Məhkəmə qərarları › İş №2(103)-6827/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6827/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6827/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6827/2024 (Açar sözlər: borc tələbi, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(004)-3249/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 18 dekabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Ağalarov X2 Mehman Tahir oğluna xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 27 saylı notariat kontorunda, xx.xx.2013-cü il tarixədək qaytarmaq şərti ilə 23.000 manat pul kredit vermişdir. Şərtləşdikləri vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh verdiyi pul məbləğini qaytarmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23000 manat borcun və 162 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Tahir oğluna xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 27 saylı notariat kontorunda 23.000 manat pulu xx.xx.2013-cü il tarixdə qaytarmaq şərti ilə kredit vermişdir. Şərtləşdikləri vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh verdiyi pul məbləğini qaytarmamışdır. Əvvəllər dəfələrlə ondan verdiyi borcun qaytarılmasını tələb etsə də, o hər dəfə ayrı-ayrı bəhanələr gətirərək borcu qaytarmaqdan yayınmışdır. Hal-hazırda özünün pula böyük ehtiyacı vardır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3249/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 23000 manat borc və 162 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 448.1, 467, 739.1, 739.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-3249/2022 saylı mülki işdə cavabdeh olaraq iştirak etməmişdir. Birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyi üçün kredit müqaviləsini və müqavilə üzrə borcu mübahisələndirə bilməmişdir. Məhkəmədə iştirak edə bilməməsi ondan asılı olmayan səbəblərdən irəli gəlmişdir. Belə ki, o, bu müddət ərzində, azadlıqdan məhrum etmə növündə cəzanın icrası ilə əlaqədar cəzaçəkmə müəssisəsində olduğundan iştirakı mümkünsüz idi. Qeyd olunmalıdır ki, onunla İddiaçı arasında xx.xx.2013-cü il tarixində 4 ay müddətinə 23.000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin üzrə icra müddəti 23 avqust 2013-ci ildə bitmişdir. Sözügedən kredit müqaviləsi üzrə iddia tələbi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti 23 avqust 2016-cı il tarixdə sona çatmışdır. İddiaçı isə ona qarşı iddia ərizəsi ilə 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 2ci maddəsinin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Belə olan halda hesab edir ki, iddiaçı 23 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə tələb irəli sürülməsi üçün mülki qanunvericilikdə təsbit edilmiş 3 illik iddia müddətini ötürmüşdür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti müdafiə edərək qətnamənin ləğv edilməsini və iddia müddətinin tətbiqi barədə ərizənin nəzərə almasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi (tərəflər arasında mübahisənin mövcud olduğu tarixdə qüvvədə olan redaksiyası)

11. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

12. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

13. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.

14. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

21. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

26. Belə ki, işdə olan yazılı sübutlarla müəyyən olunur ki, İddiaçı arasında xx.xx.2013-cü il tarixində 4 ay müddətinə 23.000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır.

27. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-686/2019 saylı, 30 dekabr 2019-cu il tarixli hökmünə əsasən Cavabdeh 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir.

28. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Cavabdeh Nizami rayonu ərazisində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

29. İddia müddətinin tətbiqi barədə ərizənin məzmunundan görünür ki, İddiaçı iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar rədd olunması Cavabdeh tərəfindən xahiş olunmuşdur.

30. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə müvafiq olaraq, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. ... iddia müddətinin axımı həmin müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır.

31. Qeyd olunan hüquq normaları kontekstində işin faktiki hallarını nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mahiyyəti baxımından əsaslı olsa da, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, yuxarıda da göstərildiyi kimi, tərəflər arasında kredit müqaviləsi xx.xx.2013-cü il tarixində 4 ay müddətinə bağlanmışdır və bu da o deməkdir ki, həmin müqavilə üzrə öhdəliklər ən geci 23 avqust 2016-cı il tarixədək icra edilməli idi.

32. Lakin iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət olunmuş, bununla da iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülmüşdür.

33. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

34. E.Həkimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki. iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

36. Beləliklə kollegiya hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə hüququnun pozulduğunu bilməli olduğu tarix 23 avqust 2016-cı il olmuş, o isə bu tarixdən 3 il keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etmişdir.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

38. Qanunvericiliyin tələbindən də göründüyü kimi iddia müddəti yalnız cavabdehin verdiyi ərizə əsasında tətbiq edilə bilər. Məhkəmə öz təşəbüüsü ilə iddia müddətini tətbiq edə bilməz.

39. İş materiallarından müəyyən olunur ki, iş üzrə cavabdeh-apelyator azadlıqdan məhrum olunduğundan və bu səbəbdən birinci instansiya məhkəməsində iştirakı təmin olunmadığından o, iddia müddətinin tətbiqi barədə ərizə vermək hüquqlarından məhrum olunmuşdur.

40. Hazırda isə Cavabdeh həm apellyasiya şikayətinin dəlillərində iddia müddətinin tətbiqini xahiş etmiş, həm də məhkəməyə bu barədə ərizə ilə müraciət etmişdir.

41. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçı tərəfindən borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 3 illik iddia müddəti bitdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüş, müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir əsaslı sübut məhkəməyə təqdim edilməmişdir.

42. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

43. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

44. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3249/2022 saylı iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar