Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6819/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ələkbərov Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Ələkbərov Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(002)-1263/2023 nömrəli qətnaməsindən cavabdehin şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Ələkbərov Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından olmuş 16 noyabr 2015-ci il təvəllüdlü Ələkbərli Aydan Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarını dəyişərək, cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(002)- 1263/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Cavabdeh qətnamədən şikayət verərək, ləğv edilməsini xahiş etmiş, eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(002)- 1263/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə; Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 361.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Maddə 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; Maddə 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
5. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 8.1.1. İddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğdə dövlət rüsumu ödənilməlidir; Maddə 8.6. Apellyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci və 8.2-ci maddələri ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğdə dövlət rüsumu tutulur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
6. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
7. Hazırkı işdə isə cavabdeh qanunvericiliyin qeyd olunan tələbinə əməl etməmiş, şikayəti məcəllə ilə tələb olunan formada verməmişdir.
8. Bundan əlavə, MPM-in 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir.
9. Həmin Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsi ilə də tələb edilmişdir ki, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.
10. Lakin apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişinə də əməl olunmamış, şikayətdə “qətnamənin ləğv edilməsi” məzmunda xahiş əks olunmuş, mübahisənin həlli (iddianın tam yaxud hansı hissədə rədd edilməsi) ilə bağlı nə barədə qərarın qəbul olunmasına dair tələb dəqiq ifadə edilməmişdir.
11. Həmçinin, işdən görünür ki, iddia qiymətləndirilən iddia növünə aiddir və bu növdə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” qanuna müvafiq hesabalama apararkən məlum olur ki, hazırkı iş üzrə 30 manat məbləğdə dövlət rüsumu ödənilməli idi.
12. Lakin, cavabdeh bu tələbə də əməl etməyərək, rüsum ödəməmişdir. Cavabdeh şikayətdə rüsumdan azad olunma əsası kimi alimentin alınması barədə iddialara görə rüsum ödənilməməsini göstərsə də, qeyd olunmalıdır ki, qanuna əsasən bu kateqoriya işlər üzrə cavabdeh yox, iddiaçı dövlət rüsumu ödəməkdən azaddır və cavabdeh tərəfindən apellyasiya şikayəti verildikdə rüsum ödənilməlidir.
13. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
14. Birinci instansiya məhkəməsi də qanunun müzakirə edilən məcburi tələblərinə zidd olaraq, MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilməyən apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
15. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(002)- 1263/2023 nömrəli qətnaməsindən cavabdeh Ələkbərov Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev