Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6808/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1922/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Zilfalı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 49 saylı Dövlət Notariat Kontorunda cavabdehdən 1.500.000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair icra qeydinin ləğv edilməsi, cavabdehlə aralarında, xx xxx 2013-cü il tarixdə bağlanmış və 21 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən cavabdehdən onun xeyrinə 1.500.000 manat əsas borcun və 450.000 manat faiz borcunun, cəmi 1.950.000 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə xx xxx 2013-cü il tarixdə, xx xxxx 2013-cü il tarixinədək qaytarmaq şərti ilə 1.500.000 manat kredit verib, lakin cavabdeh hal-hazıra kimi müqavilə üzrə olan öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh borcu ödəmədiyinə görə xx.xx.2015-ci il tarixdə 49 saylı notariat kontorunda 1.500.000 manat cavabdehdən onun xeyrinə tutulmasına dair "İcra Qeydi" aparılmış və icra edilməsi üçün Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2015-ci il tarixdə İcra və Probasiya şöbəsində "İcraata başlamaq haqqında" qərar qəbul edilmiş, iş üzrə icraat aparılmış, lakin borclu borcu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Dəfələrlə Cavabdeh Nərimanov rayon İcra və Probasiya şöbəsinə dəvət edilmiş, ona könüllü olaraq borcu ödəmək təklif edilmiş, digər icra hərəkətləri aparılmış, onun özünün xahişi ilə, xaricdə biznes fəaliyyət göstərdiyini əsas gətirərək ona müəyyən müddət möhlət verilmiş, lakin cavabdeh hal-hazıra kimi ona olan borcunu ödəməkdən yayınmaqda davam edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1922/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı şəhəri 49 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş (reyestrdə 7E-1402 nömrə ilə qeyd edilmişdir) icra qeydinin ləğv edilməsi, cavabdehdən 1.500.000 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13471/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1922/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra, qətnamədən Cavabdeh da apellyasiya şikayəti verərək, qətnamənin ləğv ediliməsini iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin qəbul edilməsini ona Nərimanov rayon İcra Şöbəsinin əməkdaşları bildirmişdir. Onun iddiaçının tələbindən və məhkəmənin iclasla bağlı çağırışından xəbəri olmamışdır. xx xxxx 2020-ci il tarixdə qətnamənin surəti ona təqdim edildi. Qətnamə ilə tanış olduqdan sonra İddiaçı Zilfalı oğlunun ondan kredit müqaviləsi üzrə pul lələb etməsi ona məlum oldu. Onunla iddiaçı X2 arasında heç bir kredit müqaviləsi bağlanmamış və heç bir dövlət natarial kontorunda bu rəsmiləşdirilməmişdir. Nərimanov rayon məhkəməsinə təqdim edilmiş bütün sübutlar şaxtadır. Məhkəmə iclasının keçirilməsi barəsində məlumatım olsaydı dərhal Mülki Prosessual Məcəllənin 204-cü maddəsinə əsasən sübutların saxdalığı barəsində ərizə ilə müraciət edərdi və vəziyyətin bu yerə gəlib çıxmasına imkan verməzdi. Məhkəmə iclasında cavabdehin vəkili X3 apellyasiya şikayətini müdafiə etdi, həmçinin iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh bu qətnamənin və digər icra sənədinin icrasından yayındığı üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsi tərəfindən barəsində cinayət işi başlanaraq axtarışa verilmişdir. Cavabdeh 2015-ci ildə verilmiş icra qeydi ilə əlaqədar 2017-ci ildə icra şöbəsində olmuş və iltizam vermişdir. Əgər kredit müqaviləsi onun tərəfindən imzalanmamışdırsa nə üçün həmin vaxtdan kredit müqaviləsini mübahisələndirmirdi. Göründüyü kimi, cavabdeh 2013-cü ildə aldığı borcunu qaytarmamaq üçün istənilən bəhanədən istifadə edir ki, təki öhdəliklərini icra etməsin. Buna isə məhkəmə vasitəsilə yol vermək olmaz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, Bakı şəhəri 21 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Zilfalı oğlu 1.500.000(bir milyon beş yüz min) manatı Cavabdeh borc vermiş, borclu göstərilən məbləği xx.xx.2013-cü il tarixədək qaytarılması barədə öhdəlik götürmüşdür; Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Çünki, iddiaçının apellyasiya şikayəti üzrə iddianın faiz borcunun rədd edilməsi hissəsi artıq apellyasiya icraatının predmeti olmuş və yoxlanılaraq şikayət həmin hissədə təmin edilməmişdir. Başqa sözlə yoxlanılmış, yəni iddianın təmin edilməyən hissəsi yenidən yoxlanıla bilməz. Hazırki şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə düzgün olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında həqiqətən qeyd olunan kredit müqaviləsi mövcuddur. İşin mübahisəli halı isə cavabdehin qeyd olunan kredit müqaviləsinin onun tərəfindən bağlanmadığını, notariat kontorunda təsdiqlənsə də imzalamamasını bəyan etməsidir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını, yaxud hazırki işdə olduğu kimi kredit müqaviləsini imzalamadığını bəyan etməsidir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən kredit müqaviləsi olsa da cavabdeh bunu imzalamadığını bildirir. Lakin cavabdehin mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh də, xx xxx 2013-cü ildə notariat qaydasında təsdiqlənmiş kredit müqaviləsi üzrə xx xxxxxxxx 2015-ci ildə verilmiş icra qeydinə əsasən xx.xx.2017-ci il tarixdə icra məmuruna verdiyi izahatda və iltizamda(bax.iş.v.33-34) tərəflə razılığa gəlməsi üçün ona 20 gün möhlət verilməsini, xx xxx 2017-ci ilədək Nərimanov Rayon İcra Şöbəsində olacağına, əks təqdirdə məsuliyyət daşıyacağına hazır olduğunu bildirmişdir. Yəni, əgər cavabdeh həqiqətən də qeyd olunan kredit müqaviləsini imzalmamışdırsa 3 ildən artıq bir müddətdə bu müqaviləni hansısa formada mübahisələndirmədiyini yaxud mübahisələndirmək istəmədiyinin səbəblərini kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəmir. Yalnız, müqaviləni imzalamadığını qeyd etsə də, dəfələrlə təxirə salınmış apellyasiya baxışının son üç iclasına gələrək şikayətinin bu dəlilini müdafiə edərək iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini israr etmədi və ondan bununla əlaqədar imza və xətt nümunələrinin götürülməsini istəmədi. Eyni zamanda apellyasiya baxışında iştirak edən vəkilinə də onu təmsil etmək üçün etibarnamə də vermək istəməmişdir. Başqa sözlə şikayətində göstərdiyi dəlilləri sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bunu etmək istəməmişdir. Bu hal da ona dəlalət edir ki, cavabdeh şikayətində göstərdiyi dəlillər, yalnız şikayət xatirinə və öhdəliklərini yerinə yetirməkdən yayınmaq məqsədilə söylənilmişdir. Bundan əlavə, cavabdeh vəkili vasitəsilə sonuncu məhkəmə iclasında iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək 3 illik iddia müddəti keçdiyindən qətnamənin ləğv edib, iddianın rədd edilməsini xahiş etmişdir. Əsas kimi məhkəmə bildirişlərinin ona çatdırılmadığına görə birinci instansiya məhkəməsində iştirak edib ərizə vermək imkanının olmadığını göstərmişdir. Əvvəla, məhkəmə tərəfindən onun yaşadığı ünvana məhkəmə bildirişi göndərilmiş və onun məhkəmə iclasında iştirak etməməsi hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə” müddəası, həm də tələbkarın ərizəsi əsasında notarius tərəfindən icra qeydinin kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin icra edilmədiyi və icra edilməsi üçün müvafiq tədbirlər görülməsi ilə əlaqədar icra qurumuna göndərilməsini də özündə ehtiva edir. İcra qeydinin Nərimanov Rayon İcra Şöbəsinə göndərilməsi və xx xxxxxxxx 2015-ci il tarixdən məhkəmə qətnaməsi ilə ləğv edilənə qədər Nərimanov Rayon İcra Şöbəsinin icraatında olması, bir sıra məcburi icra tədbirləri görülməsi, o cümlədən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması, sonradan isə cavabdehin şikayəti əsasında xx.xx.2015-ci ildə bu məhdudlaşdırılmanın ləğv edilməsi, eləcə də yuxarıda qeyd olunduğu kimi, cavabdehin xx.xx.2017-ci il tarixdə icra məmuruna verdiyi iltizamda xx xxx 2017-ci ilədək Nərimanov Rayon İcra Şöbəsində olacağına, əks təqdirdə məsuliyyət daşıyacağına hazır olduğunu bildirməsi və.s iş materialları ilə tam təsdiq olunur. Göründüyü kimi, qeyd olunan müddətdə, yəni icra qeydi verilərkən iddia müddətinin axımı kəsilmiş, çünki, icra qeydi icra sənədi kimi icra şöbəsində icraatda olmuşdur. Cavabdehin bu ərizəsi də açıq-aşkar hüquqdan pis niyyətlə, yəni başqasına zərər vurmaq məqsədilə yazıldığına dəlalət edir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2018-ci il tarixli qərarında göstərmişdir ki,...iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il, X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli və s. qərarlar). Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi;əsas borc üzrə faizin köçürülməsi;kreditora borcun etirafını nəzərdətutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apelliyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdehin apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1922/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Akif İsgəndərov imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6808/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6808/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver