Məhkəmə qərarları › İş №2(103)-685/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-685/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-685/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-766/2024 nömrəli 09 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən İddiaçı illik 15% dərəcəsi ilə 3 ay güzəştli olmaqla, 36 ay müddətinə 500000 manat məbləğdə kredit verilmişdir.

2. 23.05.2022-ci il tarixli, 113-MFİ-292 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyət hüququ ilə özünə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100,4 kv.m olan qeyri-yaşayış binası və torpaq sahəsini Cavabdeh1 Səmhdar Cəmiyyəti qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka ilə yüklü etmişdir.

3. Cavabdeh1 ASC tərəfindən İddiaçı göndərilmiş xx.xx.2023-cü il tarixli ipoteka predmetinə hərracda satılması ilə bağlı tutmanın yönəldilməsi haqqında icra qeydinin aparılacağı barədə bildirişə əsasən İddiaçı, xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən yaranmış 463439,39 manat borcunun 21 gün müddətində ödənilmədiyi halda, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 100,40 kv.m olan qeyri-yaşayış binası və torpaq sahəsinə tutmanın yönəldilməsi prosedurunun başlanılması ilə bağlı xəbərdar edilmişdir.

4. xx.xx.2023-cü il tarixli 095556 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı icra qeydi ilə bağlı bildirişin çatdırılma qəbzinə əsasən bildiriş İddiaçı ünvan 3 ünvanına xx.xx.2023-cü il tarixdə çatdırılmış və imzalanmışdır.

5. xx.xx.2023-cü il tarixli 095555 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı icra qeydi ilə bağlı bildirişin çatdırılma qəbzinə əsasən bildiriş İddiaçı ünvan 4 ünvanına xx.xx.2023-cü il tarixdə çatdırılmış və imzalanmışdır.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasına dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

7. Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-15148 reyestr nömrəli xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka saxlayan “AFB” Bankın tələbi ilə İddiaçı məxsus ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən 93,1 kv.m qeyri-yaşayış binası və mülkiyyətində olan sahəsi 0,8374 ha olan torpaq sahəsinə tutma yönəldilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli icra qeydinin qanunsuz olduğundan ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri 12 saylı Notariat Ofisində rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-dən 15% dərəcəsi olmaqla 500.000 manat kredit götürmüş, 23 may 2022-ci il tarixdə 12 saylı Notariat Ofisində bağlanmış 113-MFİ-292 nömrəli ipoteka müqaviləsinə əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 100.40 kv.m olan qeyri-yaşayış sahəsini və torpaq sahəsini ipoteka saxlayanın xeyrinə girov qoyaraq yüklü etmişdir. Cavabdeh1 ASC Bakı şəhəri 12 saylı Notariat Ofisinə müraciət edərək 24 oktyabr 2023-cü il tarixli icra qeydi almış və Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə göndərmişdir. İcra qeydi qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Belə ki, kredit müqaviləsi bağlandığı tarixdən təxminən 135.000 manat kredit borcu ödəsə də bank əsassız olaraq şişirdilmiş məbləği ondan tələb etmişdir. Belə çıxır ki, banka ödəmiş olduğu məbləğləri bank əsas borcdan da silmək əvəzinə qanunsuz olaraq faiz borcuna silməklə ona süni rəqəmlərlə borc hesablayaraq icra qeydi verilməsini tələsik olaraq tələb etmişdir. Barəsində Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinin mövcud olduğunu, bu yaxın günlərdə İcra şöbəsindən edilən telefon zəngindən və onun əsasında çağırış əsasında məlumatı olmuşdur. Belə ki, bankla arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən ondan 471086.37 məbləğində pulun ödənilməsini tələb edilir. Lakin borc yuxarıda qeyd etdiyi kimi düzgün hesablanmamışdır. Bundan başqa ipoteka rəsmiləşdirilməsindən irəli gələn hüquqları da pozulmaqdadır. İpotekaya yönəldilmə haqqında bildiriş qeydiyyata alınmadan borcun ipoteka predmetinə yönəldilməsi icra qeydində tələb edilmişdir. İpoteka müqaviləsi bağlanan zaman qeyri-yaşayış sahəsinin və torpaq sahəsinin bazar dəyəri 770.000 manat qiymətləndirilmişdir. İcra qeydində isə borcun ipoteka predmetinə yönəldilməsi tələb olunsa da hərracdan satılıb–satılmaması barədə göstəriş və qalan məbləğin ona qaytarılması qeyd edilməmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 oktyabr 2024-cü il tarixli 2(004)-766/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddia rədd edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Qanuna, “Notariat haqqında” Qanuna, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətində işin halları sadalanmaqla göstərilmişdir ki, Notariat icra qeydinin aparılması barədə tələbkarın təqdim etdiyi sənədlərə baxış keçirdiyi ilk anda borcun məbləği və ipoteka predmetinin qiyməti mübahisəli olduğuna bir başa işarə verməyinə baxmayaraq, hətta tutmanın ipotekaya yönəldilməsi barədə bildirişin borcluya çatdırılmamasını bildiyi halda icra qeydini qanunsuz olaraq vermişdir. Onun bildirişi alması iş materialları ilə müəyyən edilməmişdir. Qanunda göstərildiyi kimi poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra o halda nəzərdə tutulur ki, rəsmi qayda poçt qəbzi “Azərpoçtun” vasitəsi və yaxud ciddi poçt xidmətləri tərəfindən göndərilir. Hazırda isə bildiriş xüsusi kuryer poçtları tərəfindən göndərilmiş olsa da, onun borclu tərəfindən alınmasını təsdiq edən hər hansı bir mötəbər sənəd əldə edilməmişdir. Bildirişdə olan borclu tərəfindən icra edilən imza isə onun imzasının olmaması qəanətinə gəlməyə əsas vermiş olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər (nümayəndə) məhkəməyə gəlmədiklərindən, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun

17. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

18. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası əks etdirilməlidir.

Azərbaycan Respublikası “Notariat haqqında” Qanunu

19. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.

20. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat

21. Maddə 161. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur.Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

22. Maddə 162. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 162-ci maddəsinə əsasən Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

23. Maddə 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. İpoteka müqaviləsində ipoteka predmetinin hərracda satılması üsulu müəyyən edildikdə, icra qeydi bu Təlimatın 161-ci hissəsinə (üçüncü abzası istisna olmaqla) uyğun olaraq aparılır.

24. Maddə 170. İcra qeydini təqdim etmək üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.

25. Maddə 170-1. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir.

“Poçt haqqında” Azərbaycan Respublikasının Qanunu

26. Maddə 1.0.1. Poçt rabitəsi - poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, daşınmasını, ünvan sahibinə çatdırılmasını təmin edən obyektlərin və nəqliyyat vasitələrinin vahid texnoloji sistemi;

27. Maddə 1.0.3. Universal poçt rabitəsi xidmətləri - Azərbaycan Respublikasının ərazisində əhalinin bütün təbəqələrinin istifadə edə biləcəyi müyəssər tariflərlə göstərilən və ümumi istifadədə olan poçt rabitəsi xidmətləri;

28. Maddə 1.0.4. Sürətli poçt rabitəsi xidməti - fiziki poçt göndərişlərinin ən sürətlə işlənməsini və çatdırılmasını təmin edən poçt rabitəsi xidməti;

29. Maddə 1.0.5. Kuryer xidməti - eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılması;

30. Maddə 1.0.10. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişi.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

39. Kollegiya hesab edir ki, məhkəmə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

40. İşin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında ipoteka ilə təmin olunmuş kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün borcverən kreditin təminat üsulu olan ipoteka predmetinə tutma yönəldilməsi barədə notariusa müraciət etmişdir. Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən 93,1 kv.m qeyri-yaşayış binası və mülkiyyətində olan sahəsi 0,8374 ha olan torpaq sahəsinə tutma yönəldilməsi barədə 8İ-15148 reyestr nömrəli xx.xx.2023-cü il tarixli icra qeydi verilmişdir.

41. İddiaçı icra qeydinin qanunsuz olduğunu bildirərək ləğv edilməsini tələb etmişdir.

42. İşin müəyyən edilmiş hallarından görünür ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir, onun ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

43. Cavabdeh1 ASC tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli ipoteka predmetinə hərracda satılması ilə bağlı tutmanın yönəldilməsi haqqında icra qeydinin aparılacağı barədə bildirişə əsasən sonuncuya xx.xx.2022-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən yaranmış 463439,39 manat borcunun 21 gün müddətində ödənilmədiyi halda ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 100,40 kv.m olan qeyri-yaşayış binası və torpaq sahəsinə tutmanın yönəldilməsi prosedurunun başlanılması ilə bağlı xəbərdarlıq edilmişdir.

44. xx.xx.2023-cü il tarixli 095556 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı icra qeydi ilə bağlı bildirişin çatdırılma qəbzinə əsasən bildiriş iddiaçının ünvan 3 ünvanına xx.xx.2023-cü il tarixdə çatdırılmış və imzalanmışdır.

45. xx.xx.2023-cü il tarixli 095555 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı icra qeydi ilə bağlı bildirişin çatdırılma qəbzinə əsasən bildiriş iddiaçının ünvan 4 ünvanına xx.xx.2023-cü il tarixdə çatdırılmış və imzalanmışdır.

46. İddiaçı ona istinad edir ki, bildiriş xüsusi kuryer poçt vasitəsilə göndərilsə də, onun borclu tərəfindən alınmasını təsdiq edən hər hansı bir mötəbər sənəd əldə edilməmişdir.

47. Poçt haqqında” Qanuna əsasən: Sürətli poçt rabitəsi xidməti - fiziki poçt göndərişlərinin ən sürətlə işlənməsini və çatdırılmasını təmin edən poçt rabitəsi xidməti; Kuryer xidməti - eyni kuryer tərəfindən poçt göndərişinin qəbul edilərək ünvan sahibinə çatdırılması; Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişi nəzərdə tutulur.

48. Kollegiya iddiaçının dəlilini əsassız hesab edir, belə ki, kuryer xidmətlərinin fəaliyyəti də “Poçt haqqında” Qanun ilə tənzimlənir və bildirişin kuryer xidməti vasitəsi ilə çatdırılması Sifarişli poçt göndərişlərinə daxil olmaqla, sifarişli çatdırılma hesab olunur.

49. Odur ki, bildirişin kuryer xidməti vasitəsi ilə çatdırılması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir.

50. İmzanın ona məxsus olmaması ilə bağlı da iddiaçının dəlillərinə münasibətdə isə qeyd edilir ki, imzanın ona məxsus olub-olmaması əhəmiyyət kəsb etmir, belə ki, iddiaçının məlum olan hər iki ünvan üzrə bildiriş göndərilmiş və hər iki xəbərnamə imzalanaraq bildiriş qəbul edilmişdir və bu imzaların məhz iddiaçıya məxsus olubolmaması önəm kəsb etmir, bildirişin ailə üzvləri tərəfindən də imza edilərək qəbul edilməsi mümkündür.

51. Digər tərəfdən isə qanunvericilikdə nəzərdə tutulmuşdur ki, bildirişin rəsmi qaydada verilməsindən deyil, onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

52. İddiaçı tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etməmiş, bununla da həmin tələblə razı olduğu nümayiş etdirmişdir. Öhdəliklə bağlı (əsas borc, faiz borcu və s.) mübahisə məhz həmin icraat çərçivəsində açıla bilər. Əks yanaşma mübahisənin uzun müddət davam etməsi ilə nəticələ bilər. 53.Hazırda borc məbləğini mübahisələndirməklə iddiaçı işi yubatmaq məqsədini güdür.

54. Göründüyü kimi icra qeydi verilərkən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilmişdir, icra qeydinin qanunsuz hesab edilməsi və ləğv edilməsinə əsas verən hər hansı hal müəyyən edilməmişdir. İddiaçının tələbi əsassızdır.

55. Belə olan halda hazırki iddia tələbinin formal xarakter daşıdığı müəyyən edilir.

56. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-766/2024 nörməli iş üzrə 09 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar