Məhkəmə qərarları › İş №2(103)-6844/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6844/2019

29.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6844/2019 29.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviç oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçı “Paşa Sığorta” X4 Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2016-cı il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdehin özünün və vəkili X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı ASC, onun tərəfindən sığortalı şəxsə ödənilmiş pulun əvəzi olaraq 2.612,58 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ASC ilə “xxxxxxx” MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” əsasən MMC-yə məxsus bir neçə avtobus, o cümlədən **-JH-*** dövlət qeydiyyat nişanlı “X6” markalı avtobus xx.xx.2016-cı il tarixədək sığortalanmışdır. Cavabdeh qanuni sahibliyində olan **- RG-*** dövlət qeydiyyat nişanlı “Nissan Altima” markalı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş onun idarə etdiyi avtomobil yuxarıda qeyd edilən avtobus ilə toqquşmuşdur. Nəticədə avtobus zədələnmiş, MMC-yə maddi zərər dəymişdir. Həmin hadisə ASC ilə MMC arasında bağlanmış müqavilənin qüvvədə olduğu müddətində baş verdiyindən ASC, qeyd edilən müqavilənin şərtinə əsasən MMC-yə dəymiş zərərin əvəzini - 2.612,58 manatı sığorta ödənişi olaraq ödəmişdir. Bundan sonra ASC tərəfindən xx.xx.2016-cı il tarixli məktub ilə müraciət olunaraq həmin məbləğin reqress qaydada ASC-yə ödənilməsi tələb olunmuş, lakin cavabdeh həmin məbləği ödəməkdən yayınmışdır. Bu səbəbdən də, ASC hazırki iddia ilə məhkəməyə müraciət etmək və bunun üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İddia ərizəsi əsasında icraatı başlanmış işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra - Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ASC tərəfindən cavabdehə ödənişin həyata keçirilməsi barədə məktub ünvanlanmamışdır. Ona vaxtında məlumat verilsə idi, MMC-yə məxsus avtobusun zədələnmiş hissələrini tanış ustaları vasitəsilə təmir etdirə bilərdi. Cavabdehə məhkəmə iclası barədə məlumat verilməmiş və işə cavabdehin iştirakı olmadan baxılmışdır. Rayon Məhkəməsi dəymiş zərərin qiymətləndirilməsi üçün alternativ qiymətləri araşdırmamışdır. İşə apellyasiya qaydasında baxılan zaman iş üzrə cavabdeh “vəkilə çəkilən xərcin əvəzinin ödənilməsi barədə” ərizə ilə Məhkəməyə müraciət edərək, hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə müdafiə etmək məqsədilə ona göstərdiyi hüquqi yardım üçün vəkil X3 ödədiyi 160 manat pul vəsaitinin iddiaçıdan alınaraq ona ödənilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak etmiş cavabdeh və onun vəkili M.Bədəlov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdilər. Onlar bildirdilər ki, MMC-yə məxsus avtobusun təmiri üçün tələb olunan məbləğ təxminən 400- 500 manat təşkil edir. İş üzrə iddiaçı ASC apellyasiya baxışının iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə ASCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini, habelə mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismət təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə iddianın tam təmin edilməsi hissəsində ləğv edilməli və iddia qismən təmin edilməlidir. Habelə cavabdehin apellyasiya baxışı zamanı verdiyi “vəkilə çəkilən xərcin əvəzinin ödənilməsi barədə” ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Baş Dövlət X8 Qeydiyyat İmtahan Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AC seriyalı, 484969 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, “X6” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobus “xxxxxxx” MMC-yə məxsusdur. Həmin Şöbə tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AA seriyalı, 778154 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, “Nissan Altima” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Məmmədov Məmməd Babaşah oğludur. Bakı Şəhəri 14 saylı Notariat Kontoru tərəfindən verilmiş ƏN-İİİ seriyalı 307962 nömrəli xx.xx.2014-cü il tarixli “Etibarnamədən” görünür ki, Məmmədov Məmməd Babaşah oğlu qeyd edilən avtomobili xx.xx.2023-cü il tarixədək iş üzrə Cavabdeh istifadəsinə vermişdir. C-MİC-0417/15-C-MİC-0432/15 nömrəli xx.xx.2015-ci il tarixli “Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən”, xx.xx.2016-cı il tarixli “Sığorta aktından” və işdə olan digər sənədlərdən müəyyən edilir ki, “xxxxxxx” MMC-yə aid “X6” markalı **- JH-*** dövlət qeydiyyat nişanlı avtobus iddiaçı ASC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 275.933,40 manat dəyərində sığotalanmışdır. Bakı Şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, KYP seriyalı, 225055 nömrəli “İnzibati xəta haqqında protokoldan” görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə “Nissan Altima” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən normal sürət həddi seçmədiyi üçün qarşısında olan “X6” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusu arxadan vurmuş və nəticədə, Azərbaycan Respublikası İXM-nin 151.1 və 253-1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “xxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib edilmiş avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə “Zərər aktından” görünür ki, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş zərər 2.612,58 manat miqdarında qiymətləndirilmişdir. xx.xx.2016-cı il tarixli “Sığorta aktından” və xx.xx.2016-cı il tarixli “Ödəniş tapşırığından” görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş zərər 2.612,58 manat məbləğində hesablanmış və həmin zərərin qarşılığında zərərçəkmişə müvafiq sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2016-cı il tarixli “Ödəniş tapşırığından” görünür ki, iddia tələbi üzrə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (maddə 936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (maddə 936.5.). Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yuxarıda qeyd edilənlərə əsasən, Rayon Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Nissan Altima” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh etibarnamə ilə idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində “xxxxxxx” MMC-yə məxsus olmaqla X2 idarə etdiyi ASC-də sığortalanmış “X6” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtobus ilə toqquşmuşdur. Bunun nəticəsində avtobus zədələnmiş, avtobusun mülkiyyətçisi olan MMC-yə 2.612,58 manat məbləğində zərər dəymişdir. Qeyd edilən məbləğdə olan ziyan sığorta şirkəti – iş üzrə iddiaçı ASC tərəfindən sığortalı olan MMC-yə ödənilmişdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbinə əsasən ASC-nin cavabdehə qarşı subroqasiya qaydasında iddia irəli sürmək hüququ yaranmışdır. Hazırda vurulmuş ziyana görə cavabdehin iddiaçıya 2.612,58 manat borcu vardır. Həmin zərər ASC tərəfindən sığortalıya ödənildiyi üçün ASC cavabdehə qarşı subroqasiya qaydasında iddia irəli sürməkdə haqlıdır. Rayon Məhkəməsinin mövqeyi ilə tam razılaşmayan Məhkəmə, apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsi ASC-nin cavabdehə qarşı avtomobilə dəymiş zərərin ödənilməsinə görə subroqasiya qaydasında pul tələbi hüququnun yaranmasını müəyyən etməkdə haqlı olsa da iddianı tam təmin etməklə iş üzrə əsassız nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Rayon Məhkəməsi cavabdehin xx.xx.2015-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı qəzaya uğramış avtobusun bərpası üçün tələb olunan pul vəsaitinin məbləğini müəyyən edərkən “xxxxxxxxxxxxxxx” MMC -nin xx.xx.2015-ci il tarixli “Zərər aktına” istinad etmişdir. Cavabdeh isə həmin zərərin təxminən 400-500 manat təşkil etdiyini bildirir. “Zərər aktında” göstərilən ehtiyat hissələrinin qiyməti və xidmət haqqının məbləğinin həqiqətə uyğun olub-olmamasını, zədələnmiş hissələrin təmir edilməsi, yaxud hissəvi dəyişdirilməsi və sonrakı istismarının mümkünlüyünün müəyyənləşdirilməsi məqsədilə cavabdehin vəsatəti əsasında Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2019-cu il tarixli 22032 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, təqdim edilən “xxxxxxxxxxxxxxx” MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli məlumatlarına əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2015-ci il buraxılışlı “İveco Urbanway” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təqdim olunan “xxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixə təxminən 1.963 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti – 1.813 manat, təmir-bərpa işlərinin qiyməti 150 manat. Göstərilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2015-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı qəzaya uğramış nəqliyyat vasitəsinin bərpası üçün tələb olunan pul vəsaitinin məbləği 1.963 manat təşkil edir. Belə olan halda, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ASC-nin cavabdehə qarşı avtomobilə dəymiş zərərin ödənilməsinə görə subroqasiya qaydasında pul tələbi hüququnun yaranmasını düzgün müəyyən etsə də, iddianı tam təmin edərkən cavabdehdən tutulmalı məbləği 2.612,58 manat müəyyən etməkdə səhv nəticəyə gəlmişdir. Cavabdehdən iddiaçının xeyrinə 1.963 manat məbləğində pul tutulmalıdır. İş üzrə cavabdehin apellyasiya şikayətinin məhkəmə baxışında iştirakının təmin edilmədiyi barədə dəlilinə münasibətdə Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə bildirişləri cavabdehin rəsmi ünvanı üzrə göndərilmiş, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən daxil olmuş xx.xx.2016-cı il tarixli 525 nömrəli məktubla bildirişin ünvan sahibinə təqdim edilməsi barədə məlumat daxil olmuşdur. Göründüyü kimi, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmişdir. MPM-nin 185-ci maddəsinin mənasına görə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). Belə olan halda, Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır, qətnamə çəkişmə şəraitində qəbul edilmiş sayılır. Məhkəmə, cavabdehin apellyasiya baxışı zamanı verdiyi “vəkilə çəkilən xərcin əvəzinin ödənilməsi barədə” ərizəsini isə əsassız hesab edərək, əsas tələb olan ziyanın vurulması iş materialları ilə təsdiq edildiyindən və iddia yalnız zərərin məbləğinin müəyyən edilməsi hissəsində qismən təmin edildiyindən cavabdehin ərizəsi təmin edilməməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə iddianın tam təmin edilməsi hissəsində ləğv edilməli və iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ziyanın əvəzinin tutulması məqsədilə 1.963 manat məbləğində pul tutulmalı, qalan hissədə iddia təmin edilməməli, cavabdehin apellyasiya baxışı zamanı verdiyi “vəkilə çəkilən xərcin əvəzinin ödənilməsi barədə” ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2016-cı il tarixli qətnamə qismən, yəni subroqasiya qaydasında tutulmalı olan pulun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “Paşa Sığorta” X4 Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdeh iddiaçı “Paşa Sığorta” X4 xeyrinə sabroqasiya qaydasında tutulmalı olan pulun məbləği 1.963 (min doqquz yüz altmış üç) manat məbləğində müəyyən edilsin. İddianın ödənilməli olan məbləğin qalan hissəsi ilə bağlı hissəsi təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi iddiaçı “Paşa Sığorta” X5 dəymiş zərərin əvəzinin subroqasiya qaydasında Cavabdeh tərəfindən ödənilməsi barədə hissəsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya baxışı zamanı verdiyi “vəkilə çəkilən xərcin əvəzinin ödənilməsi barədə” ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar