Məhkəmə qərarları › İş №2(103)-6803/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6803/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6803/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan borca görə 3160 manat məbləğində, həmçinin əldən çıxmış fayda şəklində ona dəyən zərərin kompensasiyası üçün 2000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş № 2(005)-1731/20) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 3160 (üç min yüz altmış) manat məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh apelyasiya şikayəti verərək Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildən qapı-pəncərə şüşələrinin topdan və pərakəndə satışı ilə məşğul olmuş, xaricdən gətirdiyi şüşə məmulatlarını yerləşdirmək və hissə-hissə onun satışını təşkil etmək məqsədi ilə 2013-cü ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən Bakı Maşınqayırma zavodu ilə icarə müqaviləsi bağlamışdır. Məhz bu işlə bağlı cavabdehlə tanış olmuşdur. Cavabdeh ondan az məbləğdə şüşə məmulatlarını ona nisyə verməsini xahiş etmiş və qısa müdət ərzində həmin malları sataraq pulu qaytaracağını söyləmişdir. Cavabdeh bir müddət ona olan borcunun çox hissəsini qaytarsa da, müəyyən hissəsini qaytarmamışdır. Hər dəfə nisyə mal alaraq pulu qaytaracağını söyləmiş, lakin müxtəlif bəhanələrlə pulun ödənilməsini yubadaraq vaxt qazanmışdır. Artıq 2018-ci ilin may ayında cavabdehin ona 3160 (üç min yüz altmış) manat borcu olmuşdur. Mütəmadi olaraq borc pulun qaytarılmasını tələb etsə də, cavabdeh bu günə kimi heç bir ödəniş etməmişdir. xx.xx.2018-ci il tarixdə cavabdeh yazılı formada şüşə məmulatlarını aldığını etiraf edərək 3160 (üç min yüz altmış) manat borcunu qaytarmağı öhdəsinə götürmüş və öz imzası ilə təsdiq etmişdir. Şüşə satışı biznesi ilə məşğul olan bir şəxs kimi, satdığı malların dəyərinin ona vaxtında ödənilməməsi onun fəaliyyətinə mənfi təsir etmişdir. Belə ki, borcun ona vaxtında ödənilməməsi nəinki biznes fəaliyyətinə yatırım edərək genişləndirməyinə imkan vermir, hətta başqa şəxslərə borclanmağı ilə nəticələnir ki, bu da ona xeyli miqdarda zərər vurur. Beləliklə, Cavabdeh təqsirli hərəkəti nəticəsində ona maddi zərər dəymişdir. Hazırda cavabdehin təqsirli hərəkəti nəticəsində ona maddi zərər dəymiş, onun müxtəlif şəxslərə xeyli borcu yaranmış, biznes fəaliyyəti iflasa uğramışdır. Bu səbəbdən, 2000 (iki min) manat məbləğində pulun da əldən çıxmış faydanın kompensasiyası kimi cavabdehdən tutulmasını ədalətli hesab edir. İşdə olan xx xxx 2018-ci il tarixdə əlyazma ilə yazılmış qəbzdən (iltizamdan) görünür ki, Cavabdeh 3160 manatı xx.xx.2018-ci il tarixinə qədər İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instaniya məhkəməsi şahid X2 və digər şahidlərin məhkəmədə dindirilmələri ilə bağlı onun vəsatətini əsassız olaraq təmin etməmiş, borcun etirafı haqqında qəbzin özünü Nizaminin həyat yoldaşı kimi təqdim edən bir qadının ona təzyiq, zor göstərməsi nəticəsində yazılmasını, eləcə də şüşələrin Nizamidən deyil, Arif Mehdiyevdən alınmasını nəzərə almamışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında qapı-pəncərə şüşələrinin satışı ilə bağlı münasibətlər olmuş və cavabdeh iddiaçıya sonuncu dəfə aldığı 3160 manat dəyərində malın dəyərini ödəməmişdir. İşin bu halı cavabdehin məhkəmə iclasında verdiyi izahatı, eyni zamanda, öz xətti ilə yazdığı qəbzlə (iltizamla) (i.v.40) təsdiq olunur. İddiaçı həmin qəbzə istinadən cavabdehin ona borcunun olduğunu bildirir və qeyd edilən məbləği və əldən çıxmış faydanı cavabdehdən tələb edir. Cavabdeh isə 3160 manat dəyərində malı iddiaçıdan aldığını, lakin həmin malın dəyərini müştəridən ala bilmədiyini, bu səbəbdən də iddiaçıya borcunu qaytarmadığını qeyd edir. Məhkəmə iclasında verdiyi izahatında cavabdeh 3160 manat dəyərində borcunun olmasına dair əlyazma ilə yazdığı qəbzi təzyiq altında yazdığını bildirsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddia tələbini 3160 manat pul tutulması hissəsində əsaslı saymış və təmin etmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 23-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, apelyasiya şikayətində göstərilən halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən apelyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində şahidlərin dəvət olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı vəsatət verilməsi iş materiallarından və məhkəmə iclas protokollarından müəyyən edilmədi. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar