Məhkəmə qərarları › İş №2(103)-6809/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6809/2021

07.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6809/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(001)-447/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, vurulmuş zərərə görə 2305,45 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 20 fevral 2019-cu il tarixdə imzalanmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana **********03110 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı **********37 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və «X3»nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii X3nın pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir, hansı ki, bu aktlar əsasında, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə cəmi 2452,20 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən cuzi ödəniş edildikdən sonra borc məbləği 2305,45 manat olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(001)- 447/2021 saylı qətnaməsi ilə (hakim Məhəmməd Rüstəmli) iddia təmin olunmamışdır. İddiaçı, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini, iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddanın təmin olunmalı olmasını və s. göstərmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan İddiaçı İB ilə Cavabdeh arasında 20 fevral 2019-cu il tarixdə bağlanılmış «qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» AKX-0070025/02-2019 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər; İşdə olan **********03110 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh qalıq və aktlar qaz sərfiyyatı üzrə borcu 2017-ci il üçün 604,80 manat, 2018-ci il üçün 1847,40 manat təşkil edir; İşdə olan «Gasrep» adlı sənəddən müəyyən olunur ki, qazdan istifadəyə görə Cavabdeh cari borcu 2293,65 manat təşkil edir. İşdə olan İddiaçı İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2017-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat, hesabat müddəti 90 gün, radiator sobanın maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş erjimi 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 3024 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İşdə olan İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş «Təbii X3nın pozulması haqqında» № ******* saylı, 23 fevral 2017-ci il tarixli aktdan görünür ki, baxış zamanı abonentin sayğacın girişini açaraq rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İşdə olan İddiaçı İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 24 yanvar 2018-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 97 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 83 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 97 gün, qış ayları üçün orta günlük iş rejimi 8 saat və hesabat müddəti 83 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 83 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 3.837 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İşdə olan İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş «Təbii X3nın pozulması haqqında» № ******* saylı, 23 yanvar 2018-ci il tarixli aktdan görünür ki, baxış zamanı abonentin sayğacın girişini açaraq rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir; İşdə olan İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2018-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İşdə olan İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş «Təbii X3nın pozulması haqqında» № ******* saylı, 28 fevral 2018-ci il tarixli aktdan görünür ki, abonent sayğacdan kənar xəttlə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İşdə olan İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 aprel 2018-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 120 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 10 saat və hesabat müddəti 120 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 120 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 4392 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İşdə olan İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş «Təbii X3nın pozulması haqqında» № ******* saylı, 30 aprel 2019-cu il tarixli aktdan görünür ki, abonent təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2021-ci il tarixli, 10/693 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanına təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və.s) aşkar edilməmişdir. ünvan 1 ünvanına İddiaçı İB-nə məxsus qaz xəttinin sayğaca qədər olan hissəsindən hər hansı kənar qoşulma halı aşkar edilmədiyindən qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İşdə olan 26 noyabr 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı, qeyd edilən aktlara əsaslanaraq, cavabdehin qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etməsinin aşkar olunmasını iddia etmiş, həmin aktlara əsasən əlavə sərfiyyat hesablanmasını və s. göstərmişdir. Cavabdeh isə, etirazının əsası kimi sayğacdan kənar təbii qazdan istifadə etməməsini, aktların birtərəfli qaydada tərtib olunmasını və s. göstərmişdir. Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən abonentin iştirakının təmin edilməməsinə və s. əsaslanmışdır. Məhkəmə kollegiyası, iddianın rədd olunması ilə bağlı hissələrdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X3nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən (bundan sonra, Qaydalar) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İddiaçının təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, iddiaçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin, iddiaçı tərəf keçən müddət ərzində cavabdehə ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. Bundan əlavə, həmin aktlarda cavabdeh tərəfindən hansı formada iddiaçıya məxsus qaz xəttinə qoşulma barədə məlumat da qeyd edilməmişdir. İddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən isə müdaxilə faktının olmasını birmənalı müəyyən etmək olmur. Eyni zamanda, işdən görünür ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə və s. bu kimi halların mövcud olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Daxil olmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2021-ci il tarixli, 10/693 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanına təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və.s) aşkar edilməmişdir (əvvəlki ekspertiza tədqiqatı ünvana baxış keçirilmədən yalnız iddiaçının tərtib etdiyi aktlara əsasən verildiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyi nəzərə almamış, əlavə ekspertiza təyin etmişdir). Göründüyü kimi, ekspert rəyi ilə də sayğacdan kənar təbii qazdan istifadə halı, eləcə də paylayıcı qaz xəttinin üzərində sayğacdan kənar qoşulmaya xarakterik olan (qaynaq, borucuq və s.) işlər aşkar olunmamışdır. İddiaçı isə, tərtib olunmuş aktlara əsasən cavabdehdən dəymiş ziyan tələb edir. Halbuki, cavabdehin həmin aktlarda göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, iddiaçı təşkilat müxtəlif tarixlərdə tərtib olunmuş aktlarda göstərilən pozuntuların mövcudluğunu, eyni zamanda cavabdehin bu istiqamətdə təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən etiraf edilməyən və qanunuliyi mübahisələndirilən aktlar üzrə özünün istinad etdiyi halları, yəni aktların qəbul edilməsi üçün əsas olmuş halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(001)-447/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(001)- 447/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar