Məhkəmə qərarları › İş №2(103)-6814/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6814/2022

13.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6814/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kabel şəbəkəsinə qanunsuz qoşulma, zərərin əvəzinin ödənilməsi, sübutetmə, prosessual pozuntu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (K@TV1) tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli arayışa görə MMC, Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 1 ünvanında “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə analoq yayım ilə xx.xx.2011-ci il tarixindən başlamışdır.

2. İddiaçı MMC (K@TV1) tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 1 ünvanında sonuncu dəfə xx.xx.2015-ci il tarixində həmin binaya baxış keçirilmişdir.

3. xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli 4147 saylı və 4593 saylı aktlarda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 1, fərdi yaşayış evinin sakini tərəfindən “K@TV1” kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma aşkar edilmiş, mənzil sakini aktları imzalamaqdan imtina etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı MMC (K@TV1) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulmasına görə 92,70 manat zərərin əvəzinin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manatın, iddia ərizəsi verilərkən ödənilmiş 30 manatın və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 273,10 manatın MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli TR 066 saylı və 22 avqust 2011-ci il tarixli TR 066 saylı teleradio yayımı üçün üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011 -ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 2 küçəsi 4, inzibati bina ünvanında qeydiyyatdadır. "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, İddiaçı MMC “K@tV1” Kabel Televiziyası xidmətlərinin göstərilməsinə analoq yayımı ilə xx.xx.2011-ci il tarixindən başlamışdır. xx.xx.2014-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini özünü təqdim etməkdən və aktı imzalamaqdan imtina etmiş, bu barədə 0256 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 0256 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2013-cü il tarixdə baxış keçirilmişdir. Həmin ünvana 20 avqust 2015-ci il və 24 noyabr 2015-ci il tarixdə keçirilən qrafikdən kənar nəzarət baxışı zamanı cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə müvafiq olaraq 4147 N və 4593 N saylı akt tərtib edilmişdir (mənzil sahibi aktı imzalamaqdan imtina etmişdir). Beləliklə də, qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana sonuncu dəfə baxış keçirildiyi xx.xx.2013cü il tarixdən ilk dəfə təkrar qanunsuz qoşulma barədə 0256 N saylı akt tərtib olunduğu xx.xx.2014-cü il tarixə qədər olan müddət 156 gün, 4147 N saylı akt tərtib olunanadək son baxışın keçirildiyi xx.xx.2015-ci il tarixdən sonuncu təkrar qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2015-ci il tarixədək olan müddət 153 gün olmaqla cəmi 309 gün təşkil edir. İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 92 manat 70 qəpik abunə haqqı qismində vurulmuş zərərin əvəzinin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün ödənilmiş 30 (otuz) manatın, cəmi 122 manat 70 qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC (K@TV1)-yə ödənilməsi, İddiaçı MMC (K@TV1) tərəfindən ödənilmiş 30,40 manatın 15,20 manatının Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 15,20 manatının iddiaçıya aid edilməsi qət olunmuşdur.

7. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 21-ci, 1096.1-ci, 1096.2-ci, 1097-ci, “Telekommunikasiya haqqında” Qanunun 35-ci maddələrinə istinad etmişdir.

8. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, mənzildə yaşamadığı və kabel xəttinə qanunsuz qoşulmadığı, məhkəmənin iş üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, sübutlara düzgün qiymət vermədiyi arqumentləri ilə əsaslandırmışdır.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə məhkəməyə gəlməmişdir (iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir).

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

10. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

15. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

17. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

18. Maddə 387.2.2. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

Apellyasiya baxışının həddi

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

21. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərindən biri məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarında cavabdehin məhkəmə prosesi barədə məlumatlandırılmış olduğuna dair heç bir sübut yoxdur; məhkəmə isə onun iştirakı olmadan işə baxılmasını Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir, iş materiallarından isə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur (§ 18).

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”.

23. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

24. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

25. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

26. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

27. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin sahibi olan cavabdeh qanunsuz olaraq kabel xəttinə qoşulmuşdur.

28. İş materiallarında olan “Ədalət-A” hüquq firmasının əməkdaşları tərəfindən tərtib edilmiş 04 aprel 2014-cü il və xx.xx.2015-ci il tarixli aktların (aktlarda Rabitə Nazirliyinin nümayəndəsi qismində Məmmədov S. adlı şəxsin də adı qeyd olunmuşdur) surətlərinə görə, həmin tarixlərdə Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi, 2347/48-ci məhəllə ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman binanın 13 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Aktların arxa hissələrinə aşağıdakı məzmunda qeydlər yazılmışdır: “Bu mənzilə şaxtanın içindən qonşu mənzildən çəkilmişdir. Mənzil sahibi qapını açaraq KTV-yə baxdığı etiraf etdi. Biz bu evdə kirayə qalırıq, ev sahibi bilər”; “kabel adi konnektlə KATV-nin şəbəkəsinə qoşulmuşdur. Qapını açan xanım özünü təqdim etmədi. Aktın surətini və əlaqə nömrəsini xanıma təqdim etdik”.

29. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan maddi hüquq normalarına görə (§ 10-11). zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan şəxsin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

30. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (§ 14). Bu mənada konkret şəxsin, o cümlədən cavabdehin sözügedən hüquq pozuntusuna görə təqsirli olması yalnız səlahiyyətli orqanın qanunvericiliyin tələbinə uyğun qəbul etdiyi müvafiq qərarla təsdiq oluna bilər. İddiaçının istinad etdiyi aktların tərtibində Rabitə Nazirliyinin nümayəndəsinin iştirak etdiyi qeyd olunsa da, həmin nümayəndənin hansı səbəblə təmsil etdiyi qurumun səlahiyyətində olan tədbiri görərək müvafiq inzibati protokol tərtib etmədiyi izah olunmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən baxılan inzibati xətaların törədilməsinə görə inzibati tənbehlərin tətbiqi haqqında Qaydalar”a görə (həmin qərar müvafiq aktlar tərtib edildiyi zaman qüvvədə olmuşdur), həmin nazirliyin əməkdaşı təsbit edilmiş müvafiq pozuntu barədə kommersiya hüquqi şəxslərinin əməkdaşları ilə birlikdə akt tərtib etmək əvəzinə, həmin inzibati xətanın müvafiq qaydada protokollaşdırılmasını təmin etməli idi. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının istinad etdiyi aktın tərtibində nə cavabdeh, nə də mübahisədə maraqlı olmayan üçüncü şəxs iştirak etməmişdir.

31. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir.

32. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

33. Mülki prosessual qanunvericilikdən (§ 12-13) irəli gələn tələblərin tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehin onun kabel şəbəkəsinə qanunsuz qoşulmuş olduğunu kifayətedici aydınlıqla sübut edə bilməmişdir.

34. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır və iddia tələbinin təmin olunması üçün əsas yoxdur.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1459/2022 saylı iş üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar