Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6817/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 fevral 2012-ci il tarixli 2(011)-365/2021 saylı qətnaməsindən Cavabdeh1 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC–nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 10512,18 ABŞ dolları məbləğində kredit borcu, 9505,81 ABŞ dolları məbləğində faiz borcu və 8451,51 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 28469,50 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 QSC ilə 29.08.2008-ci il tarixdə bağladığı 02L000003548 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır, tərəflər arasında bağlanmış 21.01.2015-ci il tarixli 02L000003548S saylı sazişə əsasən kredit xətti müqaviləsinin 197 ay, məbləği 100000 ABŞ dolları müəyyən edilmişdir, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət kredit razılaşması ilə müəyyən olunması nəzərdə tutulmuşdur, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.01.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür, tərəflərin imzaladıqları 31.03.2015-ci il tarixli 002R**********S saylı, 21.04.2015-ci il tarixli 002R**********SA saylı, 08.09.2015-ci il tarixli 002R**********SB saylı, 16.12.2015-ci il tarixli 002R**********SC saylı, 31.03.2016-cı il tarixli 002R**********SD saylı, 21.06.2017-ci il tarixli 002R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir, cavabdeh, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, həmçinin kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 23.07.2018-ci il tarixdən banka qaytarmamışdır, cavabdeh götürdüyü kredit borcundan 9487,82 ABŞ dolları ödəniş etmiş və onun 10512.18 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 fevral 2012-ci il tarixli 2(011)-365/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə 10512,18 ABŞ doları əsas borc, 6847,37 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 17859,55 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul məbləğinin alınaraq "Accessbank” QSCnin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat pul məbləğinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, o, krediti 1 ABŞ dolları 0,78 manat dəyərində olan zaman götürmüş, hazırda isə iki dəfə devalvasiya baş verdiyindən dollar bahalaşmış və buna görə də o, həmin məbləği ödəmək iqtidarında olmamışdır. Məhkəmə proseslərindən xəbəri olmamışdır. Fərmana əsasən krediti dollarla olduğu üçün ona hesablanmış kompensasiya hesablanıb kredit məbləğindən çıxılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Digər Cavabdeh3 də apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, iddia qismən təmin edilmiş olsa da, qətnaməni iddiaçı mübahisələndirməmiş, nə də ki digər cavabdehlər tərəfindən qətnamə mübahisələndirilməmişdir, cavabdeh Tahir Əliyev apelyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, qətnamə yalnız ona aid hissədə yoxlanılır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 29.08.2008-ci il tarixli 02L000003548 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 120 ay müddətinə, 20000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21.01.2015-ci il tarixli 002R********** saylı kredit razılaşmasından görünür ki, 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 21.01.2015-ci il tarixli 02L000003548S saylı Sazişdən görünür ki, İddiaçı QSC-nın “Babək” filialı ilə Cavabdeh1 arasında 29.08.2008-ci il tarixdə bağlanmış 02L000003548 saylı Uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi ilə bağlı saziş imzalanmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında 21.06.2017-ci il tarixli 002R**********SE saylı saziş bağlanmışdır. Sazişə əsasən 29.08.2008-ci il tarixli 02L000003548 saylı kredit xətti müqaviləsi üzrə 21.01.2015- ci il tarixdə bağlanmış 002R********** Kredit razılaşması əsasında Kredit Alan verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri bu Sazişə əlavə olunan Ödəniş Planına uyğun olaraq Banka ödənilməsi müəyyənləşdirilmişdir. İddiaçı QSC-nin “Babək” filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş Planına dəyişiklik edilməsi ilə bağlı 31.03.2015-ci il tarixli 002R**********S saylı, 21.04.2015-ci il tarixli 002R**********SA saylı, 08.09.2015-ci il tarixli 002R**********SB saylı, 16.12.2015-ci il tarixli 002R**********SC saylı və 31.03.2016-cı il tarixli 002R**********SD saylı Sazişlər imzalanmışdır. Kredit müqaviləsinə əlavə olaraq İddiaçı QSC-nın “Babək” filialı ilə Cavabdeh3 arasında 16.04.2012-ci il tarixli 02S000016787 saylı; Cavabdeh4 arasında 21.01.2015-ci il tarixli 002S**********02 saylı və Cavabdeh2 arasında 25.04.2014-cü il tarixli 02S000024233 saylı zaminlik müqavilələri bağlanmış, zaminlər bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. İş materiallarında olan 21.01.2015-ci il tarixli 02S000024233S saylı Sazişdən görünür ki, İddiaçı QSC-nın “Babək” filialı ilə Cavabdeh2 arasında 25.04.2014-cü il tarixdə bağlanmış 02S000024233 saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi ilə bağlı saziş imzalanmışdır. Uzunmüddətli kredit müqaviləsinin məbləği 100.000 ABŞ dolları, Uzunmüddətli kredit müqaviləsinin müddəti 197 ay müəyyən edilmişdir. İş materiallarında olan 21.01.2015-ci il tarixli 02S000016787S saylı Sazişdən görünür ki, İddiaçı QSC-nın “Babək” filialı ilə Cavabdeh3 arasında 16.04.2012-ci il tarixdə bağlanmış 02S000016787 saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi ilə bağlı saziş imzalanmışdır. Uzunmüddətli kredit müqaviləsinin məbləği 100.000 ABŞ dolları, Uzunmüddətli kredit müqaviləsinin müddəti 197 ay müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh1 002R********** saylı 21.01.2015-ci il tarixli kredit razılaşması üzrə 10512.18 ABŞ dolları əsas məbləğ üzrə borc, 9505,81 ABŞ dolları faiz üzrə borc, 8451.51 ABŞ dolları cərimə borcu, gecikdirilən günlərin sayı 655 gün, cəmi 28469,5 ABŞ dolları borc təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Kredit müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı xəbərdar edilmişlər. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, cərimə borcunu azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Borc məbləğinin müəyyənləşdirilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22.12.2020-ci il tarixli, 9/4913 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 21.01.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşması, 31.03.2015-ci il tarixli “Saziş”; 21.04.2015-ci il tarixli “Saziş”; 08.09.2015-ci il tarixli “Saziş”; 16.12.2015-ci il tarixli “Saziş”; 31.03.2016-cı il tarixli “Saziş”; 21.06.2017-ci il tarixli “Saziş”-də qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 21.05.2015-ci il tarixə İddiaçı QSC-nə olan borcu 13351,19 ABŞ dolları, faiz borcu üzrə 3679,64 ABŞ dolları, 21.05.2019-cu il tarixə İddiaçı QSC-nə olan borcu 10549,92 ABŞ dolları, faiz borcu üzrə 6847,37 ABŞ dolları, 08.05.2020-ci il tarixə İddiaçı QSC-nə olan borcu 10549,92 ABŞ dolları, faiz borcu üzrə 6847,37 ABŞ dolları, faiz borcu (5%) üzrə 508,49 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə haqlı olaraq əsas borc məbləği ekspert rəyində iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxdığı üçün əsas borc məbləğini idda ərizəsində tələb edilən 10512.18 ABŞ dolları həddində, faiz borcunu isə ekspert rəyi ilə müəyyən edilmiş 6847,37 ABŞ dolları həddində müəyyən etmişdir. Cavabdeh apelyasiya şikayətində Fərmana əsasən kompensasiyanın hesablanmadığına istinad edir ki, Kollegiya buna münasibətdə qeyd edir ki, 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi cavabdehlə bağlanmış kredit müqaviləsinə əsasən sonuncu 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür, ona görə də qeyd olunan Fərmanın təsir dairəsinə düşməmişdir. Apelyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Digər bir dəlil isə məhkəmə proseslərindən məlumatsız olmasıdır, lakin iş materiallarından müəyyən edilir ki, Cavabdeh1 qeydiyyatda olduğu, həmçinin tərəfindən verilmiş apelyasiya şikayətində qeyd olunan ünvan üzrə məhkəmə bildirişləri göndərilmişdir. Nəhayət, krediti götürərkən 1 ABŞ dollarının 0,78 manat dəyərində olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə qiymət verən Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən götürülən kreditin valyutasını, yəni kreditin məhz ABŞ dolları ilə verilməsini tərəflər özləri sərbəst şəkildə müqavilə ilə razılaşmışlar və həmin şərtin etibarsız olması ilə bağlı işdə hər hansı hal müəyyən olunmur. Ona görə də, Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə uyğun olaraq, azərbaycan manatının məzənnəsinin artıb-azalmasından asılı olmayaraq, cavabdeh kredit borcunu aldığı valyutada geri qaytarmaq öhdəliyi daşıyır (ödəniş günü azərbaycan manatının məzənnəsinə uyğun olaraq). Beləliklə apelyasiya şikayətlərində irəli sürülənlər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-365/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6817/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6817/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver