Məhkəmə qərarları › İş №2(103)-6802/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6802/2021

23.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6802/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 21 aprel 2021-ci il tarixli qətnamədən iddiaçı Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Birlik, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 4.866,60 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 1 №-li evdə yaşayır. 07.03.2014-cü il tarixdə Birlik ilə cavabdeh arasında bağlanmış 03/1339 №-li müqaviləyə əsasən həmin ev təbii qaz ilə təchiz olunur, Birlik tərəfindən həmin ünvanda G-4 markalı, 1002AQ**********9 saylı qaz sayğacı quraşdırılmış və ünvana **********00030 hesab nömrəsi verilmişdir. 2016-cı ilin oktyabr ayından etibarən Birliyin əməkdaşları tərəfindən həmin ünvana aid qaz xəttinə və qaz sayğacına mütəmadi olaraq baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh, qaz xəttinə müdaxilə edərək sayğacdan kənar olaraq təbii qazdan istifadə edir. Bununla əlaqədar olaraq Birliyin əməkdaşları 28.06.2019-cu il tarixdə ******* saylı, 30.05.2019-cu il tarixdə ******* saylı, 30.04.2019-cu il tarixdə ******* saylı, 29.03.2019-cu il tarixdə ******* saylı, 28.02.2019-cu il tarixdə ******* saylı, 31.01.2019-cu il tarixdə ******* saylı, 28.12.2018-ci il tarixdə ******* saylı, 28.09.2018-ci il tarixdə ******* saylı, 28.08.2018ci il tarixdə ******* saylı, 26.07.2018-ci il tarixdə ******* saylı, 12.06.2018-ci il tarixdə ******* saylı, 21.05.2018-ci il tarixdə ******* saylı, 26.04.2018-ci il tarixdə ******* saylı, 15.03.2018ci il tarixdə ******* saylı, 16.02.2018-ci il tarixdə ******* saylı, 25.01.2018-ci il tarixdə ******* saylı, 27.03.2017-ci il tarixdə ******* saylı, 20.02.2017-ci il tarixdə ******* saylı, 26.12.2016cı il tarixdə ******* saylı və 26.10.2016-cı il tarixdə ******* saylı aktlar tərtib etmişlər. Aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində Birliyə cəmi 4.866,60 manat məbləğində ziyan vurulmuşdur. Birlik borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də, Birlik, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 21.04.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, təbii qazdan istifadəyə görə yaranmış 562,6 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun 1/3 hissəsinin cavabdehə aid edilməsini, bu məqsədlə 10 manat, cəmi isə 572,60 manat məbləğində pulun cavabdehdən iddiaçı Birliyin xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı Birliyin nümayəndəsi və cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə cavabdeh iddia tələbinin bir hissəsinin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. İddiaçı Birlik də iddia tələbinin bir hissəsinin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. Birlik, iddia tələbinin bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir. Göstərilənləri nəzərə alan Məhkəmə, qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, iş üzrə tərəflər arasında bağlanmış 07.03.2014-cü il tarixli müqavilə əsasında cavabdehə məxsus ev iddiaçı Birlik tərəfindən təbii qaz ilə təchiz edilir. İstifadə olunmuş təbii qazın həcmi Birlik tərəfindən həmin ünvanda quraşdırılmış qaz sayğacı vasitəsi ilə hesablanır. İddiaçı Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş və iddia ərizəsində qeyd edilən (yuxarıda qeyd edilib) aktlardan görünür ki, cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına və qaz xəttinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçı qaz xətdən və sayğacdan kənar qazdan istifadə edir. Cavabdeh həmin aktları imzalamaqdan imtina etmişdir. Buna baxmayaraq qaz xəttinə qanunsuz qoşulma halı işdə olan fotoşəkillər ilə təsdiq olunur. Cavabdehə aid **********00030 №-li abonent saldosundan və iddiaçı Birliyin təqdim etdiyi digər sənədlərdən görünür ki, qeyd edilən aktlar üzrə hesablanmış ziyanın məbləği 4.866,60 manat məbləğindədir. Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh verdiyi izahatda və Rayon Məhkəməsinə təqdim etdiyi yazılı ərizədə bildirmişdir ki, o, Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş 26.12.2016-cı il tarixli, ******* saylı akt əsasında ona hesablanmış 351,4 manat və 26.10.2016-cı il tarixli, ******* saylı akt əsasında ona hesablanmış 211,2 manat məbləğində Birliyə ziyan vurduğunu etiraf edir və həmin məbləği Birliyə ödəməyə hazırdır. Birliyin əməkdaşlarının tərtib etdikləri və cavabdeh tərəfindən əsaslılığı mübahisələndirilməyən 26.10.2016-cı il tarixli, ******* saylı aktdan və Birliyin həmin akt əsasında qəbul etdiyi qərardan görünür ki, bu akt əsasında cavabdehə əlavə sərfiyyat olaraq 211,20 manat məbləğində borc hesablanmışdır. Birliyin əməkdaşlarının tərtib etdikləri və cavabdeh tərəfindən əsaslılığı mübahisələndirilməyən 26.12.2016-cn il tarixli, ******* saylı aktdan və Birliyin həmin akt əsasında qəbul etdiyi qərardan isə görünür ki, bu akt əsasında cavabdehə əlavə sərfiyyat olaraq 351,40 manat məbləğində borc hesablanmışdır. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, iddia qismən, yəni cavabdeh tərəfindən etiraf olunun həcmdə əsaslıdır, buna görə də, cavabdehin etiraf etdiyi 562,6 manat cavabdehdən iddiaçı Birliyin xeyrinə tutulmalı, qalan hissədə iddia, tələbin sübuta yetməməsi əsası ilə rədd edilməlidir. Məhkəmə Rayon Məhkəməsinin bu qənaəti ilə razılaşır və bununla, habelə apellyasiya şikayətinin dəlilinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, iddiaçı Birliyin əməkdaşlarının cavabdehə məxsus ünvanda quraşdırılmış qaz xətinə və qaz sayğacına baxış keçirən zaman aşkar edilmiş faktla əlaqədar tərtib etdikləri “Aktlar” qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilməmiş, “Aktların” tərtib olunmasında hal şahidlərinin iştirakı təmin edilməmişdir. Buna görə də Məhkəmə hesab edir ki, “Aktlarda” göstərilən müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun iddiaçı Birlik tərəfindən məhkəmələrə təqdim edilməməsi “Aktların” etibarlı hesab edilməsini və “Aktlarda” əks olunan halların həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2 maddəsinin mənasına görə dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Buna baxmayaraq yuxarıda artıq qeyd edildiyi kimi, Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh 26.12.2016-cı il tarixli və 26.10.2016-cı il tarixli aktlar əsasında ona hesablanmış cəmi 562,60 manat məbləğində Birliyə ziyan vurduğunu etiraf etmişdir. Qaz xəttinə qanunsuz qoşulma halı işdə olan fotoşəkillərdə əks olunsa da, həmin fotoşəkillərin yuxarıda qeyd edilən aktların hansının tərtib edilməsi zamanı çəkilməsi isə aydın deyil. Məhkəmə bildirir ki, MPM-nin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-nin 191.3-ci maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, göstərilənləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarının 3.4, 6.5-6.7-ci maddələrinin tələblərini iddianın etiraf olunan həcmi çərçivəsində nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 21 aprel 2021-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar