Məhkəmə qərarları › İş №2(103)-6809/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6809/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6809/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2784/2023 nömrəli 28 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3M472 reyestr nömrəli Kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 90.000 manat məbləğində pul borc verməyi, cavabdeh isə krediti 5 aya, yəni xx.xx.2023-cü il tarixinədək iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər.

2. 23.05.2023-cü il tarixli pretenziya məktubu ilə iddiaçı cavabdehdən ödənilməmiş məbləğin 3 gün müddətində qaytarılmasını tələb etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 78.000 manat məbləğində borc pulun və 324 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 54 saylı notariat kontorunda onunla cavabdeh arasında beş ay müddətinə 08 fevral 2023-cü il tarixinədək ödəmək şərti ilə 90.000 manat məbləğində borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtinə görə cavabdeh borcu vaxtında ödəməlidir. Əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət etmək və alınmış borcu qaytarma hüququna malikdir. Borc alan xx.xx.2023-cü il tarixdən sonrakı müddətdə müxtəlif vaxtlarda həmin məbləğdən 12000 manatını qaytarmış, lakin 78000 manatı qaytarmamışdır. Yerdə qalan borc bu günə qədər cavabdeh tərəfdən qaytarılmamışdır. Bununla bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcu bu vaxta qədər qaytarmamışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 iyul 2023-cü il tarixli 2(006)-2784/2023 nömrəli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 78.000 manat məbləğində borc və iş üzrə ödənilmiş 324 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda isə bu, iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 3M-472 reyestr nömrəli Kredit müqaviləsi imzalanmış, iddiaçı tərəfindən 90000 manat məbləğində pul cavabdehə verilmiş, cavabdeh həmin borcdan 12000 manat məbləğini ödəmişdir. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 390.4, 442, 448.1, 465.2, 739.1, 740.1, 740.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, aralarındakı borc müqaviləsi xx.xx.2022-ci ildə Bakı şəhəri 54 saylı notariat kontorunda rəsmiləşdirilsə də, borc münasibətləri göstərilən tarixdə yox, 2020-ci ildə tarixdə yaranmışdır. 2020-ci ilin əvvəllərində ona 100000 manat məbləğində pul verilmişdir. xx.xx.2022-ci ildə isə həmin müqavilə Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə əsasən yazılı formada rəsmiləşdirilmişdir. İddiaçı ilə aralarında şifahi borc müqaviləsinin bağlandığı 2020-ci ildən müqavilənin rəsmiləşdirildiyi xx.xx.2022-ci il tarixədək borcdan müxtəlif vaxtlarda iddiaçının sürücüsü vasitəsi ilə ödənişlər edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi 12.000 manat məbləğindəki ödəniş yalnızca xx.xx.2022-ci il tarixdən bugünədək olan ödəniş məbləğini əks etdirir. Yəni bağlanmış borc müqaviləsinə əsasən ödəməli olduğu məbləğin böyük bir hissəsini hələ müqavilə bağlanan tarixədək ödəmişdir. Hazırda iddiaçıya ödəməli olduğu borcun məbləği 78.000 manat yox, 10.000 manatdır. Üstəlik hesab edir ki, iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsi etibarsızdır. Çünki iddiaçı ilə borc müqaviləsi xx.xx.2022-ci il tarixdə deyil, 2020-ci ildə şifahi formada bağlanmışdır. Həmin tarixdə o, heç bir borc pul məbləği almamışdır. Yəni xx.xx.2022-ci il tarixli Bakı şəhəri 54 saylı notariat kontorunda bağlanmış müqavilə uydurma əqddir və hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. Tərəfindən iddiaçıya aralarındakı borc müqaviləsi yazılı formada rəsmiləşdirilənədək, yəni xx.xx.2022-ci ilədək 68.000 manat məbləğində ödəniş edilmişdir. 10.000 manat ilkin olaraq aldığı borcdan, yəni ümumilikdə qalmış borc məbləğidir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

18. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Mülki Prosessual Məcəllə

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı təmin etməkdə haqlı olmuşdur.

29. İddiaçı tərəf öz tələbini əsaslandırmaq üçün yazılı sübut olan müqaviləni təqdim etmişdir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə yazılı sübutdur və imzalanmış yazılı sübutun düzgünlüyü və tamlığı prezumpsiyası vardır.

30. Borcun 12000 manat hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması işin mübahisəsiz halıdır.

31. Cavabdeh hazırda iddiaçıya 10000 manat borcu qaldığını, sözügedən müqavilənin uydurma əqd olduğunu, əslində 2020-ci ildə əvvəllərində iddiaçının ona 100000 manat məbləğində borc verdiyini, tərəfindən xx.xx.2022-ci ilədək 68.000 manat məbləğində ödəniş edildiyini və 12.000 manat məbləğindəki ödənişin yalnızca xx.xx.2022-ci il tarixdən bugünədək olan ödəniş məbləğini əks etdirdiyini göstərmişdir.

32. İddiaçı isə göstərilən dəlilləri qəbul etmir və bildirir ki, müqavilə bağlanan vaxtadək tərəflər arasında borc münasibətləri olmamışdır və 90000 manat məbləğində borc cavabdehə müqavilə bağlanan vaxt notariusda verilmişdir.

33. Cavabdeh göstərdiyi halları təsdiq edən sübutları nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir, yəni cavabdeh istinad etdiyi halları sübut edə bilməmişdir.

34. Cavabdehin qeyd etdiyi hallar da özündə ziddiyyət təşkil edir, əgər göstərdiyi kimi 100000 manat borc almışdırsa və müqavilə bağlanan vaxtadək 68000 manat ödəmişdirsə, onda cavabdehin 32000 manat borcu qalmış olur və 32000 manat borc üçün 90000 manat məbləğdə borcun verilməsinə dair müqavilənin bağlanması inandırıcı hesab edilmir. Müqavilə bağlanan vaxtdan sonra isə 12000 manat ödəniş etdiyini bildirir, belə olan halda 20000 manat borcu qalmış olur. Cavabdeh isə 10000 manat borcunun qaldığını göstərmişdir.

35. Cavabdehin nümayəndəsi-vəkili tərəfindən məhkəmə iclasında təqdim edilmiş əlyazmada qeyd edilənlər qeyri-müəyyən olmaqla, hər hansı faktın müəyyən edilməsinə xidmət etmir.

36. Tərəflər arasında bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olması nəticəsinə gəlmək üçün hər hansı əsas müəyyən edilməmişdir.

37. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2784/2023 nömrəli iş üzrə 28 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar