Məhkəmə qərarları › İş №2(103)-6800/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6800/2022

26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6800/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin artırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(011)-2688/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-210/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında nikah pozulmuş, xx.xx.2015ci il təvəllüdlü X2 anasının yanında qalması qət edilmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-1250/2018 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

3. İş materiallarında olan real vaxt rejimində “AZEMİS” Elektron Məhkəmə Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh "xxxx" MMC-də bölmə müdiri vəzifəsində işləyir və aylıq əmək haqqı 1300 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-1250/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin dəyişdirilməsi və cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X3 doğulmuşdur. Ailə münasibətləri əvvəllər normal olmuş, lakin, sonradan pozulmuş, ayrılmışlar. Həmin vaxtdan uşaq onunla qalır. Xətai rayon məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə uşağa hər ay 154 manat aliment ödənilməsi qət edilmişdir. Həmin vaxtdan 4 ilə yaxın vaxt keçir. Uşağın minimum yaşayış səviyyəsi üçün gündəlik tələbatlar günbə-gün artır. Bu səbəbdən ölkədə uşaqların yaşayış minimumu hazırda 193 manat təşkil edir. Həmçinin, cavabdeh rəsmi müqavilə əsasında işləyir və vəzifə maaşı da 2018ci ilə nisbətən artmışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(011)-2688/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-1250/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi uşağın mənafeyini nəzərə alıb, qanunvericiliyin istinad edilən müddəalarına əsaslanaraq hesab etmişdir ki, cavabdehin daimi iş yeri olmaqla, müntəzəm gəlirə sahib olduğundan, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-1250/2018 nömrəli ilə təyin edilmiş aliment dəyişdirilərək Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Həmçinin alimentin məbləği artırıldığı halda, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə, 27-ci maddəsinin 2-ci bəndinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci, 75.1-ci, 75.4-cü, 76.1-ci, 76.1.1-ci, 112.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin qismən ləğv edilməsi və iddianın qismən təmin edilərək, aliment məbləğinin 200 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericilik normalarının tələbləri pozulmuş, əsassız olaraq iddia tələbi tam şəkildə təmin edilmişdir. Belə ki, iddiaçıya da məlum olduğu kimi cavabdeh yenidən ailə qurmuşdur. Həmçinin iddiaçı tərəfdə işləyir və övladlarının saxlanılması üçün iddiaçı da maddi məsuliyyət daşıyır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə almayaraq düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, hal-hazırda cavabdeh ikinci dəfə ailə həyatı qurmuşdur və birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləğinin ödənilməsi cavabdeh tərəfindən maddi baxımından çətinliklər yaradacaqdır. Aliment məbləğinin 200 manat müəyyən edilməsi ağlabatan və ədalətli hesab edilməlidir.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

14. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

15. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

18. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarının saxlamdıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

19. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə- qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur

20. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Apelyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin qismən ləğv edilməsi və iddianın qismən təmin edilərək, aliment məbləğinin 200 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh münasibətdə yoxlanılmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası izahatı bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

26. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

27. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)- 1250/2018 nömrəli qətnaməsi ilə onun xeyrinə Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2022ci il üçün 193 manat nəzərdə tutulmuşdur.

28. Məhkəmə Kollegiyası hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, həmçinin cavabdehin daimi iş yeri olmaqla, müntəzəm gəlirə sahib olması tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

29. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

30. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

31. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Eyni zamanda alimentin 200 maant məbləğində müəyyən edilməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması baxımından uşağın manefeyinə ziddiyyət təşkil edir.

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə uşağın ananın yanında qalması və uşağın günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın – iddiaçının üzərindədir.

33. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

34. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.

35. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

36. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(011)-2688/2022 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar