Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6801/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Elnur Həsənovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Natiq Tağyevin iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli qiyabi qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Apellyasiya şikayətində qətnamə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə mübahisələndirilib. Ona görə də yalnız ilkin satış qiymətinə aid olan məsələlər qeyd olunacaq. Mübahisələndirilən qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, kredit müqaviləsi üzrə tələb olunan borc tutulsun, tutma ipoteka predmeti olan, cavabdehə məxsus “Daewoo Gentra” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobilin ilkin satış qiyməti 15.000 manat müəyyən edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ilkin satış qiymətinə aid hissədə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissdə qətnamə ləğv edilməli və ilkin satış qiyməti qətnamənin icrası zamanı müəyyən olunmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Birinci instansiya məhkəməsi ipoteka müqaviləsində avtomobilin qiyməti kimi göstərilən məbləği (15.000 manatı) ilkin satış qiyməti kimi qətnamədə göstərib. Bu, qanuna uyğun deyil. 1-ci, müqavilə 25.12.2013-cü ildə bağlanıb, 7 ildən artıq vaxt keçib, bu müddətdə müxtəlif səbəblərdən avtomobilin dəyəri dəyişə bilər. 2-ci, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bu maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə olunan razılaşma nəzərdə tutulur, lakin belə razılaşma yoxdur. Cavabdeh apellyasiya icraatı zamanı məhkəmə iclaslarına gəlmədiyindən, ipoteka predmeti olan avtomobilin kimin sahibliyində və harada olması barədə məhkəməyə məlumat vermədiyindən, qiymətləndirmənin həyata keçirilməsi üçün avtomobili təqdim etmədiyindən işə mütəxəssis cəlb edilməsi və avtomobilin qiymətləndirilməsinin həyata keçirilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, avtomobilin ilkin satış qiyməti qətnamə icra edilərkən “İcra haqqında” Qanunun 51-ci maddəsinə uyğun olaraq müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli qiyabi qətnaməsi ipoteka predmeti olan “Daewoo Gentra” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 15.000 manat müəyyən edilməsinə aid hissədə ləğv edilsin. İlkin satış qiyməti qətnamənin icrası zamanı müəyyən edilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6801/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6801/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver