Məhkəmə qərarları › İş №2(103)-684/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-684/2020

17.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-684/2020 17.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı X6 və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3651/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X11 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 155000 manatın tutulmasına, tutmanın onların birgə ümumi əmlakları olan Mersedes Benz CLB 300 minik avtomobilinə, Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsində yerləşən binanın zirzəmisindəki qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki 1284 nömrəli bağ evinə, ünvan 1 ünvandakı 1 otaqlı mənzilə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3651/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 X6 xeyrinə 155000 (yüz əlli beş min) manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh2 məxsus, girov predmeti olan, ** ND *** dövlət qeydiyyat nişanlı Mersedes Benz CLK 300 minik markalı, universal tipli 2011-ci il buraxılışlı, ağ rəngli avtomobilə, ünvan 2 ünvanında yerləşən üçmərtəbəli binanın zirzəmisindəki 75,8 kv.m qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 214.6 kv.m yaşayış, 77.1 kv.m köməkçi sahədən ibarət 1284 nömrəli bağ evinə, Bakı şəhəri, Muxtadır küçəsindəki 3/6 №-li yaşayış evinin 4 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, girov predmetlərinin hərracda satışından əldə olunan pul vəsaitindən X9 ödənilməli olan borc ödənildikdən sonra həmin vəsaitin qalan hissəsi Cavabdeh2 qaytarılması qət edilmişdir. Qətnamədən iddiaçı X11 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956/2019 saylı 11 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X6 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3651/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 iyul 2019-cu il tarixli 2(103)-5303/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956/2019 saylı 11 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12522/2019 saylı 04 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı X6 apellyasiya şikayətindən imtinası qəbul edilmiş və ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Qətnamədən, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X8 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rəldd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun ümumilikdə 325.000 (üç yüz iyirmi beş min) manat pulunu mənimsəmişdir. Bununla əlaqədar, Cavabdeh2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 1 (101)-102/2019 saylı hökmü ilə şəxs cinayətin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunan hökm ilə məhkəməyə təqdim etmiş olduğu iddianın təmin tədbiri haqqında ərizə də təmin edilmiş, Cavabdeh2 məxsus olan əmlaklar üzərinə həbs qoyulması qərara alınmışdır. (Hökmün surətini şikayətə əlavə edir). Cavabdeh2 ona qarşı törətmiş olduğu dələduzluq əməli məhkəmə istintaqı zamanı müxtəlif sübutlarla və şahid ifadələri ilə müəyyən olunmuşdur. Hal-hazırda həmin şəxs qohumluq əlaqələrində olduğu iddiaçı vasitəsilə məhkəməyə qondarma iddia təqdim etməklə ona qarşı olan öhdəliyindən yayınmağa, iddiaçının uydurma borc tələbini əmlaklarına yönəltməklə onların onun mülki iddiası ilə bağlı yekun qərar çıxarılmadan satılmasına nail olmağa çalışır. O, əslində qohumluq əlaqəsində olduğu iddiaçı ilə aralarında sanki borc münasibətləri varmış kimi göstərərək məhkəməni yanıltmışdır. Aydındır ki, Səbail rayon Məhkəməsinə təqdim olunmuş iddia tamamilə uydurma əsaslarla və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün icrasının qarşısını almaq məqsədilə yazılmış iddiadır. İddianın əsası olaraq göstərilmiş “borc müqaviləsi” isə heç bir hüquqi nəticə yaratmayan, uydurma əqddir. Yəni, məhkəmə iddianı təmin edərkən əslində mövcud olmayan, uydurma bir əqdə əsaslanmışdır. Buna görə də, hesab edir ki, şikayət olunan qətnamə təmin olunan hissədə ləğv edilməli və iddiaçının iddiası tamamilə rədd olunmalıdır. Cavabdeh2 27 oktyabr 2019-cu il tarixdə Penitensiar Xidmət Müalicə müəssisəsində öldüyündən mülki iş üzrə Cavabdeh1 ölmüş əri - Cavabdeh2 prosessual hüquqi varisi kimi əvəz (təyin) edilmişdir. Məhkəmə iclasında iddiaçı X11 və onun vəkili X10 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İşə baxılması vaxtı və yeri haqqında cavabdeh və Cavabdeh2 prosessual hüquqi varisi Cavabdeh1 və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X4 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdən görünür ki, 18 avqust 2017-ci il tarixli qəbzə əsasən Cavabdeh2 X5 155000(yüz əlli beş min) manat borc pul almış, bir il müddətinə, yəni 18 avqust 2018-ci il tarixədək aldığı 155000(yüz əlli beş min) manatı qaytarmağı söz verir və aşağıdakı dörd adda əmlakı girov qoyur: 1) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki 1284 nömrəli bağ evi (AR DƏDRX DƏDRdən seriya MH № ******* saylı çıxarış, reyestr №-si **********68-11301, qeydiyyat №si **********, qeydiyyat tarixi 12.08.2008)-60000(altmış min) manat qiymətində; 2) Bakı şəhəri, Muxtadır (S.Rüstəmov) küçəsi 3/6, mənzil 4 (AR Bakı şəhəri İH Tİ və MHQİ-nin seriya MH № 078736 nömrəli qeydiyyat vəsiqəsi, qeydə alma 30 № 6708, 19.03.1997-ci il tarixdə qeydiyyat aparılmışdır)-30000 (otuz min)manat qiymətində; 3) Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsində yerləşən binanın zirzəmisindəki qeyriyaşayış sahəsini (AR İİN DƏÖQ-nin qeydiyyat № 002396, 01.10.2002-ci il tarixli şəhadətnamə)- 40000(qırx min) manat; 4) Mersedes Benz CLK 300 (AB № 658009 №-li qeydiyyat şəhadətnaməsi)minik avtomobilini- 25000(iyirmi beş) manat qiymətində girov qoyaraq bir il ərzində həmin pulu qaytarmağı öhdələrinə götürmüşlər. Qəbzi Cavabdeh2, X11,Cavabdeh1 və digər üç şahid imzalamışlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 1(101)-102/2019 saylı hökmü ilə Cavabdeh2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 8(səkkz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimdə çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 21 avqust 2018-ci il tarixdən hesablanması, mülki iddiaçı X3 Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh2 vurulmuş maddi ziyan olan 325000(üç yüz iyirmi beş min) manat məbləğində pul X3 xeyrinə tutulması, iddia tələbinin mənəvi zərərin vurulması və qalan hissələrdə rədd edilməsi, iddianın təmini tədbiri haqqında ərizənin təmin edilməsi, Cavabdeh2 məxsus “Mercedes GLK300” markalı, 90 ND-009 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və Baş Dövlət Yol Polisi İdarəsinin duracağına yerləşdirilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri , Xəzər rayonu , Mərdəkan qəsəbəsində yerləşən 1284 saylı bağ evi; Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi Həmid Araslı küçəsi, ev 3/6, mənzil 4 və Bakı şəhəri, S. Rüstəmov küçəsi ev 3/6, mənzil 16-da yerləşən əmlaklara həbs qoyulması, hökmün iddianın təmini tədbiri hissəsində dərhal icra olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 1(103)-689/2019 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 1(101)-102/2019 saylı hökmü dəyişdirilmiş, Cavabdeh2 zərərçəkmiş X1 2011-ci ilin avqust ayında Bakı şəhəri Səbail rayonu M.F.Axundov adına parkın yaxınlığında yerləşən ofisində 50.000 manat məbləğində aldığı pulun 25.000 manat məbləğində olan hissəsini həmin ilin dekabr ayında İxtiyar Həsənova qaytarıb qalan 25000 manat pulun isə etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxs İxtiyar Həsənova 25.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müdldəti keçdiyindən Cavabdeh2 həmin epizod üzrə cəza təyin edilməməsi, hökmlə Cavabdeh2 təyin edilmiş 8 il azadlıqdan məhrumetmə cəzası 7 ilə endilməsi, Cavabdeh2 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 1(101)-102/2019 saylı hökmü qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır. Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 307.6-cı və 307.7-ci maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. "İpoteka haqqında" Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. "İpoteka haqqında" Qanunun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. "İpoteka haqqında" Qanunun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab edilir. "İpoteka haqqında" Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. "İpoteka haqqında" Qanunun 12.2-ci maddəsinə əsasən rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qismən əsaslı olduğundan qətnamənin qismən, yəni tutmanın yönəldilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin olunmaması üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin tutmanın əmlaklara yönəldilməsi hissəsində qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın həmin hissədə təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəsi açıqaşkar əsassız və qanunsuz olmuşdur. Əvvəla, yuxarıda sadalan qanunvericilik normalarına əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalı və bu müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Bu cür müqavilələr dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. İpoteka hüququ da ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Lakin mübahisə predmeti olan əmlaklar qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariat qaydasında təsdiqlənmədiyindən və dövlət reyestrində qeydə alanmadığından, eləcə də göstərilən əmlakar üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində aparılmadığından iddianın bu hissəsi əsaslı hesab edilə və təmin oluna bilməzdi. İkincisi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 1(101)-102/2019 saylı hökmündən görünür ki, Cavabdeh2 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 8(səkkz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2018-ci il tarixdən hesablanmışdır. Həmin cinayət işi üzrə mülki iddiaçı olmuş, hazırki mülki iş üzrə qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi apellyasiya şikayəti vermiş X3 Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh2 vurulmuş maddi ziyan olan 325000(üç yüz iyirmi beş min) manatın xeyrinə tutulması, iddianın təmini tədbiri haqqında ərizənin də təmin edilməsi, Cavabdeh2 məxsus “Mercedes GLK300” markalı, 90 ND-009 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və Baş Dövlət Yol Polisi İdarəsinin duracağına yerləşdirilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu , Mərdəkan qəsəbəsində yerləşən 1284 saylı bağ evi; Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi Həmid Araslı küçəsi, ev 3/6, mənzil 4 və Bakı şəhəri, S. Rüstəmov küçəsi ev 3/6, mənzil 16-da yerləşən əmlaklara həbs qoyulması, hökmün iddianın təmini tədbiri hissəsində dərhal icra olunması qərara alınmışdır. Göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında qəbz başlığı ilə sadə yazılı qaydada olan razılaşmanın mərhum Cavabdeh2 barəsində cinayət təqibinin aparıldığı bir dövrdə baş verməsi, iddia ərizəsinin isə Cavabdeh2 həbs olunduğu tarixdən sonra məhkəməyə daxil olması iş materialları ilə açıq aşkar təsdiq olunur. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu cavabdeh və ya hər iki tərəf imzalayır. Cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticələri aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 191.4-cü maddəsinə əsasən məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Apellyasiya instansiya məhkəməsi cavabdehlərdən Cavabdeh1 birinci instansiya məhkəməsində iddianı özünəməxsus şəkildə etiraf etməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Cavabdeh1 19 dekabr 2018-ci il tarixli məhkəmə iclasında verdiyi izahatdan açıq-aşkar görünür ki, o, iddianı bilərəkdən etiraf edir. Qeyd olunduğu kimi, həmin vaxt onun əri, mərhum Cavabdeh2 artıq cinayət işi üzrə həbs olunmuşdur. Lakin onun iddia tələbini bu formada etiraf etməsi heç də iddianın tam olaraq əsaslı olduğuna dəlalət edə bilməz. Çünki, cavabdehin iddianı bu formada etiraf etməsi- ...”göstərilən müddətdə borcu qaytarmasaq, girov qoyduğumuz həmin əmlaklar iddiaçının mülkiyyətinə keçməlidir. Qəbzdə göstərilən müddətdə biz borcu ödəyə bilmədik, çünki buna maddi imkanımız yoxdur. Ona görə də, iddia tələbinin tam həcmdə təmin edilməsinə etiraz etmirəm” qanunun tələblərinə uyğun olmalı və hər hansı bir şəxsin, o cümlədən qətnamədən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi apellyasiya şikayəti verən İxtiyar Həsənovun hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Göründüyü kimi, Cavabdeh1 iddianı tam olaraq etiraf etməsinin (girov qoyduğumuz həmin əmlaklar iddiaçının mülkiyyətinə keçməlidir) qanuna zidd olması və İxtiyar Həsənovun hüquqlarını və qanunla qorunan mənafeyini pozması iş materiallarından açıq-aşkar görünür. Apellyasiya baxışı zamanı da iddia tələbinin bu hissədə əsassız olması, iddiaçının hazırkı iddianı irəli sürməklə, Cavabdeh1 isə iddianı tam etiraf etməklə hüquqlarından pis niyyətlə sui-istifadə etməsi öz təsdiqini tapdı. Belə ki, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İddiaçının və Cavabdeh1 hüquqdan sui-istifadə edərək, İxtiyar Həsənova ziyan vurmaq məqsədi ilə iddianı bu formada irəli sürməsi və iddianı etiraf etməsi təqdim olunan sənədlərlə, o cümlədən apellyasiya şikayətinin bütün dəlilləri ilə təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 iyul 2019-cu il tarixli 2(103)-5303/19 saylı qərarında da qeyd olunur ki, Dilarə Əbdüləzizin kassasiya şikayətinin dəlillərindən görünür ki, onunla iddiaçı arasında əmlakın ipoteka ilə yüklü edilməsinə dair razılaşma olmamışdır. İş materiallarında da məhkəmə qətnaməsi ilə tutma yönəldilən əmlakın cavabdehlər tərəfindən ipoteka ilə yüklü edilməmişdir. Göründüyü kimi, Cavabdeh1 birinci instansiya məhkəməsində iddianı tam etiraf edir, iddiaçının ziddiyyətli apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilmədikdən sonra isə, sonuncu qətnamədən kassasiya şikayəti verir və iddiaçı ilə arasında əmlakın ipoteka ilə yüklü edilməsinə dair razılaşma olmadığını göstərir. Ona görə də, Cavabdeh1 iddianı etiraf etməsinin ziddiyyətli və qanuna zidd olması həm də bu hallarla bağlıdır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.2-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəsmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3651/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qətnaməsi qismən, yəni “tutmanın Cavabdeh2 məxsus, girov predmeti olan, ** ND *** dövlət qeydiyyat nişanlı Mersedes Benz CLK 300 minik markalı, universal tipli 2011-ci il buraxılışlı, ağ rəngli avtomobilə, ünvan 2 ünvanında yerləşən üçmərtəbəli binanın zirzəmisindəki 75,8 kv.m qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 214.6 kv.m yaşayış, 77.1 kv.m köməkçi sahədən ibarət 1284 nömrəli bağ evinə, Bakı şəhəri, Muxtadır küçəsindəki 3/6 №-li yaşayış evinin 4 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, girov predmetlərinin hərracda satışından əldə olunan pul vəsaitindən X9 ödənilməli olan borc ödənildikdən sonra həmin vəsaitin qalan hissəsi Cavabdeh2 qaytarılsın” hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X3 apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X3 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3651/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qətnaməsi qismən, yəni “tutmanın Cavabdeh2 məxsus, girov predmeti olan, ** ND *** dövlət qeydiyyat nişanlı Mersedes Benz CLK 300 minik markalı, universal tipli 2011-ci il buraxılışlı, ağ rəngli avtomobilə, ünvan 2 ünvanında yerləşən üçmərtəbəli binanın zirzəmisindəki 75,8 kv.m qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 214.6 kv.m yaşayış, 77.1 kv.m köməkçi sahədən ibarət 1284 nömrəli bağ evinə, Bakı şəhəri, Muxtadır küçəsindəki 3/6 №-li yaşayış evinin 4 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, girov predmetlərinin hərracda satışından əldə olunan pul vəsaitindən X9 ödənilməli olan borc ödənildikdən sonra həmin vəsaitin qalan hissəsi Cavabdeh2 qaytarılsın” hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Qətnamə, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs X3 apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov İmza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar