Məhkəmə qərarları › İş №2(103)-6801/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6801/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6801/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "pul tələbi ") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-3595/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1381 manat borcun və ödənilmiş 35 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC-dən 2020-ci ildə nəqliyyat vasitəsi almışdır. Bir müddət sonra cavabdeh həmin nəqliyyat vasitəsini MMC-yə sataraq yenidən başqa bir nəqliyyat vasitəsi almışdır. Cavabdeh 2020ci ilin iyul ayında İddiaçı MMC-yə müraciət edərək, aldığı nəqliyyat vasitəsini öz adına rəsmiləşdirilmək istədiyini, lakin pulunun olmaması səbəbindən bunu edə bilmədiyini bildirmişdir. Buna görə də İddiaçı MMC-dən 1381 manat borc pul istəmişdir. İddiaçı MMC Cavabdeh uzun müddət onların müştərisi olduğunu və maddi vəziyyətini nəzərə alaraq cavabdehlə xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlamışdır. Cavabdeh turizm fəaliyyəti ilə məşğul olduğunu bildirmişdi. Həmin vaxt dünyada baş verən Covid-19 pandemiyası səbəbindən turizm sahəsində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən qadağalar qoyulmuşdur. Əgər 14 yanvar 2021-ci il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən turizm sahəsi ilə bağlı tətbiq edilmiş qadağalar ləğv edilməzsə bu halda ödənişin müddətinin bu qadağaların ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qərarın qəbul edilməsinə qədər uzadılması, əks halda isə bu qadağaların ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qərarın qəbul edildiyi gündən başlayaraq cavabdeh 4-5 ay müddətində aldığı borcu geri ödəməli idi. 2021-ci ilin əvvəllərindən başlayaraq qoyulmuş qadağalar nisbətən yumşaldılmış, ilin sonunda isə qadağalar tamamilə aradan qaldırılmışdır. Bundan sonra cavabdehlə dəfələrlə danışıqlar aparılmasına baxmayaraq, cavabdeh borcu ödəməkdən imtina etmiş və müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Bundan sonra İddiaçı MMC cavabdehin məsuliyyətə cəlb edilməsi ilə bağlı Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı yeni xidməti ərazi bölgüsünun aparılması nəzərə alınmaqla ərizə ərazi aidiyyəti üzrə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə göndərilmişdir. Yasamal RPİ-nin 27-ci Polis Bölməsi araşdırma nəticəsində cavabdehin əməlində cinayət tərkibinin olmamasını və İddiaçı MMC ilə X1 arasında yaranmış mubahisənin mülki xarakter daşımasını əsas gətirərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra İddiaçı MMC hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-3595/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Vahid Hacıyev) ilə iddia tələbi təmin edilməmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Belə ki, tərəflər arasında borc müqaviləsinin bağlanması işin mübahisəsiz halı olmaqla cavabdeh tərəfindən də qəbul edilir. İşin mübahisəli halı cavabdehin 1381 manat məbləğində pulu almasıdır. Məhkəmə isə yalnız pulun cavabdehə verilməsi ilə bağlı kassa məxaric orderinin olmamasına istinad edərək iddianı təmin etməmişdir. Halbuki işdə olan digər sübutlar və müəyyən edilmiş hallar cavabdehin 1381 manat məbləğində pulun cavabdehə verildiyini təsdiq edir. Məhkəmə araşdırması zamanı cavabdeh borc müqaviləsini nə məqsədlə bağlaması ilə bağlı heç bir ağlabatan izah verə bilməmişdir və verdiyi izahat bilavasitə onların iddia ərizəsində göstərdiyi halları təsdiq edir. Kredit müqaviləsinin məzmunu və şərtlərinin borcun cavabdehə verilməsi səbəblərini dəqiq və aydın şəkildə göstərməsinə və cavabdehin də öz izahatında həmin səbəbləri təsdiq etməsinə baxmayaraq məhkəmə bu faktlara əhəmiyyət verməmişdir. Məhkəmə araşdırma zamanı verilən suallara cavabdehin ziddiyyətli və işdə olan sübutlarla uyğunluq təşkil etməyən cavablar verməsinə də heç bir əhəmiyyət verməmişdir. Belə ki, cavabdeh Chevrolet Captiva markalı nəqliyyat vasitəsini idarə edərkən yol verdiyi inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələri bilavasitə İddiaçı MMC-də öz bank kartı vasitəsi ilə ödədiyini və həmin vaxt artıq heç bir ödənilməmiş cəriməsinin qalmadığını bildirmişdir. Lakin cavabdeh onun tərəfindən ödənilməsinə istinad etdiyi cərimələrlə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin cavabdeh Chevrolet Captiva markalı nəqliyyat vasitəsini idarə edərkən yol verdiyi inzibati xətalara görə tətbiq edilmiş və ödənilməmiş köhnə inzibati cərimələrin haradan yaranmasını izah edə bilməmişdir. Eyni zamanda cavabdeh həmin cərimələrin harda və nə vaxt ödənilməsi ilə bağlı məlumat verə bilməmiş və nə üçün cərimənin ödənilməsi haqqında qəbzlərin onlarda olmasına aydınlıq gətirə bilməmişdir. Bu isə bir daha onların iddia ərizəsində göstərdikləri halların həqiqətən mövcud olmasını və cavabdehin yalan izahat verməsini sübut edir. Lakin məhkəmə qeyd edilən halların heç birinə əhəmiyyət verməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. Mülki iş materiallarına İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1.381 manat borc pul verməsinə dair tərəflərin arasında sadə yazılı formada tərtib edilmiş müqavilə (əsli məhkəməyə təqdim edilməmişdir) olmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

12. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

13. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

14. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

15. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

16. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

20. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

21. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Rayon məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddia tələbində xx.xx.2020ci il tarixli kredit müqaviləsi əsasında İddiaçı MMC-nin Cavabdeh 1.381 manat borc pul verdiyi, cavabdehin həmin məbləği qaytarmaqdan imtina etdiyi iddia edilir. İddiaçı MMCnin Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1.381 manat borc pul verməsinə dair tərəflərin arasında sadə yazılı formada tərtib edilmiş müqavilə olsa da (əsli məhkəməyə təqdim edilməmişdir), xx.xx.2020-ci il tarixli kredit müqaviləsində göstərilən 1.381 manat pul vəsaitinin İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməsi təsdiq edən kassa məxaric orderi məhkəməyə təqdim edilməmişdir. İddiaçı nümayəndəsi də məhkəmə iclasında 1.381 manat pul vəsaitinin İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməsi təsdiq edən kassa məxaric orderinin mövcud olmadığını bildirmişdir.

24. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, cavabdeh Chevrolet Captiva markalı nəqliyyat vasitəsini idarə edərkən yol verdiyi inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələri bilavasitə İddiaçı MMC-də öz bank kartı vasitəsi ilə ödədiyini və həmin vaxt artıq heç bir ödənilməmiş cəriməsinin qalmadığını bildirmişdir. Lakin cavabdeh onun tərəfindən ödənilməsinə istinad etdiyi cərimələrlə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin cavabdeh Chevrolet Captiva markalı nəqliyyat vasitəsini idarə edərkən yol verdiyi inzibati xətalara görə tətbiq edilmiş və ödənilməmiş köhnə inzibati cərimələrin haradan yaranmasını izah edə bilməmişdir. Eyni zamanda cavabdeh həmin cərimələrin harda və nə vaxt ödənilməsi ilə bağlı məlumat verə bilməmiş və nə üçün cərimənin ödənilməsi haqqında qəbzlərin onlarda olmasına aydınlıq gətirə bilməmişdir. Bu isə bir daha onların iddia ərizəsində göstərdikləri halların həqiqətən mövcud olmasını və cavabdehin yalan izahat verməsini sübut edir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Göstərilən Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

28. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

29. Beləliklə, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı biri digərini tamamlayan, təkzibedilməzlikə bağlı tələblərə cavab verən əsaslı və şübhədənkənar sübutlar təqdim edilmədiyindən, eləcə də iddiaçının istinad etdiyi inzibati cərimlərin ödənilməsi barədə qəbzlərlə də İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixli müqavilədə göstərilən 1381 manat vəsaitin cavabdehə ödənilməsi bilavasitə sübut edilmədiyindən, Kollegiya hesab edir ki, rayon məhkəməsi iddia tələbini təmin etməyərək iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti təmin edilə bilməz.

30. MPM-in 385.2-ci maddəsi də tələb edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

31. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3595/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar