Məhkəmə qərarları › İş №2(103)-6822/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6822/2021

07.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6822/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(011)-2741/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 1768,40 manat zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 29.10.2018-ci il tarixli, AKX-0039236/10-2018 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqaviləyə əsasən, cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilmiş, qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Cavabdeh müqavilənin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamış, İddiaçı İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdeh 30.03.2018-ci il tarixli 58/1818 saylı akt əsasında 309,60 manat, 29.06.2018-ci il tarixli ******* saylı akt əsasında isə 1857.60 manat olmaqla, İddiaçı İB-yə 1906.60 manat maddi zərər vurmuşdur. Cavabdehin 07/2012-ci il tarixinə kimi 307,60 manat məbləğində qalıq borcu qalmış, 07/2018-ci il tarixinə 1906,60 manat məbləğində borcu hesablanmışdır. GASREPORT üzrə saldoda yaranmış həmin borc məbləğlərinin cəminin 2214.20 manat olmasına baxmayaraq, cavabdeh tərəfindən 07/2012-ci il tarixindən etibarən müvafiq ödənişlər edilmişdir ki, həmin ödənişin də müəyyən hissəsi (445,78 manat) borca tutulmuş və ümumi borcdan silinmiş, digər bir hissəsi də sərfiyyata uyğun olaraq hesablanmış və nəticədə qalıq borc 1768,40 manata bərabər olmuşdur. Hazırda cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləği 2098.40 manat təşkil edir, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə qanunazidd hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(011)-2741/2021 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia təmin olunmamışdır. İddiaçı, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini, iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddanın təmin olunmalı olmasını və s. göstərmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30.03.2018-ci il tarixli, 58/1818 saylı aktın surətindən görünür ki, aktda qaz sayğacına baxış keçirilən zaman sayğacın plombunun olmadığı aşkar olunmuş, sayğaca baxış keçirilərək plomb vurulması barədə qeyd edilmişdir. İşdə olan «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 29.06.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda qaz sayğacına baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşilməsi və dəymiş ziyanın hesablanması və ödənilməsi barədə qeyd edilmişdir. İşdə olan İddiaçı İB-nin 30.03.2018-ci il tarixli Qərar-Hesabatının surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə 1548 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İşdə olan İddiaçı İB-nin «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 01.06.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış G-6 markalı 1005AQ**********6 nömrəli qaz sayğacı G-6 markalı 1705AZ**********99 yeni qaz sayğacı ilə əvəzləşdirilmişdir. İşdə olan İddiaçı İB-nin QSN-25/1710-00694/5-1 nömrəli aktına əsasən, İddiaçı İBnin SOCAR**********00040020A00371 saylı, 21 may 2018-ci il tarixli məktubuna əsasən, qaz sayğaclarına 04 iyun 2018-ci il tarixi ərzində aparılmış təftiş işləri nəticəsində 1005AQ**********6 nömrəli smartkart tipli qaz sayğacı 22 iyun 2018-ci il tarixli yoxlama aktı nəticəsində yararsız hesab olunmuşdur. İşdə olan İddiaçı İB-nin 29.06.2018-ci il tarixli qərarının surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə 9288 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İşdə olan iddiaçının 06.02.2020-ci il tarixli **********00010 saylı abonent hesabına dair Saldodan görünür ki, həmin sənədin «Qalıq və aktlar» bölməsinə 03/2018-ci il üçün 307,60 manat, 06/2018-ci il üçün 1857,60 manat məbləğ daxil edilmişdir. İşdə olan Gasrep sənədindən görünür ki, iddiaçının **********00010 saylı abonent hesabında cari borc məbləği kimi 1768,40 manat yazılmışdır. İddiaçı qeyd edilən aktlara əsaslanaraq, cavabdeh tərəfindən qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etməsinin aşkar olunmasını iddia etmiş, həmin aktlara əsasən əlavə sərfiyyat hesablanmasını və s. göstərmişdir. Cavabdeh isə etirazının əsası kimi sayğacdan kənar təbii qazdan istifadə etməməsini, aktların birtərəfli qaydada tərtib olunmasını, onun iştirakının təmin olunmamasını və s. göstərmidir. Birinci instansiya məhkəməsi, iddianı rədd edərkən iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən abonentin iştirakı təmin edilməməsinə və s. əsaslanmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh məxsus ünvan 2 ünvanında (abonent kodu: **********00010) təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edilir, həmin sayğac yenisi ilə əvəzləşdirilmiş, yoxlanma zamanı sayğacın çıxış plastmas borusunun deşilməsi və plombunun olmaması nöqsanı müəyyən edilmiş və buna görə İddiaçı İB tərəfindən əlavə hesablaşma aparılaraq itirilmiş 1548 m3 və 9288 m3 təbii qazın bərpası məqsədilə Cavabdeh abonent hesabına borc daxil edilmiş və həmin məbləğ iddiaçıya dəymiş zərər formasında tələb olunur. Bununla belə, məhkəmə tərəfindən Cavabdeh qaz sayğacına müdaxilə etməsi, təbii qazdan qeyri-qanuni istifadə etməsi, həmçinin cavabdehin iddiaçıya hüquqla və ya qanunla müdafiə edilən və ona birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli və hüquqa zidd əməlinə dair halları müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddia tələbi iddiaçının sübutetmə yükü ilə bağlıdır və o, cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsinə dair hallara dair sübutetmə vəzifəsi daşıyır. Lakin iddiaçı buna dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Onun iddia tələbinə dair təqdim etdiyi sübutlar cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsi və onun hüquqa zidd və təqsirli əməlinə dair halların müəyyən edilməsi üçün yetərli hesab edilə bilməz. Belə olan halda cavabdeh qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımadığından, hazırkı iddia tələbi ilə də ondan dəymiş ziyana görə borcun tutulması da əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası, iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 6.5-ci bəndinə əsasən (bundan sonra, Qaydalar) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İddiaçının iddia etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, iddiaçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin, iddiaçı tərəf keçən müddət ərzində cavabdehə ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair də sübut təqdim edə bilməmişdir (iddia ərizəsinə 04 dekabr 2020-ci il tarixli pretenziya əlavə olunsa da, onun göndərilməsi və çatdırılmasına dair sübutlar əlavə olunmamışdır). Bundan əlavə, iddia ərizəsinə əlavə olunmuş fotoşəkildən isə qoşulma faktının olmasını birmənalı müəyyən etmək olmur. İddiaçı isə, tərtib olunmuş aktlara əsasən cavabdehdən dəymiş ziyan tələb edir. Halbuki, cavabdehin həmin aktlarda göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, iddiaçı təşkilat müxtəlif tarixlərdə tərtib olunmuş aktlarda göstərilən pozuntuların mövcudluğunu, eyni zamanda cavabdehin bu istiqamətdə təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(011)-2741/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(011)-2741/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar