Məhkəmə qərarları › İş №2(103)-6843/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6843/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6843/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı “xxxx” ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və tumanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-445/2017 saylı, 03 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “xxxx” ASC-nin xeyrinə 17.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 187436,99 (bir yüz səksən yeddi main dörd yüz otuz altı dollar doxsan doqquz sent) ABŞ dolları əsas, 29823,17 (iyirmi doqquz min səkkiz yüz iyirmi üç dollar on yeddi sent) ABŞ dolları faiz, 3715,22 (üç min yeddi yüz on beş dollar iyirmi iki sent) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 220975,38 (iki yüz iyirmi min doqquz yüz yetmiş beş dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində borcun(pul ödəniş gününə manat məzənnəsinə uyğun olaraq) və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanınCavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi, 3-cü döngədə yerləhən, 5 otaqlı 148.56 kv.m ümumi, 92.56 kv.m yaşayış, 56 kv.m yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan ilkin satış qiymətinin 270000 (iki yüz yetmiş min) manat müəyyən edilməklə satılması və əldə olunan vəsait hesabına qeyd edilən pul vəsaitlərinin «xxxx» ASC-yə ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması, Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış 17 avqust 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, kredit borcu tam ödənildikdən sonra, ipoteka predmetinin satışından artıq qalan pul vəsaitinin cavabdeh Cavabdeh2 oğluna qaytarılması qət olunmuşdur. İddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli qətnaməsi qismən, yəni kredit müqaviləsi üzrə borcun tutulması və ipotekanın ilkin satış qiymətinin müəyyən olunması hissələrində qismən ləğv olunmuş, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı olan əsas kredit borcu 187438,03 manat, faiz borcu 29706,45 manat, cərimə borcu 2000 manat, cəmi 219144,48 manat müəyyən edilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi, 3-cü döngədə yerləhən, 5 otaqlı 148,56 kvadrat metr ümumi, 92,56 kvadrat metr yaşayış, 56 kvadrat metr yardımçı sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 597650 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-237/2019 nömrəli iş üzrə 27 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.08.2020-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-237/2019 nömrəli iş üzrə 27 dekabr 2019-cu il tarixli qətnaməsinin iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissələrdə ləğv edilməsi və mülki işin ləğv edilən hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə digər Cavabdeh1 tərəfindən hazırki mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verildiyi üçün mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(010)-445/2017 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı “xxxx” ASC-nin (ləğv prosesindədir) səlahiyyətli nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Suraxanı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, iş üzrə Cavabdeh1 Suraxanı Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli qətnaməsinin surətini 09.02.2017-ci il tarixdə poçt vasitəsilə göndərilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 31.05.2017-ci il tarixi məhkəmə iclası barədə göndərilmiş bildirişi Cavabdeh1 21.04.2017-ci il tarixində qəbul etmiş, bununla da o, hazırkı işə apellyasiya instansiya məhkəməsində baxılması barədə xəbərdar olub, lakin onun apellyasiya şikayəti məhkəməyə 4 (dörd) il keçdikdən sonra, yəni 06.04.2021-ci il tarixində prosessual müddətin bərpasına dair ərizə təqdim edilmədən daxil olmuşdur. Bununla da onun apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra apelyasiya şikayətinin təqdim edilməsi müddətin ötürülməsini təsdiq etmiş olur və müddətin ötürülübötürülməməsinə (üzrlü hesab edilməsinə) qiymət verilməsi üçün hər bir halda bununla bağlı müraciət olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki işin materiallarından görünür ki, apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət Cavabdeh1 tərəfindən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2021ci il tarixli qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyil. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar