Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6817/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxxxx” İKB ASC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2072/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı “xxxxxx” İKB ASC cavabdehlər Cavabdeh1 və X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 8.421 ABŞ dolları 08 sent əsas borc, 2.094 ABŞ dolları 38 sent məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada iddiaçı “xxxxxx” İKB ASC-nin xeyrinə tutulması, Cavabdeh1 və X4 ilə “xxxxxx” İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxx” İKB ASC il Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borc alana illik 23 % olmaqla 24 ay müddətinə 9500 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq zamin X4 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2017-ci il tarixinədək Cavabdeh1 banka xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə 8.421 ABŞ dolları 08 sent əsas borc, 2.094 ABŞ dolları 56 sent faiz və 959 ABŞ dolları 74 sent cərimə olmaqla, cəmi 11.465 ABŞ dolları 38 sent borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2072/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 8.421 ABŞ dolları 08 sent əsas borc, 2.094 ABŞ dolları 56 sent faiz, 10 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 10.525 ABŞ dolları 64 sent ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada iddiaçı “xxxxxx” İKB ASC-nin xeyrinə tutulması, Cavabdeh1 və X4 ilə “xxxxxx” İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli bank hesabı, kredit və zaminlik müqaviləsinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2072/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və faiz borcunun azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birnci instasniya məhkəməsində məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməmişdir. Cavabdeh1 ilə “xxxxxx” ASC arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsinə əasən 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 9.500 ABŞ dolları məbləğində kredit verilməsinə dair müqavilə bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi X4 ilə xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlamışdır. Müqavilənin müddəti xx xxxxxxx 2017-ci il tarixdə başa çatmasına baxmayaraq məhkəmə əsassız olaraq müqavilə müddətinin başa çatmamış bankın iddiasını təmin etmişdir. Halbuki müqavilə başa çatana kimi cavabdehlərin həmin pulu düzəldərək banka ödəmək hüququ olmaqla məhkəmə bunu nəzərə almamışdır. Həmçinin iddiaçı təşkilat iddia ərizəsində əsas borc 8.421 ABŞ dolları 08 sent əsas göstərmiş, həmin əsas borca 2.094 ABŞ dolları 56 sent faiz borcu hesablanmışdır. Halbuki əsas borclu banka 4000 manatdan artıq pul ödəmişdir və həmin pulun xeyli hissəsi də faiz borcuna hesablanmışdır. Məhkəmədə faiz borcunun müqdarının cox olması halı araşdırılmamış və cavabdehin maddi vəziyyəti nəzərə alınmamış, yüksək dərəcədə faiz borcu tutulmaqla onsuz da ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı və digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh “xxxxxxxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 6-MZD-2-0-769-15 saylı müqavilədən (qarışıq tipli müqavilə - bank hesabı, kredit və zaminlik müqaviləsi) görünür ki, iddiaçı «xxxxxx» İKB ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 9.500 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 «xxxxxx» İKB ASC-yə 8.421 ABŞ dolları 08 sent məbləğində əsas borcu, 2.094 ABŞ dolları 56 sent məbləğində faiz, 949 ABŞ dolları 74 sent məbləğində cərimə, cəmi 11.465 ABŞ dolları 38 sent məbləğində borcunun olması qeyd edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1 -ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 -ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci madəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Kollegiya işin hallarına əsasən hesab edir ki, kredit müqaviləsi üzrə kreditor “xxxxxxxxx” ASC 9500 ABŞ dolları məbləğində vəsaiti borcluya verərək öz öhdəliyini icra etsə də, cavabdeh müqavilədə nəzərdə tutulmuş borcun və hesablanmış faizlərin qaytarılmasından ibarət öhdəliyini icra etməmiş, bununla da mülki qanunvericiliyin yuxarıda qeyd olunan normalarını və xx.xx.2015ci il tarixli, 6-MZD-2-0-769-16 saylı müqaviləsinin şərtlərini pozmuşdur. İş materiallarında olan maliyyə arayışından (i.v. 7) görünür ki, 9500 dollar olan kredit məbləğindən cəmi ödənilən məbləğ 1078.92 dollar təşkil edir. Əsas borclunun banka 4000 manatdan artıq pul ödəməsi və həmin pulun xeyli hissəsinin faiz borcuna hesablanması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh həmin məbləğin ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsinin ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız iddianın təmin olunmuş hissəsində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin “apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və X2 “apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2072/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6817/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6817/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver