Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6838/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh və cavabdehin iddiaçıya qarşı irəli sürdükləri “pul tələbi barədə” ilk və qarşılıqlı iddialarına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 16 mart 2021-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Hazırki iş üzrə tərəflərin bir-birinə qarşı irəli sürdükləri “pul tələbi barədə” ilk və qarşılıqlı iddialarına dair mülki işə baxmış Qaradağ Rayon Məhkəməsi iş üzrə 16.03.2021ci il tarixdə qəbul etdiyi qətnamə ilə hər iki iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayəti baxılması üçün Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilmşdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, qeyd edilən apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. Mülki işin materiallarından görünür ki, İddiaçı qətnaməni 01.04.2021-ci il tarixdə “Poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə” imza etməklə rəsmi qaydada almışdır (iş v. 218). Belə olan halda, MPM-nin 360-cı maddəsinin tələbinə görə qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin sonuncu günü (01.05.2021 və 02.05.2021-ci il tarixlərin şənbə və bazar günləri olması nəzərə alınmaqla) 03.05.2021-ci il tarix hesab edilir. Lakin apellyasiya şikayəti 16.05.2021-ci il tarixdə Rayon Məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi İddiaçı qətnamədən apellyasiya şikayəti verilmə müddətini ötürmüşdür. Apellyasiya şikayəti verilməsi müddətini ötürmüş İddiaçı Rayon Məhkəməsinə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verməmişdir. Rayon Məhkəməsi isə prosessual müddətin ötürülməsinə qiymət verməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin, Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etmədən İddiaçı apellyasiya şikayətini mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Qeyd edilən məsələ Rayon Məhkəməsi tərəfindən müzakirə edilməmiş qaldığı üçün hesab edilməlidir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh və cavabdehin iddiaçıya qarşı irəli sürdükləri “pul tələbi barədə” ilk və qarşılıqlı iddialarına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 16 mart 2021-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti, mülki işlə birlikdə, Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6838/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6838/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver