Məhkəmə qərarları › İş №2(103)-6803/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6803/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6803/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Ceyhun Məmmədovun iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “elektrik enerjisi üzrə yaranmış borcun tutulması tələbinə dair” 2(001)-2257/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi, daha sonra isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 8250 manat 66 qəpik borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsi ilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Tərtib edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi abonent kodu **********30000 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçıya borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan həmin borcu bu günə qədər ödəməyərək ASCyə zərər vurmuşdur. ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC istifadə edilmiş elektrik enerjisi üzrə 8250 manat 66 qəpik borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(001)-2257/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Səbəb kimi isə abunə haqqında sənəddə (invoysda) 29 avqust 2008-ci il tarixdən 13 oktyabr 2016-cı il tarixə qədər elektrik enerjisindən istifadə edilməsi, 13 noyabr 2016-cı ildən 04 aprel 2021-ci il tarixə qədər elektrik enerjisindən istifadə edilməməsi göstərilmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin qəbul edilməsi ilə müşayət olunmuş, həmçinin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olmuşdur. Aşağıdakı səbəblərdən dolayı qəbul edilmiş qətnaməni əsassız sayırlar və həmin qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul ediləcəyinə ümid edirlər. Belə ki, cavabdehin adına olan **********30000 saylı abonent kodunun təhlili zamanı onun istifadə etdiyi elektrik enerjisinin haqqı olaraq 14165,66 manat ödəməli olduğu halda, vaxtaşırı 5915 manat məbləğində ödəniş edərək Cəmiyyət qarşısında 8250,66 manat məbləğində debitor borcu yarandığı aydın görsənir. Qeyd edilən fakt məhkəmə baxışında təqdim edilən invoysda öz əksini tapmışdır. Lakin məhkəmə tərəfindən istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmamış, iddia tələbi rədd edilmişdir. Göründüyü kimi, məhkəmə gəldiyi qərarı ilə invoys və maliyyə arayışında qeyd edilən borc məbləğini lazımınca araşdırmamışdır, nəticədə "xxxx" ASC-yə qarşı açıq-aşkar qərəzli mövqe göstərmişdir. Bu baxımdan çıxarılan qətnaməni qeyri-obyektiv və ədalətsiz sayırlar. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın rədd edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğısatqısının birtipli müqaviləsinə əsasən iddiaçı cavabdehi elektrik enerjisi ilə təchiz etməyi, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 22 aprel 2021-ci il tarixli 01-308/21 saylı maliyyə arayışında Cavabdeh 2011-ci ilə qədər 340,46 manat, 2016-cı ilə 1.450,58 manat, 2017-ci ilə 388,34 manat, 2018-ci ilə 976,84 manat, 2019-cu ilə 1.542,81 manat, 2020-ci ilə 2.932,7 manat, 2021-ci ilə 618,93 manat borcu olduğu göstərilmişdir. Abunə kodu **********30000 olan abunə haqqında sənəddə qeyd olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi kəndi ünvan 1 ünvanda 29 avqust 2008-ci il tarixdən 13 oktyabr 2016-cı il tarixə qədər elektrik enerjisindən istifadə edilmiş, 13 noyabr 2016-cı il tarixdən 04 aprel 2021-ci il tarixə qədər isə elektrik enerjisindən istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinentinin «Elektrik enerjisindən istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının 1.1, 4.1, 4.2, 8.1, 8.4, 9.1-ci bəndlərinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.2, 425.1, 442, 445, 550, 551.2 və 551.2.1-ci maddələrinə istinad etməklə düzgün olaraq qeyd etmişdir ki, hazırkı iddia üzrə tələb olunan əvvəl yaranan vaxtaşırı ödənilməli olan borca görə iddiaçının tələb etmək hüququ mülki qanunvericiliyin tələblərinə əsasən qüvvəsini itirdiyinə görə, qeyd edilən həmin illərə görə hesablanmış borcun tələb edilməsi hissəsində iddia təmin edilə bilməz. Həmçinin, mülki işdə olan abunə haqqında sənədə istinad edən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 13 noyabr 2016-cı il tarixdən 04 aprel 2021-ci il tarixə qədər cavabdeh tərəfindən ümumiyyətlə elektrik enerjisindən istifadə edilməmiş və ona iddiaçı tərəfindən hər hansı borc hesablanmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Cavabdehin iddiaçıya münasibətdə hüquq pozuntusuna yol verməsi işin halları ilə öz təsdiqini tapmadığından iddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(001)- 2257/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar