Məhkəmə qərarları › İş №2(103)-6816/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6816/2023

01.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6816/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1005/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəlüdlü X1 üçün Ağcabədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(017)-1081/2019 saylı qətnaməsi ilə təyin edilmiş 110 manat artırılaraq 193 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 51 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 1005/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(017)-1081/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qərardadı ilə Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1005/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərərək, qərardadın ləğv edilməsini, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-1005/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini və ona əlavə etdiyi sənədlərin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin surəti 27 mart 2023-cü il tarixdə ona poçt vasitəsilə verilmiş və qətnaməni rəsmi qaydada aldığı vaxtdan 1 ay keçməmiş yəni xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin Sabunçu Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(008)-1005/2023 saylı qərardadı ilə apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada verilmədiyini əsas göstərməklə geri qaytarmışdır. Həmin qərardad ona 31 may 2023-cü il tarixdə poçt vasitəsilə verilmişdir. O, qərardadda göstərilən nöqsanı aradan qaldıraraq 09 iyun 2023-cü il tarixdə apellyasiya şikayətini və ona əlavə etdiyi dövlət rüsumunu “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sabunçu Rayon Məhkəməsinə təqdim edərək apellyasiya şikayətini qəbul edib, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndəriməsini xahiş etmişdir. Lakin Sabunçu Rayon Məhkəməsi bu dəfə də hazırkı qərardadı ilə guya apellyasiya şikayəti vermə müddətin ötürməyini bəhanə edərək apelyasiya şikayətini və ona əlavə edilmiş sənədlərini ona qaytarmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1005/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(008)-1005/2023 saylı qətnaməsi Cavabdeh iddia ərizəsində qeyd edilən ünvana xəbərnaməli məktubla göndərilmiş və onun tərəfindən xx.xx.2023-cü il tarixdə şəxsən özü tərəfindən imza edilməklə qəbul edilmiş, qətnamə qanuni qüvvəsini aldığı üçün icraya yönəldilmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə həmin qətnamədən verdiyi apellyasiya şikayətini məhkəməyə təqdim etməklə müddəti ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını və sadalanan prosessual hüquq normalarını nəzərə almaqla şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh ilk dəfə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini verdiyini bildirsə də, apellyasiya şikayətinin göndərildiyi poçt qəbzindən görünür ki, apellyasiya şikayəti poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Lakin həmin apellyasiya şikayəti məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmədiyi üçün geri qaytarılmışdır. Həmin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilsə idi belə, yenə də cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla müəyyən olunmuş 1 aylıq müddət ötürülməklə verilmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1005/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar