Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6818/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı5 cavabdeh "xxxx" QSC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə mülki iş üzrə (Açar sözlər: şikayətə yenidən baxılması üçün geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı5 cavabdeh "xxxx" QSC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-18/2023 tarixli, xx.xx.2023-cü il saylı qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı5 cavabdeh "xxxx" QSC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıların mülkiyyətində olan Yevlax rayon X2 31 yanvar 1998-ci il tarixli qərarı ilə mülkiyyətlərinə verilmiş, JN-104, Kod 90104048 saylı dövlət aktına əsasən 12,43 ha torpaq sahəsinin zəbt edilmiş 9,10 ha torpaq sahəsindən 2013-2020-ci il dövr üçün vurmuş olduğu zərərin 108119,24 manat məbləğin, həmçinin torpaq sahəsini özündə saxlamaqla qaytarılma mümkünsüzlüyünü nəzərə alaraq, həmin torpağın maya dəyərinin real bazar qiyməti ilə 109200 manat məbləğin cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(006)-18/2023 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, 2013-2020-ci illər ərzində mübahisəli (Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarı ilə iddiaçıların mülkiyyətlərinə verilməsi, JN-104, Kod 90104048 saylı dövlət aktına əsasən 12,43 ha torpaq sahəsinin zəbt edilmiş 9,10 ha torpaq sahəsindən) torpaq sahəsində yonca bitkisinin əkilib-becərilib satış vəziyyətinə gətirilməsi üçün 16966.92 manat, qeyd edilən illər ərzində yonca bitkisindən əldə oluna biləcək 108119.24 manat məbləğində maddi ziyan (əldən çıxmış fayda) və zəbt olunmuş 9,10 ha torpaq sahəsinin müqabilində real bazar qiyməti nəzərə alınmaqla, yəni 95.500 manat məbləğində pul vəsaiti "xxxx" QSCdən tutularaq İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı5 ödənilməsi, JN-104 saylı 90104048 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 saylı qərarı ilə iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı5 mülkiyyətlərinə verilmiş Yevlax rayonu Cırdaxan kəndi ərazisində yerləşən "xxxx" QSC tərəfindən zəbt olunmuş, məhz - 9,10 ha sahəsi üzərində iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı5 mülkiyyət hüquqlarına xitam verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 700 (yeddi yüz) manat məbləğində vəsait cavabdeh "xxxx" QSCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) qət edilmişdir.
3. Qətnamədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-18/2023 tarixli, xx.xx.2023-cü il saylı qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildiyindən və prosessual normalara (formaya) riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi hazırkı mülki iş üzrə tərəf qismində çıxış etməmiş, təqdim olunmuş apellyasiya şikayətində isə Yevlax Ərazi İdarəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(006)- 18/2023 saylı qətnaməsinin onların hansı hüquq və vəzifələrinə toxunmasını əsaslandırmamış, formal ifadələrdən ibarət apellyasiya şikayəti tərtib etmiş, mülki prosessual qanunvericiliyin “məhkəmə aktlarının məcburiliyini” (MPM 15.2-ci maddəsi) özündə ehtiva edən başlıca prinsipinə zidd olaraq məhkəmə qətnaməsinin icrasına maneələr yaratmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi qərardaddan şikayət verərək şikayətin təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(006)-18/2023 saylı qərardadının ləğv edilməsi, mülki işə dair verilmiş apellyasiya şikayətinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin verilməsindən əvvəl Bakı şəhər Nəsimi rayon Məhkəməsinə məhkəmə qətnaməsinin qərara aldı hissəsində qeyd olunmuş "xxxx" QSC tərəfindən zəbt olunmuş, məhz - 9,10 ha torpaq sahəsi”-nin hansı əsaslarla müəyyən edilməsi barədə izahın istənilməsinə baxmayaraq, faktiki ərazinin mövcud vəziyyətini özündə əks etdirəcək hər-hansı maddi sübut əldə edilməmişdir. Faktiki vəziyyətin naturada və kompleks yerquruluşunu özündə əks etdirən elektron bazada məhkəmə tərəfindən iddiaçıların hüquqlarına 9.10 ha hissədə xitam verilməsi barədə qoyulmuş öhdəliyin Ərazi İdarəsi tərəfindən icra olunması qeyri-mümkündür. Belə ki, ümumilikdə 12.43 ha olan JN-104 saylı dövlət aktı 2 konturdan ibarət olmuş və və bu barədə hüquqların dövlət reyestrində sahəsi 3.4 ha qeydə alınmış **********81 reyestr nömrəli və sahəsi 9.03 ha qeydə alınmış **********82 reyestr nömrəli çıxarışlarla iddiaçıların və dövlət aktında göstərilmiş digər 2 şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Məhkəmə qərarının gəldiyi yekun nəticə ilə fakitki vəziyyətin üstüstə düşməməsi hazırki vəziyyətdə işin icra mərhələsində Ərazi İdarəsinin qarşılaşdığı zəruri hallardan biri olması (hansı ki sözügedən halların məhkəmə tədqiqatının predmetinə aid olmuşdur), həmin halların aradan qaldırılmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmaması və eyni zamanda Məhkəmə araşdırma müddəti kəsiyində Ərazi İdarəsinin mülki iş üzrə tərəf qismində zəruri cəlb etmə qaydasında tərəf olaraq cəlb edilməməsi cari vəziyytədə Ərazi İdarəsinin mənafeyinə toxunan ən əsas məsələlərdən biri olmuşdur.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-18/2023 tarixli, xx.xx.2023-cü il saylı qərardadına əsasən iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı5 cavabdeh "xxxx" QSC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(006)-18/2023 saylı qərardadından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikаyətin bахılmаsı üçün 7 gün müddətində mülki işlə birlikdə Bаkı Аpеllyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
14. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(006)- 18/2023 saylı qətnaməsinə əsasən mübahisəli əmlaklarla bağlı İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı5 mülkiyyət hüquqlarına xitam verilməsi qət edilmişdir.
15. Qətnamədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət geri geri qaytarılaraq ona istinad edilmişdir ki, apellyasiya şikayəti şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmiş və prosessual normalara riayət edilməmişdir.
16. Mülki Prossesual Məcəllənin 357.2-ci maddəsində qeyd edilir ki, apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.
17. Göründüyü kimi, iş üzrə tərəflərlə yanaşı qətnamədən hüquq və vəzifələrinə toxunan şəxslərin də apellyasiya şikayəti vermək hüququ vardır.
18. Mülki Məcəllənin 139.3-cü maddəsində qeyd edilir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
19. Birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti üzrə qərardad qəbul edilərkən birinci instansiya məhkəməsinin qətnaməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunub toxunmaması halları aydınlaşdırılmamışdır.
20. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mülkiyyət hüququna xitam verilməsi qət edildiyi zaman konkret olaraq iddiaçının mübahisəli əmlakla bağlı mülkiyyət hüququna xitam verilməsi dedikdə həmin hüquqa dair qeydin ləğv edilməsinin nəzərdə tutulubtutulmamasını müəyyən etmək mümkün deyil.
21. Birinci instansiya məhkəməsinin bu hallara qiymət vermədən apellyasiya şikayətinin geri qaytarılması barədə qərara gəlməsi düzgün deyil.
22. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməklə, hazırkı apellyasiya şikayətinin mümkünlüyü yenidən müzakirə edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-18/2023 tarixli, xx.xx.2023-cü il saylı qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı5 cavabdeh "xxxx" QSC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(006)-18/2023 saylı qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev