Məhkəmə qərarları › İş №2(103)-6815/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6815/2019

23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6815/2019 23.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nicat Ağamirovun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər X1 və “xxxxxxxx” MMC-yə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-229/2017 saylı iş üzrə xx xxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh “xxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – ASC) cavabdehlər X1 və “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – MMC) qarşı iddiası təmin edilmiş, cavabdeh “xxxxxxxx” MMC-dən iddiaçının xeyrinə 233,761 manat əsas borc, 160,554 manat faiz borcu, ödənilmiş 61 manat dövlət rüsumu olmaqla, cəmi 394,376 manat borcun tutulması, ilkin satış qiyməti ******* manat müəyyən edilməklə, tutmanın X1 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 9 A (yeni planla Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 1) saylı evə (bundan sonra - ipoteka predmeti) yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, borc ödənildikdən sonra qalan pulun cavabdeh Qızbəs Şiraliyevaya qaytarılması, ipoteka predmeti olan evin satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv olunmasını, qiymətin yenidən müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, əmlakın qiymətləndirilməsinə dair işdə olan rəy bazar qiymətlərinə uyğun deyildir, rəydə əmlakın dəyəri əsassız olaraq dəfələrlə şişirdilmişdir. Cavabdeh “xxxxxxxx” MMC apellyasiya şikayəti verərək qətnamənin qismən – faiz borcu və əmlakın qiymətinin müəyyən edilməsi hissələrində ləğv olunması, həmin hissələrə dair ekspertiza təyin etməklə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, əmlak faktiki dəyərindən çox aşağı qiymtətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1234/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcuna və ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə dəyişdirilməsi, faiz borcunun 118300,82 manat müəyyən edilməsi, cavabdeh “xxxxxxxx” MMC-dən iddiaçının xeyrinə əsas borc kimi 233761 manat, faiz borcu kimi 118300,82 manat, ödənilmiş dövlət rüsumlarının əvəzi kimi 61 manat olmaqla, cəmi 352122,82 manat pulun tutulması, ipoteka predmeti olan evin 0,06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 720000 manat müəyyən olunması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-738/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdeh “xxxxxxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi qismən - ipoteka predmetinin qiymətləndirilməsi hissəsində ləğv edilmiş və mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Yeni apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi cavabdehin şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdeh “xxxxxxxx” MMC-nin apellyasiya şikayəti həmin hissədə təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qismən ləğv edildiyindən hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı işdəki rəylərdə əks olunmuş qiymətlər əhəmiyyətli dərəcədə fərqlənməsinə, rəylər arasında ziddiyyət olmasına əhəmiyyət verməmiş, təkrar ekspertiza təyin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir Nəzərə alınmalıdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən təyin edilmiş qiymətləndirmə üzrə “X3” MMC-nin xx.xx.2017-ci il tarixli rəyi ilə ipoteka predmetinin həmin tarixə bazar dəyəri ******* manat, əvvəlki apellyasiya baxışı zamanı təyin edilmiş qiymətləndirmə üzrə “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli rəyi ilə həmin tarixə bazar dəyəri 720000 manat müəyyən edilmişdir. Yeni apellyasiya baxışı zamanı təyin edilmiş qiymətləndirmə üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2019-cu il tarixli rəyi ilə ipoteka predmetinin həmin tarixə bazar dəyəri 500000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ipoteka predmetinin ilkin satış qiyməti həmin əmlakın real bazar dəyərinə uyğun olmamışdır. Belə ki, həm əvvəlki, həm də hazırkı apellyasiya baxışı zamanı keçirilmiş yeni qiymətləndirmələr üzrə əmlakının qiymətinin qətnamədə göstərilən məbləğdən xeyli aşağı olduğu müəyyən edilmişdir. Bununla yanaşı, Kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti iş üzrə sonuncu rəydə göstərildiyi kimi 500000 manat müəyyən edilə bilməz. Çünki əvvəlki apellyasiya baxışının nəticəsi üzrə qəbul edilmiş məhkəmə qətnaməsində verilmiş rəyə uyğun olaraq ilkin satış qiyməti 720000 müəyyən edilmiş, iddiaçı qətnamənin həmin hissəsindən kassasiya şikayəti verməmişdir. Lakin “xxxxxxxx” MMC-nin kassasiya şikayəti, həmçinin onunla əsaslandırılmışdır ki, əmlakın bazar dəyəri daha artıqdır. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində məhz cavabdehin şikayəti əsasında ləğv etmiş və onun dəlilərinin yoxlanılması üçün yeni baxışa göndərmişdir. Bu baxımdan hazırkı apellyasiya baxışının predmetini ipoteka predmetinin ilkin satış qiymətinin 720000 manatdan çox olub-olmadığının müəyyənləşdirilməsi təşkil edir, əmlakın qiymətinin qeyd olunan məbləğdən daha az olub-olmadığı hazırkı məhkəmə baxışının predmetindən kənardır. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərini və müstəqil qiymətləndiricinin rəyini nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, ipoteka predmetinin ilkin satış qiyməti 720000 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində təmin olunsun. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-229/2017 saylı iş üzrə xx xxxx 2017ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilsin. İpoteka predmetinin ilkin satış qiyməti 720000 (yeddi yüz iyirmi min) manat müəyyən edilsin. Cavabdeh “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti həmin hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar