzəştlərin nə olduğunu soruşduqda mənzilin kvadratını 1000 manatdan satılacağını dedilər. Sonra ona 5-ci mərtəbə hazır olduqda gəlməyini söyləyiblər. Cavabdeh onu aldatdığı üçün o da evdəkiləri aldatıb, belə ki, şirkətin işinə maneə olmamaq üçün evdən çıxmağı və evin tez zamanda hazır olacağını onlara deyib. İpotekanı üzərinə faiz gəlməsindən qorxduğuna görə ödəyib.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, rayon məhkəməsi tərəfindən maddi və prosessual normalar pozulmuşdur. Tərəflər arasında bağlanılmış 29 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK İddiaçı1 39,1 kv.metr mənzilinin əvəzində yeni inşa ediləcək çoxmənzilli binadan 60 kv.metr mənzil verəcəyini vəd etsə də, faktiki hansı ünvanda və binada, hansı blokda, mərtəbədə, neçə nömrəli mənzili verəcəyini razılaşdırmamış, binanın layihəsini və digər sənədləri müqaviləyə əlavə etməmişdir. Həyat yoldaşının notarial qaydada təsdiq edilmiş ərizəsi, sənədlər və ipoteka ilə yüklü olan əmlakla bağlı maraqlı şəxsin yazılı razılığını almamışdır. Cavabdeh tərəfdən müqaviləni imzalamış Qurban Əliyev İddiaçı1 hazırkı sazişin müvəqqəti bağlanıldığını, tikiləcək çoxmənzilli binanın sənədləşmə işləri tamamlandıqdan sonra yeni notarial qaydada təsdiq ediləcək yekun müqavilə bağlayacaqlarına söz versə də, buna əməl etməmiş, sonra həmin şəxs onlara məlum olmayan səbəblərdən işdən kənarlaşdırılmışdır. İddiaçıların rəsmi və qeyri-rəsmi müraciətləri qulaq ardına vurulmuş, bugün sabah danışıqlara başlanılacağı söylənilsə də, sözlərini tutmamışlar. İddiaçılar faktiki olaraq aldadılmış, iradələri zədələnmişdir. Bu hallar isə cavabdehin öz mənafeyinə uyğun müqavilə bağladığını və müxtəlif bəhanələrlə öhdəliklərindən imtina etdiklərini göstərir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş sənədlərdən görünür ki, tikinti ilə bağlı zəruri sənədlər əldə edilmədən binanın söküntüsü həyata keçirilmiş, iddiaçılara görülən işlər barədə heç bir məlumat verilməmişdir. Mübahisəli evin yüklü olması, birgə nigah dövründə əldə edilməsi və digər xüsusatlarla bağlı araşdırma aparılmamışdır. İş materialına əlavə edilmiş layihəyə əsasən çox sayda binanın tikintisinin nəzərdə tutulmasına baxmayaraq yalnız 5-ci binanın 9-12 ci mərtəbələrinin planını əks etdirən layihə təqdim edilmiş, bunu iddiaçıların mənzilinin sxemi kimi göstərmişlər.Halbuki, hazırda 1-ci binanın tikintisi gedir və məhz bu evdən mənzil veriləcəyi vəd edilmişdir. İş materiallarına sonra təqdim edilmiş obyektin tikintisinə icazə verilməsi haqqında 3 noyabr 2022-ci ildə qərarı var və həmin qərar müqavilədən sonra əldə edilib. Müqavilə həmçinin notarial qaydada bağlanmayıb. Bu da Mülki Məcəllənin 393-cü maddəsidən irəli gəlir. Onlar hesab edir ki, Mülki Məcəllənin 420.1.2-ci maddəsinə əsasən müqavilənin müddəaları kifayət qədər aydın olmadıqda etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələri ipoteka saxlayanın yazılı razılığı olmadan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsızlığını müəyyən edir. İpoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxslər özgəninkiləşdirilə bilər və etibarnamələr,nəqliyyat vasiyələrinin idarə edilməsinə dair etibarnamələr istisna edilməklə və digər sərəncamlar verilə bilər. Prosessual normalardan isə MPM-in 9,14,76,88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur. Qarşı tərəfin tikintiyə gec başlaması səbəbi Memarlıq Şəhərsalma İdarəsi tikintiyə 2022-ci ilin sonunda razılıq verməsidir. İcazədən sonra tikintiyə başlayıblar və indi bəhanə axtarırlar. Həqiqətən də Bəhlul müəllimin təşəbbüsü ilə onlar oraya gediblər və o tərəflərin barışdırlmasına çalışıb. Məhkəmə qətnaməsindən sonra onlarla müqavilə bağlamadılar. Məhkəməyə verilən layihədə onlarla mənzili görünmür. Onlarda heç bir məlumatlar yoxdur. Bu onu sübut edir ki, müqavilə ilkin müqavilədir və sonrakı mərhələdə notarial qaydada təsdiq ediləcək idi. Onlar ofisə getmiş, hətta onlara binanı göstərək o binadan mənzil verəcəklərini bildirdilər. Onda o binanın lahiyəsini versinlər. Bunlar məhkəməni aldadırsa və məhkəmədə buna inanaraq qətnamə çıxarırsa, vətəndaş bunu necə sübut edə bilər. Onlara bildirilmişdir ki, vətəndaşları aldatdığına görə imza çəkən şəxs işdən çıxarılmışdır. Bu hadisə aldatmadır. Qarşı tərəfin vəkil və nümayəndəsi bildirdi ki, onların orada 60 kvadratlıq mənzili yoxdur. Məhkəməyə layihəni təqdim etməli idilər. Onların 2 otaqlı 60 kvadratlıq mənzillərini və harada yerləşdiyinin layihəsini təqdim etməlidirlər. Birinci instansiya məhkəməsində bu işə aidiyyatı olmayan layihələri məhkəməyə təqdim etdilər. Araşdırma birinci instansiya məhkəməsində aparılmayıb. Qarşı tərəf sadəcə olaraq müqavilə imzalanılmasını istəyirlər. İddia müddətinin tətbiq edilməsi ilə bağlı vəsatət də veriblər. Apellyasiya mərhələsində belə vəsatət verilə bilməz. Birinci instansiya məhkəməsində verilməli idi. Bu ona dəlalət edir ki, artıq cavabdeh onların şikayətinin dəllərini qəbul edir və iddia müddətinin tətbiq edilməsini istəyir. Konstitusiya Məhkəməsinin iradənin zədələnməsi ilə bağlı qərarı da var. Mülki Məcəllədə hansı halda iddia müddətinin tətbiq edilməsi ilə bağlı maddə var. Əvvəlki MTK rəhbərliyi iddiaçın aldadaraq iddiaçı ilə müqavilə bağlayacağını deyib, amma onu da etməyiblər. Müqavilədə heç nə yoxdur. Müqaviləni əldə tutaraq cavabdeh mansarddan yer də verə bilər. Birgə nikah dövründə əldə olunmuş əmlak kimi İddiaçı2 da iddiaçıdır, mənzil də yüklüdür. Mülki Məcəllənin müvafiq normasına da istinad ediblər ki, müqavilə notarial qaydada bağlanılmalı idi. Mənzil söküləndə mənzildə iddiaçı və onun ailəsi yaşayıb. Onlara 20 kv. metr mənzil verilib. Kirayə pulunun ödənilməsi məsələsi işin mübahisəsiz halıdır. İddiaçı razılığının olmaması barəsində məhkəməyə müraciət edib və iddianı müdafiə etdiyini bildirib. Cavabdeh müqavilə bağlayaraq 2 ilə mənzili verəcəyini bildirib.Təməl çuxuru 5 ildən sonra qoya bilərlər amma bu vətəndaşı maraqlandırmır. Qarşı tərəf gah podrat, gah əvəzləşmə müqaviləsi deyib. İddiaçıya söz veriblər, sözlərini də tutmayıblar və həmin adamı işdən çıxardıblar. Bu gün MTK hər kəsi aldada bilər. Mənzilin bir neçə nəfərə satılmasının qarşısını almaq üçün vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestrində gedib ilkin qeydiyyatdan keçməlidir. Praktikada notarial qaydada müqavilə bağlanılmasını görüb. Müqaviləyə baxdıqda müqavilədə iddiaçının yeri, hansı mənzildə olduğu yazılmayıb, sadəcə 60 kvadratlıq mənzil olduğu yazılıb. Onlarla ilkin müqavilə bağlanıb və sonra onlarla tam şərtləşdirilmiş müqavilə bağlayacaqlarını deyiblər. Onlar dəfələrlə cavabdehə müraciət ediblər və hər dəfə müxtəlif bəhanələr gətiriblər, rəsmi və qeyri-rəsmi şəkildə müraciətlərinə cavab verilməyib. Bu günkü gün də pretenziyaya cavab verilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Digər iddiaçı əmlakını verilməsi ilə bağlı razı olmaya bilərdi. Razılıq alınmalı idi. MTK başqa sənədləri hansı səbəblə müqaviləyə əlavə etməyib. Hansı qanunda 20 % əlavə verilməsi yazılıb? İddiaçı mülkiyyətçidir və istənilən formada qarşı tərəflə razılaşa bilər. Onun fikrincə hazırki işdə aldatma da var. Onların arasında razılıq yoxdur. Məhkəmə iclası bitdikdən sonra onlara çöldə gedib "işinizlə məşğul olun" dedilər. Bu müqavilə podrat müqaviləsi deyil. Podrat pul verib sifarişlə ev alanda bağlanılan müqavilədir. Ən pis halda əvəzləşmə müqaviləsi ola bilər. Onlarla cavabdehin və iddiaçının iradəsini əks etdirən müqavilə bağlanılmalıdır. Bəli, onlar iradələrinin pozulmasına istinad edirlər. Müqavilə standart tələblərə və Mülki Məcəlləyə uyğun deyil. Mülki Məcəllənin 242, 404, 420,-ci maddələri pozulub. Problem müqavilənin təkcə notarial qaydada bağlanılmaması deyil. Bu müqavilədə İddiaçı2 və ipoteka qoyanın razılığı alınmayıb. Mülki Məcəllənin 324.5, 321.1, 321.2-ci maddələrinin tələbləri pozulub.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, müqavilənin tərəfin iradə ifadəsinə uyğun bağlanılıb. Qarşı tərəf müqavilənin 3 ildir imzalandığını deyir, amma müqavilə 2 illik imzalanıb. Müqavilənin 2.1.2-ci bəndində konkret olaraq binanın bünövrəsi atılandan sonra 2 il müddətinə mənzilin təhvil veriləcəyi göstərilib.O müddət başqa bir MTK-nın üzərinə öhdəlik götürə bilmədiyinə görə göstərilib. Bununla bağlı məhkəmələrin icraatında kifayət qədər məsələlər var. Məsələn, binadan 80 nəfər köçürülüb, 2 nəfər köçməyəcəyini bildirir. Bununla bağlı cinayət məsuliyyəti nəzərdə tutuluğu üçün binaya yaxın durmaq olmur. Tərəf özü də bilir ki, bünövrə atılmadan binanın tikintisi 2 il içərisində həyata keçirilə bilməz. Bu müqavilənin etibarsız hesab edilməsi üçün əsas deyil. Bina tikilib, hazırdır. Digər binada vətəndaşların çıxmamasına görə oranın tikintisi qalır,amma vətəndaş istədiyi təqdirdə digər binadan mənzil götürə bilər. Bu gün 20 % artıq sahə verildiyi halda onlar 50% verirlər, bununla bağlı da problem yoxdur. Bu gün 60 kv.metr mənzil onlarda yoxdur,63-65 kv.metr mənzillər var. Oradan mənzil götürdükdə yenə də artıq kv.metr götürür. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi müqavilənin etibarsız hesab edilməsinə gətirib çıxara bilməz. Müqavilənin öhdəliklərinin pozulmasından söhbət belə gedə bilməz. Qarşı tərəf müqavilənin şərtləri ilə razılaşaraq ailəsi ilə birlikdə evdən köçüb kirayədə yerləşiblər. Onlar hesab edir ki, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə əsaslı və qanunidir, buna görə də apellyasiya şikayəti təmin edilməməlidir. Onlar Yasamal Rayon Məhkəməsində artıq sahə verilməklə vətəndaşların çıxarılmasının təmin edilməsi barədə iddia qaldırdılar. İki vətəndaş İnzibati Məhkəmədə sərəncamı mübahisəndirdilər, yəni onların məqsədi vaxtı uzatmaqdır. Həmin iş qurtarana qədər Yasamal Rayon Məhkəməsində icraat dayandırılıb. Ərazidə sonuncu binanın söküntüsünə başlanılmayıb. Sakinin sonuncusu da mənzildən çıxarılmalıdır. Hansı mərtəbədən istəyirsə iddiaçı mənzili götürə bilər. Bu sahə 2 hektar ərazidən ibarətdir, 2 qonşunun binadan çıxmasını gözləmək çox vaxtı alacağına görə onlar bu ərazini tikdilər ki, vətəndaşlara mənzilləri versinlər. Orada 2023-cü ildə təməl çuxuru atıldı və bina artıq hazırdır. 2023-cü ildə başlayıblar, 2021-ci ildə vətəndaşla müqavilə bağlanılıb. Onlar hər ay həmin binaya görə sakinlərə 70.000 manat pul ödəyirlər. Onlara da işin uzadılması xoş deyil, sadəcə olaraq 2 nəfər binadan çıxmaq istəmirdi, uzandı. Onlar qarşı tərəfə 60 kv.metrdən aşağı mənzil verməyəcəklər. Qarşı tərəf əvvəlki yaşadığın yerdən istəyirsə bu mümkün deyil. Qeyri-yaşayış sahələri, maşın saxlama yerləri var. 2023-cü ildə binanın tikilməsinə başlanılması qonşuların binadan çıxmaması olub. Onlar üçün mənzilin verilməsinin vaxtının heç bir fərqi yoxdur. Bütün MTK-larda 20%-dən artıq ərazi heç kəs vermir. Burada hətta, vətəndaşı razı salmaq üçün 50%-dən yuxarı ərazi verilib. Hətta, 50 kvadrat metr mənzil verilsə belə,yenə o mənzil kəsilərək ona verilməlidir. Artıq verilmişdir, əskik yox. İddiaçı ailəsi ilə orada birlikdə yaşadığını da bildirdi. Bütün hallarda aylıq kirayə pulunu da aldıqlarına görə heç bir problem yoxdur.Sadəcə olaraq hazırkı mərhələdə onlarla yenidən müqavilə bağlanılmasını istəyirlər. Onlar mərtəbəni göstərməyə, hər şeyi etməyə hazırdılar. Bina təhvil verilənə qədər o müqaviləyə dəyişiklik etsələr, problem olacaq. İddiaçı tərəf etibarsızlıq məsələsini də sübut edə bilmədi. İddiaçı zəng vuraraq gəldiyini desəydi, o heç vaxt qapıda gözlətməzdi. Əgər 1 nəfərlə notarial qaydada müqavilə bağlasalar,onda onların vəziyyəti çox pis olacaq. İddiaçı istədiyi vaxt gələrək müqavilə bağlaya bilər, amma onun istədiyi başqa hal olduğuna görə o şərtlə müqavilə bağlamaq alınmayacaq. Müqavilədəki şərtlər şablon şərtlərdir. Bir müqaviləyə dəyişiklik etdikdə orada olan hər kəs müqaviləsinə dəyişiklik edilməsini istəyəcək.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin 255 saylı sərəncamına əsasən "xxxx" MMC-ə 1 hektar 97 sot ərazi ayrılmış, tərəflərə müqavilə üzrə verilmiş öhdəliklər tamamilə icra olunmuşdur. Bina bitmiş vəziyyətdədir. Şəxsən Aqil müəllimlə İmran müəllim onun yanında olublar. O onları dəvət edib, gəliblər və onlara istədikləri mənzili seçə biləcəklərini deyib. 2022-ci ilin noyabrın ayında həmin ərazinin təməl çuxuru atılaraq tikintiyə başladılıb. Onlar 2021-ci ildə binanın tikintisinə başlaya bilməzdilər, ona görə ki, xx.xx.2022-ci ildə tikintiyə icazə verilib. Baxmayaraq ki sərəncam 2021-ci ildə imzalanıb. Sərəncamın bəndlərində də göstərilib ki, sonuncu sakin çıxarılana qədər tikintiyə başlanıla bilməz. İmran müəllimin dediyi bina artıq hazırdır, Rubayıl müəllimin dediyi bina isə hələ hazır deyil. İddiaçıların mübahisələndirdiyi bina artıq hazırdır. Tərəflərin yaşadığı bina 1912-ci ildə tikilib, Fövqəladə Hallar Nazirliyinin bu binanın qəzalı olması barəsində rəyi var. Hesab edir ki, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə əsaslıdır və apellyasiya şikayəti təmin edilməməlidir. Müqavilədə birbaşa göstərilir, qarşı tərəfin yaşadığı bina sökülərək onun yerində tikilmiş binadan ona mənzil veriləcək. Sakinlər arasında püşk atma keçirilməlidir. Bu gün iddiaçı istədiyi mərtəbəni seçə bilər. Müqavilə bir növ podrat müqaviləsi ilə bağlıdır.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Hazırki halda iddiaçıların apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. ünvan 1, 11 saylı mənzil İddiaçı1 mülkiyyətində olmuşdur.

22. Etibar İnşaat-K” MMC ilə İddiaçı1 arasında xx.xx.2021-ci il tarixli müqavilə imzalanmış müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış üçün yararsız binanın söküntüsü İcraçı "xxxx" MMC tərəfindən həyata keçirilməli, Sifarişçi İddiaçı1 mülkiyyətində olan 2 otaqlı, 11 saylı, 38.8 kv.m. mənzilin əvəzinə yeni inşa olunacaq binada 2 otaqlı 60 kv.m. mənzil Sifarişçi İddiaçı1 təhvil veriləcəkdir. Müqavilənin 2.1.3-cü maddəsinə əsasən İcraçı yaşayış üçün yararsız olan mənzilini boşaldaraq müvəqqəti olaraq kirayə mənzilə köçmək üçün Sifarişçiyə birdəfəlik 150 manat məbləğində kompensasiya ödəyir və binanın tikintisi başa çatdırılaraq Sifarişçiyə təhvil verilənə kimi İcraçı hər ay 500 manat kirayə məqsədləri üçün kompensasiya ödəyir.

23. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 “Etibar xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, həmçinin yeni şərtlərlə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

24. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir.

25. İddiaçıların apellyasiya şikayətinin dəlilləri odur ki, müqavilə notariat qaydasında bağlanmamış, müqavilədə mənzilin yerləşdiyi bina, mərtəbə və mənzilin nömrəsi kimi məlumatlar müqavilədə göstərilməmiş, aldadılmış, İddiaçı2 razılığı alınmamış və mənzil müqavilədə nəzərdə tutulan müddətdə təhvil verilməmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə mənzilin mülkiyyətçisi olan İddiaçı1 ilə İnşaat-K” MMC arasında bağlanmışdır.

27. Müqavilənin şərtinə görə binanın söküntüsü İcraçı "xxxx" MMC tərəfindən həyata keçirilməli, Sifarişçi İddiaçı1 mülkiyyətində olan 2 otaqlı, 11 saylı, 38.8 kv.m. mənzilin əvəzinə yeni inşa olunacaq binada 2 otaqlı 60 kv.m. mənzil Sifarişçi İddiaçı1 təhvil veriləcəkdir. Müqavilənin 2.1.3-cü maddəsinə əsasən İcraçı yaşayış üçün yararsız olan mənzilini boşaldaraq müvəqqəti olaraq kirayə mənzilə köçmək üçün Sifarişçiyə birdəfəlik 150 manat məbləğində kompensasiya ödəyir və binanın tikintisi başa çatdırılaraq Sifarişçiyə təhvil verilənə kimi İcraçı hər ay 500 manat kirayə məqsədləri üçün kompensasiya ödəyir.

28. Müqavilənin 2.1.2.-ci bəndinə əsasən icraçı söküntüsü nəzərdə tutulan binanın ərazisində, yeni yaşayış binsının bünövrəsi qoyulduqdan sonra 2 il müddətinə həmin ərazidə yeni yaşayış binasını inşa edib, mənzili təhvil verməyi öhdəsinə götürmüşdür.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarında qeyd edilir ki, “..Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).

30. Hazırkı halda əqdin etibarlılığının subyekt tərkibi ilə bağlı şərtin yoxlanılması zamanı müəyyən edilir ki, müqavilə tərəfləri tam fəaliyyət qabiliyyətli fiziki şəxsi və hüquqi şəxs olmuşdur.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, “..Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir.”

32. Əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlərin ödənilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan müqavilə İddiaçı1 tərəfindən imzalanmış, bununla da iddiaçı iradə ifadəsini bildirmişdir. İddiaçı tərəfindən aldanılmaya dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

33. Əqdin formasına dair şərtlərin ödənilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda tərəflər arasında imzalanmış müqavilə iddiaçının mülkiyyətində olan əmlakın sökülməsi, onun yerində tikiləcək binada mənzil verilməsi ilə bağlı olmuşdur.

34. Mülki Məcəllənin 407.2-ci maddəsində qeyd edilir ki, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

35. Mülki Məcəllənin 144.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

36. Göründüyü kimi, daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı müqavilələrin notarial qaydada təsdiq edilməli olması nəzərdə tutulmuşdur. Hazırkı halda tərəflər müqavilə tərtib edərkən onun sadə yazılı qaydada tərtib edilməsi ilə bağlı şərtə əməl etmişlər.

37. Əqdin məzmunu ilə bağlı şərtin yoxlanılması zamanı müəyyən edilir ki, tərəflər arasında imzalanmış mübahisə predmeti olan müqavilənin şərtləri aydın, anlaşılandır, əqdin etibarsızlığı üçün əsas yoxdur.

38. Digər İddiaçı2 razılığının alınmaması ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi də məhz yenidən eyni məzmunlu müqaviləni bağlamaqdır. Sadəcə iddiaçılar həmin müqavilənin notariat qaydasında bağlanmasını və müqavilədə mənzilin yerləşdiyi mərtəbə, onun nömrəsinin dəqiq göstərilməsini tələb edirlər. Habelə, mənzil razılıq əsasında təhvil verilmiş, sökülmüş və yerində yeni bina inşa edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə tələbin rədd edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.

40. İddiaçıların yeni şərtlərlə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iradəsinə zidd olaraq onun üzərinə müqavilə bağlanması öhdəliyinin qoyulması mülki qanunvericiliyin müqavilələr azadlığı prinsipinə uyğun deyildir.

41. Mülki Məcəllənin 324.3-cü maddəsində qeyd edilir ki, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (Maddə 324.4)

42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı mübahisə predmeti olan müqavilə şərtləri ilə razı olmadığı halda müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciət edə bilər.

43. Mülki Məcəllənin 421.1-ci maddəsində qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

45. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

47. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3473/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar