Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6845/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, cavabdeh "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(006)-2068/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC-nin onun hüquqlarının pozulması, yəni Dövlət başçısının Fərmanından bəhrələnməsinin əngəllənməsi, bərabərlik hüququnun (Konstitusiyanın 25-ci maddəsi) pozulması, həmçinin Cavabdeh2 MMC ilə onun həmkəndlilərinə qanunsuz olaraq zənglər etməsi və bununla da onu həm şantaj etmələri, ailə-büdcə sirlərinin ictimailəşdirilməsinə səbəb olduqlarına görə məsuliyyət daşıdıqlarından, digər tərəfdən Dövlət başçısının 13 iyul 2012-ci il tarixli şəxsi göstərişi ilə yaradılan «ASAN Xidmət»in bu cavabdehlər tərəfindən qəbul edilməməsi və rədd edilməsinin dövlət qanunlarına zidd və hörmətsizlik kimi qiymətləndirilməli olmasına, butün bu neqativ halların onda stress, əsəb, gərginlik, ruh düşkünlüyü və psixoloji durumuna olduqca mənfi təsir göstərdiyindən, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində təzminatın cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC-dən 21 may 2014-cü il tarixdə 4.000 manat məbləğində kredit götürmüşdür. Sonradan maddi imkanının zəifliyi və məlum iqtisadi böhran nəticəsində kreditin ödənilməsində müəyyən problemlər yaranmışdır. 2015-ci il tarixdə manatın ucuzlaşması ilə devalvasiyanın olması nəticəsində kreditin ödənilməsi daha da çətinləşmişdir. Bununla da, kreditin ödənilməsində kəskin problemlər yaranmışdır. Ölkə Prezidenti 28 fevral 2019cu il tarixdə «Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» restrukturizasiya haqqında Fərman imzalamışdır. Bu Fərmandan irəli gələn vəzifələrə əsasən "xxxx" KB ASC onu bu kreditin restrukturizasiya əlavə kredit xəttinin açılması təklifini verməli olduğu halda, bunu etməmişdir. Lakin onun adına olan digər krediti – «Albalı plus» kreditinə görə həmin bankın hüquqşünası ona zəng etmiş və 943 manatlıq «Albalı plus» kreditinin restrukturizasiyasını və əlavə kredit xəttinin açılmasını təklif etmişdir. O, da öz növbəsində, bu təkliflə razılaşmış və 943 manatlıq «Albalı plus» kreditini yeni kredit xəttinin açılmasına və ödənilməsinə razılıq vermişdir. Hal-hazırda ödənişləri edir. O, həmin dövrdə hüquqşünasdan digər kreditinin olduğunu və həmin kreditin də restrukturizasiya olunmasını istəmişdir. Lakin bank və onun əməkdaşları bunun reallaşmasına müəyyən problemlər yaratmışlar, süni maneçiliklər, süründürməçilik, həmçinin bürokratik əngəllər yaratmışlar. Həmin 4.000 manatlıq kreditin restrukturizasiya olunacağının şübhə altında olduğunu hiss etmişdir. Bununla bağlı ölkə Prezidenti İ.Əliyevə məktub ünvanlamışdır. Səbəb isə Dövlət başçısının Fərmanından yararlana bilməmək təhlükəsi idi. Həmçinin, Mərkəzi Banka, Palataya 13.12.2019-cu il tarixdə saat 17:03:13-də rəsmi olaraq elektron müraciət etmişdir. 24 yanvar 2020-ci il tarixdə Milli Bank ona rəsmi məktub ünvanlayaraq bildirdi ki, müraciətə baxılmasının nəticəsi barədə 5 iş günü ərzində "xxxx" KB ASC Mərkəzi Banka və həmçinin ona rəsmi məlumat verəcək. Bu günə qədər heç bir məlumat verilməmişdir. Həmin dövrdə "xxxx" KB ASC onu çox böyük çətinliklərlə üz-üzə qoymuşdur. Belə ki, o, bir Azərbaycan vətəndaşı olaraq, 10 milyon əhali sırasından ayrı seçkilik olaraq ona aid olan kredit restrukturizasiya olunmamışdır. Tam hüquqlu bir ölkə vətəndaşı olaraq Dövlət başçısının müvafiq 28.02.2019-cu il tarixli Fərmanından yararlana bilməmişdir. Bu bir vətəndaş olaraq Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (bərabərlik) tələblərinin kobud surətdə pozulması və hüquqlarının tapdanması kimi qəbul edilir. Onu da xatırladır ki, kreditin ödənilməməsinə görə "xxxx" KB ASC onu məhkəməyə vermişdir (2015) və bu barədə məhkəmənin qərarları vardır. X3 sonra məhkəmədə olan bütün işlər geri götürülür. Qərar və qətnamələr ləğv olunur. Həmçinin dəbbələr və faizlər. Çox təəssüf ki, onu "xxxx" KB ASC bu hüquqdan da məhrum etmişdir. Beləliklə, o, hətta məhkəmələrin müvafiq qanunlarına görə 30 ilə qədər məhkəmədən asılı vəziyyətdə qalmış kimi hesab olunur. Hansı ki, krediti Prezidentin bu Fərmanına əsasən restrukturizasiya olunardısa, bu asılılıqdan xilas olmuş olardı. "xxxx" KB ASC-yə sual verilməlidir ki, onun kreditinin restrukturizasiya olunmasına görə niyə ona müraciət və ya təklif etməyib. Hətta onun Azərbaycan Respublikası Prezidentinə ünvanladığı məktubda X5 rəsmi elektron müraciətinə, digər tərəfdən rəsmi müraciət etdiyi yekun nəticəsi olaraq Mərkəzi Bankın 24 yanvar 2020-ci il tarixədək məktubun tələblərini yerinə yetirməmişdir. 2020-ci ilin hardasa mart-aprel ayından başlayaraq, ona müxtəlif nömrələrdən "xxxx" KB ASC və Cavabdeh2 MMC adı ilə zənglər gəlməyə başladı. Bir müddət sonra o, həmin gələn zənglərə artıq heç bir borcunun olmadığını, 1 saylı ASAN Xidmətdən rəsmi olaraq, MKR arayışının olduğunu bildirmişdir. Bu isə həmin kreditin olmamasına dəlalət edir. Təəssüflər olsun ki, 2020-ci ilin avqust ayının əvvəllərindən "xxxx" KB ASC onu yenidən həmin borca görə narahat etməyə başlamışdır (zəng edən nömrə 012 – 310 – 02 – 57). O da, öz növbəsində borcun olmaması barədə MKR arayışının olduğunu bildirmişdir. Dekabr ayının əvvəllərindən (055 595 – 51 – 00, 055 595 – 51 – 31) yenidən "xxxx" KB ASC təmsilçisi adı altında ona zənglər olunmuşdur. O, "xxxx" KB ASCnin rəsmi elektron müraciət edərək, bu nömrələrdən ona zəng olunduğunu bildirmişdir. "xxxx" KB ASC-dən isə ona bu bank tərəfindən heç bir zəng olmadığı bildirilmiş, tövsiyə olunmuşdur ki, bu barədə Cavabdeh2 MMC-yə müraciət etsin. Ən başlıcası onu narahat edən məsələ 012 – 310 – 02 – 57, 055 595 – 51 – 00, 055 595 – 51 – 31 tərəfindən onun həmkəndlilərinə (Əfsər Vəliyev 050 542 – 86 – 23, Saqi Əhmədov 050 596 – 86 – 02) onun kreditinin olması barədə məlumatın ötürülməsi və onun krediti ödəməməsi barədə şikayətlənmələri, bu şəxslərin ona kreditin ödənilməli olmasını çatdırmalarını bildirmişlər. Bu qanuna görə bankın onu şantaj etməsi, bank sirrinin ictimailəşməsi, bir şəxs olaraq onun ailəbüdcə sirrinin ictimailəşdirilməsi kimi qiymətləndirilir. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsi (bank sirri) kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, «ASAN Xidmət» Prezident aparatı yanında xüsusi innovasiya xidmətidir, bu xidmətin verdiyi müəyyən sənədlər – şəxsiyyət vəsiqəsi, vətəndaşlıq pasportu, sürücülük vəsiqəsi və digər ümumi məlum olan sənədlər dünyanın 200-ə yaxın ölkəsində keçərlidir. Lakin "xxxx" KB ASC-də bu innovasiya xidmətinin verdiyi sənəd keçərli hesab olunmur və kəskin şəkildə rədd edilir. Bütün ona qarşı olan haqsızlıq və qanunsuzluq bü günə qədər hüquqi qiymətini almamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli 2(006)-2068/2021 saylı qərardadı ilə «borcun restrukturizasiya olunması» tələbinə dair hissədə mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya həmin tələbə dair hissədə iddia ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(006)-2068/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmşdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etira edərək təmin olunmamasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər cavabdeh Cavabdeh2 MMC-yə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi Nümayəndə adından Xəzər Rayon Məhkəməsində prosesi olduğundan məhkəmə baxışının təxirə salınması barədə teleqram daxil olmuş, lakin buna dair sübutu müraciətinə əlavə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür...İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir... İşin faktiki hallarından göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçının hüquqları pozulmamışdır, cavabdehlər qanunvericilik çərçivəsində hərəkət etmişlər və cavabdehlər tərəfindən iddiaçıya hər hansı maddi və mənəvi ziyan vurulmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddanın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apellyasiya şikayətində də ona mənəvi zərər vurulması ilə bağlı hansısa mötəbər dəlilə istinad etməmişdir. Mənəvi zərər vurulması üçün cavabdehlər iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehlərin iddiaçıya mənəvi zərər vurması isə inandırıcı və ağlabatan görünmür. İkincisi, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin bu hallar hansısa mötəbər sübutlarla təsdiq edilmir. Buna görə də iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də inandırıcı deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(006)- 2068/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6845/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6845/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver