Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6803/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliyin icrası və maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2673/2024 nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İddia ərizəsində tələb olunub ki, 166.000 manat kompensasiyanın ödənilməsinin gecikdirilməsinə görə 12.712 manat tutulsun. 2.Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərardadı ilə qərara alınıb, iş üzrə üzrə icraata xitam verilsin. Xitam onunla əsaslandırılıb ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. 3.İddiaçının şikayətində tələb olunub ki, qərardad ləğv edilsin. 4.Birinci instansiya məhkəməsi şikayətə baxaraq onu təmin etməyib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 5.Cavabdehin iddiaçıya 166.000 manat kompensasiya vermək öhdəliyi məhkəmə qətnaməsi ilə təsdiq olunub. İddiaçı iddia edir ki, kompensasiyanın ödənilməsi sığorta hadisəsi baş verdikdən sonra 3 ay ərzində - xx.xx.2017-ci ilədək təmin etməli idi. Lakin cavabdeh 166.000 manat kompensasiyanı xx.xx.2022-ci ildə ödəyib. 6.Kompensasiyanın gecikdirilməsinə görə pul tutulması barədə 2 mülki iş olub: birinci (əvvəlki) mülki iş və ikinci (hazırkı) mülki iş. 7.Birinci (əvvəlki) mülki işdə iddiaçı xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək olan gecikmə müddəti (2008 gün) üçün 71.730 manat tələb edib. Məhkəmə həmin tələbi təmin edərək xx.xx.2022-ci ilədək olan gecikmə dövü üçün 71.730 manat tutulmasını qət edib. 8.İkinci (hazırkı) mülki işdə iddiaçı xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan gecikmə dövrü üçün 12.712 manat tələb edir. Belə ki, mühasibat ekspertizasının rəyinə görə, xx.xx.2017-ci ilədən (sığorta hadisəsi baş verdikdən) xx.xx.2022-ci ilədək (kompensasiya ödənilədək) olan gecikmə dövrü üçün gecikmə faizinin məbləği 84.442,13 manat təşkil edir. Bu məbləğin 71.730 manatı (xx.xx.2022-ci ilədək olan gecikmə dövrü üçün pul) birinci (əvvəlki) mülki işdə tutulub, 12.712,13 manat qalıb (84.442,13 manat – 71.730 manat = 12.712,13 manat). İddiaçı ikinci (hazırkı) mülki işdə məhz həmin (qalan) məbləğin ödənilməsini tələb edir. 9.İkinci (hazırkı) mülki işdə tələb olunan 12.712 manatın (xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək olan gecikmə dövrü üçün pulun) tutulması barədə tələbə birinci (əvvəlki) mülki işdə baxılmayıb. Belə ki, iddiaçı birinci (əvvəlki) mülki iş üzrə apellyasiya icraatı zamanı iddianın dəyişdirilməsi üçün ərizə verərək həmin məbləği tələb etsə də, məhkəmə ərizəni qəbul etməyib və mövqeyini belə əsaslandırıb ki, ərizədəki tələb yeni tələbdir, bu tələbə apellyasiya mərhələsində baxıla bilməz. 10.Beləliklə, iş üzrə icraat xitam verilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraat xitam verir. İkinci (hazırkı) mülki işdəki mübahisə eyni tərəflər arasında olsa da, eyni predmet barəsində və eyni əsaslar üzrə deyil, yəni iddiaçı başqa gecikmə dövrü üçün başqa pul tələb edir. Ona görə də qərardad ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2673/2024 nömrəli qərardadı ləğv edilsin və iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6803/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6803/2024
06.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver