Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6826/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6826/2023 (Açar sözlər: alimentin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh (tərcüməçi X1 qızının) iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2131/2023 saylı 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahlarından anadan olan 02 iyul 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşma çalanadək saxlanması üçün təyin olunmuş alimenti artıraraq hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 04 iyun 2014-cü il tarixdə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşlar. Nikaha daxil olan zaman və nikah dövründə nikah müqaviləsi bağlamamışlar. Birgə nikahlarından 07 oktyabr 2007-ci il təvəllüdlü X7 və 02 iyul 2015-ci il təvəllüdlü X8 adlı iki övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4846/2015 saylı, 06 noyabr 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və cavabdehlə birgə nikahlarından anadan olan 07 oktyabr 2007-ci il təvəllüdlü X7 və 02 iyul 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər bir uşaq üçün hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1034/2016 saylı, 13 fevral 2016-cı il tarixli qətnaməsi ilə cavabdehin ona qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, təyin edilmiş aliment azaldılaraq hər bir uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin həmin məbləğ uşağın tələbatını ödəmir. O, dəfələrlə cavabdehdən azyaşlı uşaqlarının saxlanması üçün maddi kömək tələb etsə də, o, bundan boyun qaçırır.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(007)- 2131/2023 saylı qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddianın təmin edilməsi, xx.xx.2015ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-1034/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 112.1-ci maddələrinə, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 112.1.3, 124.1, 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, azyaşlı övladının saxlanılması üçün alimentin onun əmək haqqının ¼ hissəsi həddində tutularaq iddiaçıya verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, o, həmişə övladının saxlanılması üçün əlavə olaraq maddi köməklik etmiş və bir çox hallarda Viktoriyanın özünə əlbə-əl pul vermişdir. Lakin nədənsə bu barədə Viktoriya həmin halları məhkəməyə bildirməmiş və məhkəmə onun iştirakını təmin etməmişdir. Hazırda o, “Ballesteros Leric” şirkətində “şirniyatçı” işləyir və onun aylı əmək haqqı 350 manat təşkil edir. Qeyd edir ki, onun başqa ixtisası olmadığı üçün o, məcburiyyət üzündən həmin iş yerində işləyir. Əks təqdirdə o, başqa peşə üzrə işləməlidir. Eyni zamanda hazırda həmin şirkətdə çalışan işçilərinin əmək haqqı onun əmək haqqından artıq deyildir. Ona görə o, məcburən həmin əmək haqqı ilə dolanır. Həmçinin, bildirir ki, onun əmək haqqı aşağı olduğu üçün valideyini - anası hər ay ona maddi köməklik göstərir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
10. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
11. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
12. Maddə 76.2. Valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
17. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
22. Alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.
23. Həmçinin nəzərə alınmalıdır ki, tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki qanunla müəyyən edilmiş məbləğ uşağın yaşaması üçün minimum tələbatları ehtiva etməklə, onun ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün digər xərclərin tələb olunmasını istisna etmir. Baxılan iş üzrə uşaq iddiaçının himayəsində olduğundan onun saxlanması üçün tələb olunan bütün digər zəruri xərclər də iddiaçının üzərinə düşür.
24. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir.
25. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, iddiaçı tərəfindən alimentin sabit pul məbləğində tutulması xahiş olunmuş, digər tərəfdən cavabdehin əmək haqının (350 manat) dörddə bir həcmində alimentin tutulması uşağın artan xərclərinin ödənilməsində, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasında aşağı məbləğdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutan birinci instansiya məhkəməsi Cavabdeh sabit pul məbləğində hər ay 220 manat məbləğində aliment tutulmasını haqlı olaraq ağlabatan hesab etmişdir.
27. Kollegiya apelyatorun məhkəmə iclasında iştirakının təmin olunmamasına dair dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarından görünüdüyü kimi, birinci instansiya məhkəməsində icraat zamanı bütün proses iştirakçılarının məhkəmə iclasında iştirakı təmin edilməsi istiqamətində addımlar atılmışdır. Belə ki, cavabdehə rəsmi bildiriş göndərilmiş və bildiriş onun tərəfindən xəbərnaməyə imza etməklə təhvil alınmışdır. Buna görə də kollegiya bu dəlili də əsassız hesab edir.
28. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2131/2023 saylı iş üzrə 13 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova