Məhkəmə qərarları › İş №2(103)-6829/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6829/2023

21.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6829/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X9 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1693/2023 saylı, 23 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Tərəflərin birgə nikahlarından 01 oktyabr 2015-ci il təvəllüdlü X3 doğulmuşdur.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2642/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 01 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3150/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 01 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçüm hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(007)-3150/2019 saylı qətnaməsi "Cavabdeh əlavə xərclərə görə 20 (iyirmi) manat vəsait tutularaq İddiaçı verilsin" hissəsində dəyişdirilmədən saxlanılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 17 nömrəli Uşaq Poliklinikasının 30 iyun 2018-ci il tarixli, 134 nömrəli məktubundan görünür ki, 01 oktyabr 2015-ci il təvəllüdlü X4 poliklinikada “Perinatal hipoksik ensefalopatiyanın qalıq nəticəsi, febril qıcolmalar” diaqnozu ilə nevropatoloqda, “Anadangəlmə ürək qüsuru, İİ-İİİ dərəcəli qan dövranı çatışmazlığı” diaqnozu ilə kardioloqda dispanser nəzarətindədir.

4. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası X10 stasionar xəstənin tibbi vərəqəsindən çıxarışdan görünür ki, 01 oktyabr 2015-ci il təvəllüdlü X4 uşaq AUD:PS ciddi diaqnozu ilə doğulub. 2016-cı ildə balon valvuloplastikası icra edilib. Kardioloq, kardiocərrah tərəfindən nəzarətdədir (daxil olma: xx.xx.2023-cü il – çıxma: xx.xx.2023-cü il).

5. X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli peadiatrik exokardiografiya protokolundan görünür ki, 01 oktyabr 2015-ci il təvəllüdlü X4 perkutan balon valvuloplastika olunmuş, infeksion endokardit profilaktikası məsləhət görüldü.

6. 02.05.2023-cü il, xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinə 90 manat, 40.21 manat və 54.10 manat məbləğində vəsait ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh oğlu 01 oktyabr 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 220 manat sabit pul məbləğində aliment tutulması, xəstəlikləri ilə bağlı müalicəsinə görə Cavabdeh uşağın əlavə xərclərinə görə tutulan 20 manat vəsaiti artırılaraq 50 manat məbləğində məhkəmə tərəfindən onun əlavə xərclərində iştiraka cəlb olunması və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 60 manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahda olarkən bir övladları 01 oktyabr 2015-ci il təvəllüdlü X3 doğulmuşdur. Ailə münasibətləri pisləşdiyindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-192/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çalanadək saxlanılması üçün cavabdehdən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2642/2022 saylı qətnaməsi ilə təyin edilmiş miqdarda tutulmuş alimentin uşağın tələblərinə uyğun təyin edilməsini xahiş edir. Həmçinin oğlu X4 ürək qüsurludur. Müalicəsinə aylıq təqribən 100 manat xərc çıxır.

9. Cavabdeh nümayəndəsi-vəkili Vəkil iddiaya etiraz verərək bildirmişdir ki, iş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən də görünür ki, iddiaçının sonuncu dəfə alimentin artırılması tələbinə cəmisi 6 (altı) ay bundan öncə məhkəmədə baxılmışdır və sözügedən qətnamə ilə aşağıdakılar müəyyən edilmişdir: 1) o, 3-cü qrup əlildir; 2) 2-ci dəfə rəsmi ailə qurubdur; 3) onun 2-ci nikahdan əlavə olaraq 2 azyaşlı uşağı vardır; 4) o, Ucar rayonunun Yuxarı Şilyan kəndində yaşayır və heç bir yerdə işləmir. 5) Hazırda anası, ikinci həyat yoldaşı və 2 azyaşlı uşaqları olmaqla hamısı onun himayəsindədirlər. Göstərilənlərlə bağlı tərəfindən vaxtilə də Nizami Rayon Məhkəməsinə rəsmi sübutlar təqdim edilmişdir və bu haqda məlumatlar 12 oktyabr 2022-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Hazırda da bu faktları təsdiq edən rəsmi sübutlarını hazırki etiraza bir daha əlavə edir. Odur ki, yuxarıda göstərilənlərə əsasən, onun maddi qazancının dəyişməsi (artması) barədə iddiaçı altı aydan sonra yeni heç bir sübut məhkəməyə təqdim etmədiyi halda, birdən-birə bir uşağa görə onun xeyrinə tutulan alimentin miqdarının 193 manatdan 250 manatadək artırılmasını tələb etməsi yolverilməzdir və belə bir iddianın təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Bundan əlavə iddiaçı bir daha hazırki iddiasında əlavə xərc kimi ondan bir uşağa görə tutulan 20 manat alimentin məbləğinin də 50 manatadək artırılmasını tələb etməsinə baxmayaraq, yenə də məhkəməyə uşağın müalicəsi üçün çəkilən xərclərin artırılmasına dair yeni sübutlar təqdim etməmişdir. Halbuki, məhkəməyə bu haqda rəsmi sübutlar təqdim edilməlidir. Geridə qalmış müddət ərzində onun maddi vəziyyətinin yaxşılaşması barədə məhkəməyə heç bir rəsmi sübut təqdim edilməmişdir. Əksinə maddi durumunun yaxşı olmaması barədə onun özü məhkəməyə sübutlar təqdim edir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(007)- 1693/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

11. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, 01 oktyabr 2015-ci il təvəllüdlü X4 anadangəlmə ürək qüsurludur və poliklinikada dispanser nəzarətdədir. Bu səbəbdən uşağın saxlanmasında və onun müalicə xəclərinin ödənilməsində hər iki valideyn iştirak etməlidir. Odur ki, iddia bu hissədə təmin olunmalı, 01 oktyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3150/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş əlavə xərcin miqdarı dəyişdirilərək 50 manat müəyyən olunmalıdır.

13. Həmçinin məhkəmə cavadehin 3-cü qrup əlil olmasina münasibətdə bildirmişdir ki, 3-cü qrup əlil əmək qabiliyyətlidir və işləyə bilər. Cavabdeh məhkəməyə bunun əksini təsdiq edəcək heç bir sənəd təqdim etməmişdir. Əlavə olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğulanmış sorğudan cavabdehin 150 manat pensiya alması da məyyən olunmuşdur

14. Məhkəmə gəldiyi nəticəni “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19-cu maddələri; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 112.1-ci maddələri; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 avqust 2023-cü il, 2(007)-1693/2023 tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, himayəsində başqa nikahdan olan 2 azyaşlı uşağı, ahıl, yataq xəstəsi anası tək, baxımsız qoya bilmədiyindən təsadüfi qazancla dolanmağa məcburdur, işsizdir, əlilliyi müəyyən edilmişdir, uşağın tələbatının ödənilməsi həm də valideyn olaraq anasının-iddiaçının vəzifəsidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab edilərək təmin olunmamasını, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1693/2023 saylı, 23 avqust 2023-cü il tarixli qətnaməsinin dəyişirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, uşağına ikinci əməliyyat lazımdır, ürəyinə yenidən aparat qoyulmalıdır, aparat onun ürəyində qalmalı və onun ürəyinin fəaliyyəti yazılmalı, daha sonra ikinci dəfə əməliyyat olunmalıdır. O, cavabdehə bildirir ki, gəlsin uşaqla maraqlansın, lakin köməklik göstərmir, maraqlanmır. Oğlunun ürəyi dəyişilməlidir, ürəyinin qapağı dəyişilməlidir. Oğlunun epilepsiyası vardır, bir dəfə kliniki ölüm keçirmişdir. Oğluna təcili tibbi yardım gəldi, ölüm rəyi qoyuldu, daha sonra oğlu yenidən nəfəs aldı. O, cavabdehə bildirir ki, alimentdən də imtina edir, əvəzində uşağın müalicəsi ilə maraqlansın, lakin onu da etmir. Cavabdeh uşaqla görüşlə bağlı məhkəməyə müraciət etdi, görüş vaxtı təyin olundu, buna baxmayaraq yenə də uşaqla görüşmür. O, tək anadır, uşağa görə işləyə bilmir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

24. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

25. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

26. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

27. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

28. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

29. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

30. 81.2 və 81.3-cü maddələrinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

31. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

32. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:

33. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

34. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

35. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

36. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

38. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

39. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır.

42. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.

43. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalıdır.

44. Nəzərə alınmalıdır ki, aliment ödəyən cavabdeh qismən də olsa əmək qabiliyyətlidir və onun heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin qeyd edilməlidir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhz məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olub-olmaması halı nəzərə alınır.

45. Həmçinin birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş uşağın əməliyyat olunması, müayinə və müalicə məqsədilə daim həkim nəzarətinə ehtiyacı olmasına dair tibbi sənədlərə əsasən iddiaçının istinad etdiyi halları haqlı olaraq (uşağın əməliyyatdan sonra müalicə almalı olmasını, mütəmadi olaraq həkim nəzarətinə ehtiyacı olmasını və s.) müstəsna hal kimi mövcud olduğunu qəbul etmiş, hər iki tərəfin ailə və maddi vəziyyətini, həmçinin uşağın mənafeyini nəzərə almaqla, valideynin-cavabdehin əlavə xərclərə cəlb olunması qaydasını və xərclərin miqdarını, hər ay 50 manat məbləğində ödənilməli olan sabit pul məbləğində tutulmalı olmasını müəyyən etməklə, düzgün nəticəyə gəlmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Məhkəməsinin 2(007)-2642/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 1 ildən artıq müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin, həmçinin əlavə xərclərin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin tutulmaların miqdarının müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə aparılan tutulmaların miqdarının dəyişdirilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanunvericilikdə nəzərdə tutulan dispozisiya şərtlərinin mövcudluğu baxımından əsaslı olmuşdur.

47. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

48. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

49. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1693/2023 saylı, 23 avqust 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar