Məhkəmə qərarları › İş №2(103)-681/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-681/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-681/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-3735/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh (Karimov Makhir) Gürcüstan Respublikasının vətəndaşıdır.

2. Qəmbərov X2 Rayon Polis İdarəsinə müraciət edərək Cavabdeh ondan 41.560 manat dəyərində beton məhlulunun alınaraq pulunun ödənilmədiyini bildirmişdir.

3. İddiaçı izahatında Cavabdeh 2013-cü ildən tanıdığını, onunla dəfələrlə ticarət mübadiləsinin olduğunu, təxminən 120.000 manatlıq alverlərinin olduğunu, 2013-cü ildən 2014-cü ilədək Mahirə 41.560 manatlıq beton verdiyini, lakin pulunun ödənilmədiyini bildirmişdir.

4. Cavabdeh izahatında İddiaçı 36.800 manat məbləğində qum-çınqıl borcu qaldığını bildirmişdir.

5. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqinin xx.xx.2017-ci il tarixli qərarı ilə Cavabdeh əməlində dələduzluq cinayətinin tərkibi müəyyən olunmadığından İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən satdığı 41.560 manat məbləğində betonun pulunun və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 215 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda yerləşən beton zavodunda baş mühəndis işləyir. Cavabdehi 2013-cü ildən tanıyır. Aralarında ticarət əlaqələri olmuşdur. Cavabdeh onun üçün qum-çınqıl gətirmiş, o isə cavabdehə beton vermişdir. Sonuncu dəfə cavabdehə 160.000 manat dəyərində beton satmışdır. Həmin betonun dəyərinin 118.440 manatını cavabdeh ona qum-çınqıl verərək ödəmiş, lakin yerdə qalan 41.560 manat pulu ona ödəməmişdir. Ona dəfələrlə müraciət edərək pulunu tələb etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Cavabdehin barəsində şikayət ərizəsi ilə Binəqədi Rayon Polis İdarəsinə müraciət etsə də, cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda izahatı qeyd edilmiş cavabdeh ona borclu olmasını etiraf etmişdir.

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 3735/2022 saylı qətnaməsi ilə (hakim N.Cəfərli) iddia qismən təmin edilmiş, Cavabdeh 36.800 manat pul vəsaitinin və 200 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı cavabdehin ona 36.800 manat deyil, 41.560 manat məbləğində borcunun qalması tələbini irəli sürsə də, borcun məbləğini təsdiq edəcək mötəbər sübutlar təqdim etməmiş, belə olan halda iddia tələbi qismən – yalnız cavabdehin borcun etirafı hissəsində təmin edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 567-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 88, 107, 119.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmış, bu səbəbdən cavabdeh məhkəmədə öz dəlillərini və etirazlarını deyə bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Ümumiyyətlə, borcla bağlı iş materiallarında heç bir mötəbər sübut yoxdur. Əslində iddiaçı tərəfindən cavabdehə pul verilməli idi ki, o da öz növbəsində qum, çınqıl və şeben versin. İstintaq tərəfindən cavabdeh tərəfindən verilmiş ifadələr təhrif edilmiş və düzgün yazılmamışdır. Tərəflər arasında münasibətlər 2013-cü ildə olmuş, iddiaçı tərəfindən borcu təsdiq edən heç bir fakt və sənəd yoxdur. Məhkəmə heç bir müqaviləyə və fakta əsaslanmadan qətnamə qəbul etmişdir.

13. Apellyasiya şikayəti ilə birlikdə cavabdeh iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən iddia edilən şifahi müqavilə tələbləri üzrə verilmiş üç illik iddia müddəti buraxılmışdır. Belə ki, tərəflər arasında münasibətlər 2013-cü ildə olmuşdur. Belə olan halda iddia müddəti keçdiyi üçün iddia təmin edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehin məhkəmə prosesləri ilə bağlı məlumatı olmamış, icra şöbəsindən məktub gəldikdən sonra qətnaməni qəbul etmiş, icradan təsadüfən məlumatı əldə etmiş, cavabdehin qeydiyyata alındığı evin kimə məxsus olduğunu bilmədiyini, 2020-ci ildə həmin ünvandan qeydiyyatdan çıxdığını bildirmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etmədiyini, cavabdehin miqrant olduğunu, Azərbaycan Respublikasında yaşamadığını, cavabdehin qeydiyyatda olduğu evin qaynanasına məxsus olduğunu, məhkəməyə müraciət edəndə cavabdehin ona zəng edərək onu nə üçün məhkəməyə verdiyini soruşduğunu bildirdi. Həmçinin bildirdi ki, məhkəməyə müraciət etmək müddətinin uzanmağı bu səbəbdən oldu ki, cavabdeh demişdir ki, borcu ona hissə-hissə qaytaracaqdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

22. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

23. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

24. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 80. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı işdə iddia qismən təmin olunsa belə, apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən 160.000 manat məbləğində beton vermiş, cavabdeh isə betonun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini tam icra etməmiş, xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda vermiş olduğu izahatından iddiaçıya 36.800 manat borcunun olduğunu etiraf etmişdir.

34. Məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya Binəqədi Rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, İddiaçı ərizəsi əsasında toplanmış materialın saxlama müddəti 3 il olduğundan material məhv edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində cavabdeh tərəfindən polis idarəsində verilmiş izahatının təhrif edildiyi və düzgün yazılmadığı bildirilsə də, cavabdeh tərəfindən həmin qərar mübahisələndirməmişdir. Hazırkı vəziyyətdə də material məhv edildiyi üçün bunu müəyyən etmək mümkün deyil.

36. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tədbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında Plenumun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

37. İş materiallarından görünür ki, birinci instansiya tərəfindən məhkəmə iclasları barədə bildirişlər sifarişli məktublarla cavabdehin xx.xx.2020-ci il tarixində qeydiyyata alındığı ünvan 1 ünvanına göndərilmişdir.

38. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin apellyasiya şikayətinə əlavə edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh yenə də həmin ünvanda qeydiyyata alınmış, qəbul edən tərəf İldırım Kərimov olmuşdur.

39. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı 2017-ci ildə polis orqanlarına şikayət edərkən artıq hüququnun pozulduğunu bilmiş və məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

40. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddia müddətinin tədbiqi barədə ərizəsi təmin edilə bilməz, çünki cavabdeh eyni ünvanda mütəmadi qeydiyyata alındığı üçün məhkəmə iclaslarından məlumatlı olmadığı inandırıcı deyil.

41. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən də mülki-prosessual qanunvericiliklə onun üzərinə düşən vəzifə yerinə yetirilmiş, yəni cavabdeh lazımi qaydada məhkəmə iclasları barədə məlumatlandırılmışdır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 3735/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar